”Rus Dünyası”nın sərhədində

Şərqi Ukraynada müharibə şəraitində homoseksuallıq

Source:


Şərqi Ukraynada müharibə şəraitində homoseksuallıq

Günorta hava küləkli idi və 23 yaşlı Luqansk Xalq Respublikasının özünümüdafiə qüvvələrinin könüllüsü Anfisa Glyuşenkun söhbətcil əhval-ruhiyyəsi var idi. Avtomobilimiz yanıb közə dönmüş yanacaqdoldurma məntəqələri, Şərqi Ukraynanın tərk edilmiş kəndləri önündən sürətlə ötərkən, o, yaşıl gözlərini yoldan ayırmır və qırmızı boyalı uzun dırnaqlarını kamuflaj şalvarı üstə büküb otururdu. Onun doğma Luqansk şəhərindən üsyançıların ələ keçirdiyi digər şəhərə – Donetskə tərəf hərəkət etdiyimiz zaman “Sonuncu dəfə nə vaxt don geyindiyim belə yadıma gəlmir” – deyə gürurla bildirdi.

2015-ci ilin apreli idi. Ölkənin şərq hissəsini viran qoyan Ukrayna höküməti ilə Rusiyanın dəstəklədiyi üsyançılar arasında döyüşlər artıq səngimişdi, lakin Anfisa üçün müharibənin sona çatmasına hələ çox var…

2014-cü ilin yazında münaqişə başlayan zaman Anfisa Kiyevdə tələbə idi. O, bütün dünyanı səyahət etməyi xəyal edirdi. Hətta Maydan meydanında keçirilən Avropayönümlü nümayişlərdə iştirak edən dostlarına qoşulmuşdu. Rusiya prezidenti Vladimir Putin Krımı ilhaq etdikdən və ölkənin şərqində rusyönümlü nümayişçilər peyda olandan sonra Anfisa şərqin sənaye mərkəzində ailəsini ziyarət etdi. Burada hər şey dəyişmişdi.

“Evə qayıdıb öz gözümlə nələrin baş verdiyini gördükdən sonra sanki gözümdən pərdə götürüldü. Hazırda düz yolda olduğumuza inanır və Qərbin bizə yedirtdiyi zəhərdən fərqli çıxış yolunun olduğunu da bilirəm” – deyir.

Nə kimi “zəhər”i nəzərdə tutduğunu soruşanda Anfisa gözlərini belə qırpmadan cavab verdi: “Həmcins evlilik”. Onun fikrincə, homoseksuallıq Qərb liberalizminin artığıdır və Qərbin yolunu azdığından xəbər verir.

Onun şövqlə bəhs etdiyi alternativ yol- “Russki Mir” (hərfi mənası “Rus Dünyası”) idi. Bu ifadə Kreml tərəfindən təbliğat məqsədilə istifadə edilir və Qərbin materialistik və individuallığı təbliğ edən dəyərlərindən daha üstün olan Rus mədəniyyəti mənasına gəlir. “Russki Mir” coğrafi anlayışdan kənardır. Bir müddət öncə şərqi Ukraynadakı üsyançılar hərəkatına təkan verən idealogiya 18-ci əsrdə “Novorossiya” adlanan, müasir Ukrayna və Moldovanın bir hissəsini özündə birləşdirən Rus İmperiyasının bərpası fikrinə gəlir.

“Russki Mir” Putinin izahında rusların və rusdilli millətlərin aid olduğu mədəniyyətdir, eyni zamanda istənilən dərrakəli şəxs ona qoşula bilər. 2014-cü ilin aprelində Putin hər il keçirilən və canlı yayımlanan ictimaiyyətlə telefon bağlantısı zamanı Qərb və Rusiya arasında mədəni boşluğun daha da artırılması haqqında söz açdı. Onun sözlərinə əsasən, Rus Dünyasına aid insanlar daha üstün və mədəni məxluqdurlar və hər zaman “özlərinin dünyada mənəvi rolları haqqında düşünürlər”.

