Həyatımın iyirmi beş ilini itirdiyim, doğulub, böyüdüyüm qəsəbənin ən sevilən yeri çimərlik idi. Ötən əsrin əllinci illərində təməli qoyulan qəsəbənin ilk sakinləri ruslar, ermənilər və yəhudilər olmuşdu. Həmən dövr, yaxınlıqda sement zavodu tikiləndə, sovetlərin yüz yerindən gətirilmiş proletarlar sonradan burada ev-eşik salıb “internosional” bir məkan yaratmışdılar.
Sovet dağılanda rus, erməni, yəhudi əsilli sakinlər şələ-küləsin yığıb dağılışdılar. Onları Qarabağ müharibəsi nəticəsində köçkün düşmüş, evsiz-yurdsuz qalan, “qaçqın” dediyimiz soydaşlarımız əvəz elədi. O zamandan sonra qəsəbənin gəzməli-dincəlməli yeri olan çimərlik, gözəgörünməz sərhədlə iki yerə bölündü.
Çimərliyin birinci hissəsində məcburi köçkünlər, “qaçqınlar” çimirdilər. Kişilər alt paltarda, qadınlar “kombinasiya”da suya girirdilər. Uşaqlar dənizdə başların sabunlayırdı, qocalar ayaqların quma basdırırdılar. Qarpız, yemiş qabıqları, sallofanlar ətrafa səpələnmşdi. Ömründə dəniz görməyən, hələ üstəlik stress yaşamış, müharibə, ölüm görmüş əyalət insanının şəhər abu-havasına uyğunlaşması, yerli camaatla assimilyasiya etməsi tez bir zamanda baş verə bilməzdi.
İkinci hissə də isə yerli, “korennoy” camaat, köhnə qəsəbə əhli günəş vannaları qəbul edirdi. Qızlar kupalnikdə oğlanlarla voleybol oynayırdı. Cavan cütlüklər əllərində pivə, siqaret, yanlarında maqnitafon, rus estradasına qulaq asaraq qucaqlaşıb, öpüşürdülər.
SSRİ dünya xəritəsindən silindikdən sonra, MDB-nin artıq müstəqil olan ayrı-ayrı ölkələrində məskən salmış insanların, ata, ana, xala, nənə və babaları hələ də bu qəsəbədə yaşayırdı. Onlara adətən yay aylarında baş çəkməyə gələn qohumlar da həmin ikinci tərəfdə dincəlirdilər. Səbəbi aydın idi. Burada, çimərliyin bu hissəsində toplaşan insanlar rus dilində danışırdılar, rusdilli idilər. Yəqin elə bu səbəbdən, çimərliyin bu tərəfi, yerli sakinlər arasında “rasiyski plyaj”, yəni rus çimərliyi adını qazanmışdır.
Arada çimərliyin birinci hissəsindən gənc oğlanlar, orta yaşlı kişilər cürət edib “rasiski plyaj”-a keçirdilər. Onlar burada Rusiyadan, Ukraynadan, Belarusdan gəlmə sarımtıl, incə belli, əndamlı, qısa şortikli, çiyinləri günəş vannasından qızarmış qızlara baxdıqca, buranın oğlanlarına, kişilərinə həsəd aparırdılar.
Rus çimərliyinin oğlanları isə onlara yuxarıdan aşağı, əda ilə baxırdılar. İstehza edib, danışıq ləhçələrini, geyimlərini məsxərəyə qoyurdular. Sonra rus çimərliyində, “qıjı”, “çuşka”, “qaçqın” sözləri də eşidildi. Bir sözlərlə artıq parçalanma baş vermişdi. Və əsas səbəb, dil ünsürü idi.
Kim bölmüşdü bu çimərliyi iki yerə? Bunu heç kim bilmir. Açığı, mən düşünürdüm ki, böyüdükcə, zaman ötdükcə bir daha bu ayrı-seçkiliklə qarşılaşmıyacam. Lakin tələbə olduqdan sonra anladım ki, demə Bakı özü də “rasiyski pljay” bölgüsü ilə yaşayır. Hətta sən demə, bütün ölkəmiz, cəmiyyətimiz “rasiyski plyaj” sindromunun, düşüncəsinin, anlamının qurbanıdır.
