Muratov Rusiya əleyhinə materialların yaradılması və yayılmasında günahlandırılır
Rusiya hökuməti sentyabrın 1-də jurnalist, Nobel Sülh mükafatı laureatı Dmitri Muratovu “xarici agent” siyahısına salıb.
Rusiya Ədliyyə Nazirliyinin yaydığı bəyanatda iddia olunub ki, Muratov “xarici agentlər” tərəfindən materialların yaradılması və yayılmasında iştirak edib.
O, həmçinin xarici platformalarda Rusiyanın xarici və daxili siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirlər yaymaqda ittiham edilir.
Xarici agentlərin reyestrinə daxil edilməsini şərh edən Dmitri Muratov: “Təəssüf ki, Bilik Günündə yeni heç nə öyrənmədim”, – deyib.
Dmitri Muratov 2021-ci il oktyabrın 9-da “İfadə azadlığını qorumaq cəhdlərinə görə” Nobel Sülh Mükafatına layiq görülüb.
O, 2022-ci il iyunun 1-də Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb, 103,5 milyon dollara sataraq, pulunu Ukrayna Qaçqınlar Fonduna ianə edib.
Muratov “Novaya qazeta”nın baş redaktorudur.
“Xarici agent” siyahısına həmçinin yumorist Ruslan Belıy, iqtisadçı Konstantin Sonin, jurnalist Denis Kataev, Sankt-Peterburq Qanunvericilik Məclisinin keçmiş deputatı Yevgeni Karpov və “Yeni Tuva” antimüharibə etnik hərəkatı də daxil edilib.
Rusiya hökumətinə görə, “xarici agent” xaricdən maliyyələşərək ölkənin siyasi fəaliyyətində, həmçinin bəzi məlumatların kütləvi informasiya vasitələrində yayılmasında və ya hərbi məlumatların toplanmasında iştirak edən şəxsdir.