O zamandan bəri Rusiya kütləvi informasiya vasitələri “Russkiy Mir” anlayışını pravoslav xristianlığın tərənnümü şəklində Qərb liberalizminə, ən əsası isə hər iki cəmiyyətin axırına çıxa biləcək homoseksuallığa qarşı dərman kimi təqdim edir.

Bu fikir Ukraynanı ələ keçirən üsyançı gənclər tərəfindən çox yaxşı qarşılandı. Donetsk Milli Universitetinin 20 yaşlı siyasi elmlər tələbəsi, Vadim Topalov deyir ki, o, tolerantlıq və ifadə azadlıqları kimi dəyərlərin yayılmasından narahatdır və onların post-sovet cəmiyyətləri üçün təhlükəli olduğunu düşünür.

“Mən tolerantlıq konsepsiyasını heç anlamıram” – deyərək, mənə bildirdi, daha sonra isə İosif Stalinin vaxtı ilə 100 minlərlə insanı Qulaqa sürgün etdiyinə haqq qazandıraraq dedi: “Əks təqdirdə müxalifət Sovet İttifaqının axırına çıxardı”.

Vadim özü Sovet İttifaqı dövründə yaşamasa da, Putin kimi o da ittifaqın dağılmağının faciə olduğuna inanır. Onun sözlərinə görə, cəmiyyətin daha da parçalanmasının qarşısını almaq prioritetdir və bu, birbaşa homoseksuallıqla bağlıdır.

“Homoseksuallıq Qərb ölkələrinin əlində cəmiyyətimizi parçalamaq üçün istifadə etdikləri siyasi alətə çevrilib. Bu, bizim mədəniyyətimizdə qəbuledilməzdir və tabu kimi də qalmalıdır. Bu haqda müzakirələrə başlasaq, cəmiyyəti parçalamış olacağıq” – deyərək, fikrini çatdırdı.

Ukraynada bir çoxu kimi Vadim də “Russki Mir” qurucularından olan Aleksandr Duginin işlərinin təsirinə məruz qalıb. Son vaxtlara qədər, Dugin Amerikanın məhvi və bütün rusdilli torpaqların birləşdirilməsi vasitəsilə Rusiya imperiyasının bərqərar edilməsini arzulayan siyasi elmlər üzrə alim idi.

Bu gün artıq Duginin nəzəriyyələri Rusiya siyasətinin tərkib hissəsinə çevrilib. O, hətta ölkə daxilində rəğbətlə qarşılanan Krımın ilhaqı fikrinin arxasında duran Putinin məsləhətçisi kimi də tanınır (Dugin həmçinin Şərqi Ukraynadakı üsyançılara da məsləhət verməklə məşğul olub). O, tez-tez Qərbin istehlakçı mədəniyyətini və mənəviyyatsızlığını pisləyib. Lakin Dugindən müsahibə almaq arzusunda olduğumu telefon bağlantısı zamanı həyat yoldaşı və katibi Nataliya Makeyevaya bildirdikdə, əri ilə söhbət etməyə tələbatın kəskin artdığını və onun daha pulsuz müsahibə vermədiyini söylədi. O, 500 avro qarşılığında “Russki Mir” haqqında müsahibə verməyə məmnuniyyətlə razı olardı.

Lakin belə görünür ki, Duginə olan təlabat artıq azalır. Son aylar ərzində sanksiyalar altında əzilən Kreml Ukraynanın daxili siyasətinə daha az qarışdığından “Novorossiya” və “Russki Mir” ətrafında ictimai müzakirələr də səngiyib.

Ancaq bu cərəyanın təməli olan ənənəçi fikirlər bütün dünyada Kremlin dəstəyi ilə onlarla qeyri-hökumət təşkilatları tərəfindən aşılanır. Necə ki, ABŞ tərəfindən maliyyələşən təşkilatlar Amerikanın demokratik dəyərlərini təbliğ edən təşəbbüsləri açıq şəkildə dəstəkləyir, elecə də Rusiya özünə uyğun “Ailə Dəyərlərini” təşviq edir. Qafqazdan Baltikyanı ərazilərə qədər bu qruplar sözügedən cəmiyyətlərin mühafizəkar təbəqəsini hədəfləyir və Qərbin pozğun təsirindən, xüsusilə də, homoseksuallıqdan müdafiə təklif edir. Belə görünür ki, planları baş tutur.