Bu ərəfələrdə yaşanan Nigar Köçərli olayı cəmiyyətdə rezonans yaratdı. Nigar Köçərli kimdir? Nə işin sahibidir? Niyə statusların rus dilində yazır? Niyə kitabları baha satır? Niyə “Əli və Nino” kitab mağazalar şəbəkəsində servis axsayır? Niyə filan şeyi edir, bəhmən şeyi etmir? Bu suallara bu yazıda cavab axtarmaq, araşdırmaq fikrim yoxdur. Yazının mahiyyəti başqadır. Belə ki, özünüz google-də axtarış verib, hər şeyi öyrənə bilərsiniz. Bircə onu qeyd edim ki, Nigar xanım cəmiyyətimizin rusdilli dairəsində olduqca tanınan insandır. Ələlxusus da, Rus dilli ədəbi mühitin canlanmasında, aktivləşməsində, piar olumasında müstəsna əməyi var.
Di gəl ki, məlum məsələ ilə bağlı xanım Köçərlinin facebook-da yazdığı statusuna gələn şərhləri oxuduqca, bir daha, cəmiyyətimizin rusdilli təbəqəsi haqqında formalaşdırdığım fikrə sadiq qalacağımı dəqiqləşdirdim. Onlar, bu çevrə, bu ölkənin kirayəşinləridir. Bunu özləri də anlayırlar, dərk edirlər, təklikdə hətta qəbul edirlər. Vaxtı ilə bu mövzuda, zəmanəmizin mütəffəkiri, istedadlı yazıçı (bu sarkazm deyil) Əli Əkbər də yazmışdır. Bu səbəbdən məsələnin üstündə çox dayanmaq istəmirəm. Sadəcə, bəzi aspektləri sadalayacam.
İlk bunu qeyd etməyi zəruri görürəm ki, rus dilində danışmağa, oxumağa, düşünməyə qarşı heç bir etirazım, narazıçılığım yoxdur. Olmayıb və olmayacaq da. Tamamilə şovinizimdən, millətçilikdən, irqçilikdən uzaq bir insanam.
Çünki özüm də rus ədəbiyyatının, rus mədəniyyətinin məhsuluyam (bu cümləni Çəmənzəminlidən çırpışdırmışam). Lakin bu mənə insanları, yerləri, əraziləri, çimərlikləri belə yarıya bölməyə, vətəni, yaşadığım şəhəri kirayə ev sanmağa haqq qazandırmır.
Məlum statusa şərh yazanların əksəriyyəti Nigar xanıma dərhal, gözləmədən ölkədən qaçmağı məsləhət görürdülər. Əlbət ki, mən mühacirət etməyi qorxaqlıq sanmıram, qəbahət kimi qəbul etmirəm. Amma ki, bir var sənə və ailənə təcavüz ola, birdə var ki, polis üstünə çığıra. Sən də o saat, düşünmədən, etiraz etmədən, haqqını sormadan, məsələyə aydınlıq gətirmədən durub, çantanı yığırsan, doğulub, yaşadığın ölkəni qoyub, qaçırsan.
Elə isə onda gəlin, hamılıqla qaçaq. Bəs bu qədər insan, gənc, qadın, kişi öz həyatlarını türmələrdə, təcridxanalarda nə üçün çürüdür? Ona görə ki, gələcəkdə canı və qanı bahasına qurduğu, yaratdığı cümhuriyyətə sizlər sonradan, hazıra nazir gələsiniz? Əgər bu ölkədə haqsızlığa, qaniçənliyə, diktaturaya göz yumub, mumlayub, pıçıldıyaraq “mən siyasətə qarışmıram” deməklə yaxanızı kənara çəkəcəksinizsə….
Bu kütlənin, təbəqənin böyük əksəriyyətinin siyasi impotentliyi bəndənizə çoxdan məlumdur. Bunu bizlər Nardaran hadisələrində, NİDA-çıların məsələsində tam aydınlığı ilə görmüşük. Özlərini cəmiyyətin intellektual isteblişmenti, düşünən beyni, kübar qaymağı adlandıran rusdilli bloggerlərlərin çoxu məlum hadisələr zamanı, öz təbləri ilə desək, sakitcə dəsmala susurdular. Hansı ki, danışmağa, deməyə, yaymağa, bölüşməyə bacarıqları, potensialları və resursları var idi. Azından iki-üç min oxucu, izləyicisi olan rusdilli bloggerlər, elə Nigar Köçərli olayında da hakimiyyətə olan loyallığını bir daha göstərdilər.
