Rusiya məktəbi bombalayıb, 60 nəfərin həlak olduğu bildirilir

Foto: “Telegram”

“Yanğın 4 saata yaxın davam edib”

Mayın 7-də Rusiya aviasiyasının Luqansk vilayətinin Beloqorivka şəhərindəki məktəbə endirdiyi hava hücumu nəticəsində 60 nəfər həlak olub.

Bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday öz “Telegram” hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, mayın 7-də saat 16:37-də Rusiya aviasiyasının zərbəsi nəticəsində Beloqorovkada, Mədəniyyət Evindən 300 metr kənarda yerləşən məktəb binasında yanğın baş verib.

“Yanğın dörd saata yaxın davam edib. 90 nəfər məktəbə sığınıb, 30-a yaxın insan dağıntılar altından xilas edilib. Çox güman ki, binaların dağıntıları altında qalan 60 nəfərin hamısı ölüb”, – Qayday deyib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəDünyaRusiya məktəbi bombalayıb, 60 nəfərin həlak olduğu bildirilir