Bu, sözsüz ki, 2013-cü ildə anti-korrupsiyaya etiraz dalğaları başlayanda Kremlin təsirindən ciddi təhlükə ilə üzləşən Ukraynada baş tutdu. Baxmayaraq ki, etirazçılar hökuməti devirməklə uğur əldə etdilər, yenə də onların islahatlar gündəliyi mədəniyyətlərin toqquşması müzakirələri ilə boğuldu. Bu süjet xətti başqa vaxt Avropayönümlü etirazçılarla ortaq dəyərləri paylaşacağı halda Anfisa kimi insanlara xoş gəldi. Belə ki, mənfi obraz Ukraynanın satqın siyasi elitasına deyil, öz dəyərlərini aşılamağa çalışan Qərbə aid edildi. Əgər kiminsə bu dəyərlərin nə olduğu haqqında şübhəsi var idisə, Rusiya telekanalları iki söz birləşməsindən ibarət yeni termini daim istifadə edirdi: “Gayropa”.

“Gayropa” fikri şərqi Ukrayna camaatının həyat tərzlərinin və dəyərlərinin təhlükə altında olması qorxularına bir meydan yaratmışdı.

Kiyevdə yeni seçilmiş hökumət də Şərqi Ukraynada rus dilini rəsmi dil kimi tanıyan qanunu ləğv etmək qərarına gəldikdə, bu qorxuların daha da artmasına şərait yaratdı. Qanuna dəyişikliyin qəbul edilməməsinə baxmayaraq, Rusiya kütləvi informasiya vasitələri bunu rus dilinin qadağası və rusdilli əhaliyə qarşı təzyiqlər kimi qələmə verirdi. Minlərlə insan yerli idarəetmə binalarını ələ keçirərək, küçələrə çıxdı, Rusiya və Putinə sadiq olduqlarını bəyan etdi. Onların dediyinə görə, qadağa Amerika ekspansionizminin, xüsusilə də homoseksuallığın yayılması ilə nəticilənəcək ilk addım idi. 2014-cü ilin aprel ayında Luqansk etirazçılarından biri mənə “homoseksuallar Avropadan bura gəlir” – dedi. – “Onlar sizi başqa qadınlarla yatmağa məcbur edəcək. Siz bunu istəyirsiniz?”

“Russki Mir” yalnız konspirasiya və homofobiyadan ibarət deyil. Bu ideologiyanin tərəfdarları onun həqiqətən də Avropa dəyərlərindən tam və fundamental şəkildə fərqli olduğuna inanırlar. Üsyançı liderlərdən və qondarma Donetsk Xalq Respublikasının təsisçilərindən biri Andrey Purginin sözlərinə görə, rus və Qərbi sivilizasiyalar arasında əsas fərq onların ədalət anlıyışına yanaşmasıdır. O deyir: “Latın ənənəsi qanunun aliliyinə, rus mədəniyyətinin əsasını təşkil edən Bizans ənənəsi isə daha çox nəyin ədalətli göründüyünə əsaslanır”.

Avropada baş verən çaxnaşmalar, o cümlədən mühafizəkar sağçıların təsirinin artması onu göstərir ki, Qərbin çürük individualizm dəyərlərinin ağırlığı altında çökməsi yalnız və yalnız vaxt məsələsidir.

Biz söhbətimizi onun Stalin və Putinin şəkilləri əhatəsində, Donetskdəki ofisində apardıq.

“Prezident Putin çox fərqli insandır və o, dünyanın bütün ənənəçilərinin ümididir. Dünya çox sürətlə dəyişir və bizim hər birimizin dəyişməz dəyərlərə ehtiyacı var. Prezident Putin dəyişməzdir” – dedi.

Mənbə: http://codastory.com/lgbt-crisis/frontiers-of-the-russian-world

Ana səhifəXəbərlər”Rus Dünyası”nın sərhədində