Kreml tərəflərlə təması davam etdirdiyini deyir
Rusiya təmas xəttində baş verən qarşıdurmaya görə Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
Bu barədə mayın 11-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə bildirib.
Peskov tərəflərlə təmasların davam etdirildiyini deyib:
“Bilirsiniz ki, təmaslar davam edir, sözün əsl mənasında, mayın 9-da Vladimir Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca söhbət edib, azərbaycanlılarla da əlaqələr davam edir”.
“Rusiya öz funksiyalarını yerinə yetirməyə davam edəcək. Biz, əlbəttə ki, tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”, – deyə Peskov əlavə edib.
Bu gün Ermənistan və Azərbaycan sərhədində atəşkəsin pozulması nəticəsində tərəflər itki verib.
Bildirilir ki, Azərbaycanın bir əsgəri həlak olub, biri yaralanıb, Ermənistan tərəfdən isə 3 əsgər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 11-də yaydığı açıqlamada qeyd edib ki, sülh danışıqlarının intensivləşdiyi bir vaxtda baş verənlər Ermənistanın prosesində maraqlı olmadığını göstərir:
“Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.