Nigar Köçərlinin statusunu, sadəcə “Diqqət” yazıb, paylaşım edərək məsələnin üstündən ötüb keçdilər. Bəziləri heç paylaşma da etmədilər. Həmin vaxt kimisi musiqi, kimi xarici ölkədə yediyi, sifariş etdiyi yeməyi bölüşürdü. Bir sözlə, hər şey lal filmdə olduğu kimi gedirdi. Səsiz, səmirsiz, dinməzcə. Nigar xanıma, “kirayə ölkəni” tərk etməyi məsləhət bilirdilər. İsrarla təkid edirdilər. Bundan savayı heç nəyə cürətləri çatmır. Çünki, ötəri olsa belə, çoxayaqlı hakimiyyət Sprutunun əsiridirlər. “Osminoq”un əlindən qidalanırlar. İşlədikləri qlamur qəzet, jurnallar, internet saytları birbaşa yuxarıdan maliyyələşir.
Cəmiyyətimizin təbəqələrə bölündüyünə, ünsiyyətimizdə dil ünsürü olduğuna təssüff edirəm.
Özünə rusdilli deyib snobizmə yoluxan insanların əksəriyyətinin rişxəndlə “qıjı”, “çuşka” sözünü öz yerlilərinə qarşı işlədilməsinin dəfələrlə şahidi olmuşam. Hansı ki, yenə də, polis dəyənəyi yeyən, mitinqlərdə döyülən, təcridxanalarda əzilən, həbsə atılan sonda həmən “qıjı”, “çuşka” dedikləri insanlar olur. Əslində qlobal olmasa da, bu bir xəstəlikdir.
Beyinlərdə, şüurda, insanların psixologiyasında peyda olmuş xərçəng xəstəliyidir.
On ildən artıqdır ki, xarici şirkətlərdə çalışıram, azı dörd şirkət dəyişmişəm. Amma hələ də snobizm qoxuyan ofislərdə, nə üçün ingilis dilindən sonra, məhz rus dilində danışırlar sualına cavab tapa bilmirəm. Hətta təhlükəsizlik haqqında yığıncaqlarda, müşavirələrdə belə, otaqda oturanlar arasında xarici vətəndaş olmasa da, yenə də yığıncaq rus dilində aparılır. Kadrlar şöbəsi işə götürərkən ikinici dil kimi azərbaycan yox, rus dilini tələb edir. Xadimə qadınlar da rus dilində danışmaqa can atır, dəridən-qabıqdan çıxırlar.
Mövzunu bir az da genişləndirib Eduard Bağırov məsələsini də yada salmaq olar. Hakimiyyətin əlinə baxıb, orden, bağ evi, xidməti maşın və vəzifə alaraq, özünü psevdo-ziyalı, intellegensiya sayanların adın da çəkmək olar. Lakin buna enerjimi sərf etmək fikrim yoxdur. Ərinirəm.
Yazını sonunda bir hadisə yadıma düşdü. Amma bəri başdan xahiş edirəm, bunu “yıxılanı tapdalamaq”, “davadan sonra əl-qol atmaq” kimi sanmayın. Sadəcə, ilahi ədalət naminə yazıram.
On il bundan qabaq “Əli və Nino” Kitab Nəşrlər Evinə bir yazı göndərmişdim. Çap elətdirmək istəyirdim. O zaman gənc və ümidli idim. Nigar xanım yazımı “siyasi mədəniyyətsizlik” adlandırıb, çapa vermədi.
Göndərdiyim hekayədə qəhrəman, siyasi rejimi sərt tənqid edirdi. Açığı, təəsüfləndim, içimdə sanki nə isə sındı, qırıldı, qəm-qüssə, kədər məni basdı. Depressiyaya düşdüm. Ondan sonra bir xeyli yazmadım.
İndi ki, fürsətdi, yazacam. Düşünürəm, (ümid edirəm) Nigar xanım mənim bu yazımı oxuyacaq. Burdan üzümü ona tutub, xitab edirəm.
Çox hörmətli Nigar Köçərli, fələyin işinə baxın ki, mənim on il əvvəl tənqid etdiyim sistem, bu günlərdə, bilavasitə olmasa da, sizə qarşı mədəniyyətsizlik etmiş oldu.
Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…