Dağıntılar altında qalanların xilas edildiyi bildirilir
İyunun 26-da səhər Rusiya ordusu Ukrayna paytaxtının yaşayış məntəqələrinə raket zərbələri endirib.
Nəticədə Kiyevin şimal-qərb hissəsində ən azı dörd partlayış baş verib, nəticədə Şevçenko rayonunda binanın üç mərtəbəsi dağılıb.
Dağıntılar altından 4 nəfər, o cümlədən 7 yaşlı qız çıxarılıb. Bu barədə məlumat yayan Ukrayna Daxili İşlər Nazirliyi uşağın atasının dağıntılar altında öldüyünü bildirib.
Raketlərdən biri uşaq bağçasının ərazisində partlayıb.
Ukrayna silahlı qüvvələri Kiyevin Xəzər dənizindən buraxılan Rusiyanın ən son strateji X-101 qanadlı raketləri ilə vurulduğunu bildirib.
Eyni zamanda, Xarkov vilayəti atəşə tutulub, yaralılar var, bir qadın ölüb.
Məlumatı yerli hərbi administrasiya yayıb.
Moskva hələlik Kiyev və Xarkovda baş verən partlayışlarla bağlı məlumatı şərh etməyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.