Putin bununla bağlı fərman imzalayıb
Oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublikaları”nda, Zaporojya və Xerson vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.
“Mən Rusiyanın bu dörd subyektində (DNR, LNR, Zaporojye və Xerson vilayətləri) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. Sənəd Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək”, – Putin videokonfrans vasitəsilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında belə deyib.
V.Putin xatırladıb ki, bu ərazilərdə hələ Rusiyanın tərkibinə daxil olana qədər hərbi vəziyyət qüvvədə olub.
“İndi biz bu rejimi artıq Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik”, – Putin belə deyib.
Oktyabrın 18-dən etibarən Rusiya hökuməti Xerson limanı vasitəsilə vilayətin sakinlərinin köçürülməsinə başlayıb.
Xerson vilayətinə qubernator təyin olunan Volodimir Saldo bildirib ki, 50-60 min insanın Dnepr çayının sol sahilinə köçürülməsi planlaşdırılır. O əlavə edib ki, bu, altı gün ərzində gündə 10 min nəfərə bərabər olacaq.
Ukraynadakı Rusiya qüvvələrinin yeni komandiri Sergey Surovikin Xerson ətrafındakı vəziyyəti Ukraynanın hücumları qarşısında “çətin” adlandırıb.
Xatırlatma
Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Referendumda üç sual qoyulub:
“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.