Gürcüstan qərarın icrasını Avropa Şurası Nazirlər Komitəsində davam etdirəcəyini deyir
Rusiya Osetiya müharibəsinə görə Gürcüstana 129 milyondan artıq təzminat ödəməlidir.
Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərar çıxarıb.
Məhkəmə 2021-ci il yanvarın 21-də “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası şikayəti üzrə də qərarını elan edib.
Gürcüstanın şikayəti 2008-ci ildəki Osetiya müharibəsi ilə bağlıdır.
1992-1993-cü illərdə Gürcüstan ordusu ilə Rusiyanın arxasında dayandığı Abxaziya arasında 13 aylıq müharibə olub.
Daha sonra 2008-ci ildə müharibə yenidən alovlanıb. Həmin vaxt Abxaziya və Şimali Osetiya müstəqilliklərini elan etmiş, Rusiya isə onların müstəqilliyini tanımışdı.
AİHM 2 il əvvəlki qərarında hadisələrin Rusiyanın yurisdiksiyasından kənarda baş verdiyi qənaətinə gəlmişdi.
Qeyd etmişdi ki, Rusiya qüvvələri prosesdə birbaşa iştirak etməsələr də, əsirlərlə davranışa görə cavabdehlik daşıyıblar.
Məhkəmə hesab edib ki, əsirlər Rusiyanın təsir dairəsində olub. Ancaq buna baxmayaraq, Rusiya qüvvələri meydanda olsalar da, işgəncələrə qarşı təsirli tədbirlər görməyiblər.
Konvensiyanın 2, 3, 5 və 8-ci maddələrinin və 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunu tanıyan AİHM həmin vaxt təzminatla bağlı qərarı başqa vaxta saxlamışdı.
İndi isə təzminatla bağlı qərarını da elan edib.
Qərara əsasən, Rusiya Gürcüstana 16 hərbi əsir – qurbanlara görə 640 min, 23 min Gürcüstan vətəndaşının didərgin salınmasına görə 115 milyon, 412 müharibə qurbanına görə 8 milyon 240 min, 116 nəfər mülki şəxs/qurbana görə 3 milyon 250 min, Sxinvalidə işgəncəyə məruz qalan 166 gürcü vətəndaşa dəymiş mənəvi ziyana görə 2 milyon 697 min 500, ümumilikdə, 129 milyon 827 min avro təzminat ödəməlidir.
Gürcüstanın Ədliyyə Nazirliyi qərarın icrasının Avropa Şurası Nazirlər Komitəsində davam etdiriləcəyini və Rusiya kompensasiyanı ödədikdən sonra pulların zərərçəkənlərə paylanacağını açıqlayıb.