“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Bu məsələ avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb. Konsulluq əməkdaşları iyulun 3-14 və 23-də Bakı İstintaq Təcridxanasında Rusiya vətəndaşları ilə görüşüblər. Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik razılıq verməyib. Güman edirik ki, razılıq alınacaq”.
Zaxarova həmçinin bildirib ki, iyunun 2-də Rusiya tərəfi tutulan vətəndaşların sağlamlıq vəziyyəti və onlara göstərilən tibbi yardım barədə məlumat istəyib. Onun sözlərinə görə, müraciətlərinə hələ ki, cavab verilməyib.
Moskva ilə Bakı arasında münasibətlərdə yeni gərginlik, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra baş verib.
Rusiya İstintaq Komitəsi onların 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllər və suiqəsd hadisələri ilə bağlı cinayət işlərində təqsirləndirilən şəxs olduqlarını bildirib.
Saxlanılan şəxslərdən ikisi vəfat edib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, onlardan birinin ölüm səbəbi ürək çatışmazlığı olub.
Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.
Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi bu ilin fevralında fəaliyyətinə son verilmiş “Sputnik Azərbaycan” media orqanında əməliyyat keçirib. Rusiya dövlətinə məxsus olan və “Rossiya Seqodnya” agentliyinin tərkib hissəsi sayılan bu qurumda keçirilən əməliyyat nəticəsində 7 nəfər saxlanılıb.
Onların ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan saxlanılanların ümumilikdə 13 nəfər olduğu bəlli olub.
Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.