Rus dilində danışan Azərbaycan

İmitasiya xatirinə Azərbaycan hakimiyyətini ara-sıra tənqid edən “iqtidarın müxalifət mətbuatı” Putin və onun ölkəsi barədə tənqidə imkan vermir. Sanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər

Source:


İmitasiya xatirinə Azərbaycan hakimiyyətini ara-sıra tənqid edən “iqtidarın müxalifət mətbuatı” Putin və onun ölkəsi barədə tənqidə imkan vermir. Sanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər

Cəbhədə yenə də atəşkəs pozulub.  Rəsmi məlumatlara görə, Ermənistan son günlər xeyli insan tələfatı verib.

Tərəflər savaş təbilləri çalmaqdadır. Kənardan görünən budur ki, hər an savaş başlaya bilər. Lakin bütün bunlara yalnız və yalnız siyasət barədə səthi məlumatı olanlar inana bilərlər. Hər iki ölkənin korrupsiyaya uğramış hakimiyyətləri üçün savaşa başlamaq böyük riskdir. Bu, yeni problemlərlə yanaşı maliyyə itkisidir. Nə  rəsmi Bakı, nə də İrəvan belə bir riski göz önünə ala bilməz.

İqtidar belə bir rəy formalaşdırmaq istəyir ki, Azərbaycanla Rusiya ortaq məxrəcə gəlmək üzrədir. Azərbaycan  hərbi əməliyyatlara başlayaraq, bir neçə rayonu geri qayta bilər.  Əvəzində Azərbaycan Rusiyanın şərtlərini qəbul etməlidir.

Lakin bütün bunlar, xüsusən də savaş variantı ciddi səslənmir. Rusiya indiki “nə hərb, nə sülh” vəziyyətini  mümkün olduğu qədər uzatmaqda maraqlıdır. Müharibə məsələsini Azərbaycan da daxil olmaqla siyasi məqsədlər üçün hər tərəf istifadə edir. Digər tərəfdən, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu, Rusiya üçün göydəndüşmə olardı. Belə ki, ruslar öz forpostu olan Ermənistanı daha açıq şəkildə müdafiə edə bilərdilər. Bu, yeni ərazilərin işğalı anlamına gəlir. Azərbaycan tərəfin hərbi ritorikasına baxmayaraq, heç bir halda Rusiya ordusuna qarşı duruş gətirmək mümkün deyil. Rusiya isə Azərbaycanı əzmək arzusundadır. Savaş başlayarsa, Rusiya qısa bir müddətə Azərbaycan ərazilərini işğal edə, Bakını çıxılmaz duruma sala bilərdi.

Elə Qərb ölkələri də savaş variantını istisna edirlər. Rəsmi Bakı Qarabağda hərbi əməliyyatlara başlayarsa, Azərbaycanın savaş cəhdini əksər ölkələr təcavüz adlandıra bilər. Qarabağın separatçılardan təmizlənməsi hətta etnik təmizlənmə kimi də dəyərləndirilə bilər. Qərb öz torpaqlarını hərbi yolla azad etmək istəyən Azərbaycanın cəzalandırılmasını da tələb edə bilər. Bunu İrəvanda da anlayırlar. Odur ki, Ermənistan Azərbaycanın müharibə təhdidinə ciddi baxmır. Düşünmək lazım deyil ki, İrəvanın qüvvələr nisbətindən xəbərləri yoxdur. Bizim təhdidlərimiz onlar tərəfindən ciddi qəbul olunmur və onları panikaya təhrik etmir.

Burada söhbət daha çox Rusiyadan gedir. Rusiya isə dəfələrlə göstərib ki, o, istədiyi halda heç bir müqaviləyə əsaslanmadan öz hərbi qüvvələrindən istifadə edə bilər. Bu baxımdan, savaş başlayarsa, ruslar Azərbaycana hərbi müdaxilə də edə bilər. Bütün bunlar açıq – aydın sezilən həqiqətlərdir. Belə olan təqdirdə, rəsmi Bakının hərbi ritorikasının nəyə xidmət etdiyini anlamaq lazım gəlir.

Qərbə qarşı aqressiya nümayiş etdirən rəsmi Bakı tədricən Rusiyanın çətiri altına addımlayır. Bunu geosiyasi manevr hesab etmək, şimal qonşusunun təhdidlərindən yayınmaq cəhdi kimi də dəyərləndirmək olardı. Lakin demokratik düşərgənin və vətəndaş cəmiyyətinin tamamilə dağıdılması, Kremlə uzanan əllər prosesin sadə olmadığını deməyə əsas verir. Ən acınacaqlısı isə odur ki, hakimiyyətin nəzarətində olan (iqtidar və yaxud müstəqil adlandırılan) mətbu orqanlarda Rusiya prezidenti Vladimir Putini tənqid etmək qadağan edilib. Nə Rusiyanın strateji maraqlarına, nə də ki Putin siyasətinə xələl gətirə biləcək materialların dərcinə imkan verilmir.

İmitasiya xatirinə Azərbaycan hakimiyyətini ara-sıra tənqid edən “iqtidarın müxalifət mətbuatı” Putin və onun ölkəsi barədə tənqidə imkan vermir. Sanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər. Əgər belədirsə, o təqdirdə ölkəni daha faciəli perspektiv gözləyə bilər. Belə davam etsə, bir qrup məmurun “xilaskar Rusiya”ya müraciətini də müşahidə edə bilərik.

Bakı Qərblə münasibətlərini korlamaqda israrlıdır. Azərbaycan hakimiyyətinə islahatlar üçün verilən vaxt da artıq bitib.

Düzdür, Azərbaycan demokratiyası zaman-zaman Qərbin dəstəyi ilə zərbələr alıb. Qərb Azərbaycan demokratiyasını avtoritar rejimlə təkbaşına buraxıb. Lakin məhz Qərbin mövcudluğu Azərbaycanı Şimali Koreyaya çevirməkdən xilas edib. Rəsmi Bakının beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklər olmasaydı, vəziyyət daha qəliz ola bilərdi.

Görünən budur ki, Bakı Qərbdən çəkinmir. Onu geosiyasi üstünlüyünə görə şantaj edə bilir. Lakin Putin qarşısında Azərbaycan hakimiyyəti daha zəif görünür. Bunu gözəl anlayan Putin də Azərbaycanla “sərt dildə” danışmağa üstünlük verir.

Bir sözlə, ölkədə “şimal küləkləri” indi daha bərk əsir və hər an qasırğa qopması ehtimalı mövcuddur. Qasırğanın hansı fəlakətləri gətirəcəyini isə ehtimal etmək o qədər də çətin deyil. Əminliklə vurğulamaq olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. Bu təhdidlər rəsmi Bakını qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etməyə yönələcək. Rusiya faktiki olaraq  müstəqil ölkəni işğal ilə hədələyir. Kənardan görünən isə budur ki, Azərbaycan hakimiyyəti Kreml qarşısında geri çəkilməyə hazırlaşır. Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətində  baş verən dəyişikliklər ciddi təhlilə ehtiyacı yaradır. Heç də təsadüfi hesab oluna bilməz ki, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib. Artıq onlar hakimiyyəti də Rusiyapərəst xətt yeritməyə vadar edirlər. Belə getsə, Azərbaycan yenidən rus dilində danışan ölkəyə çevriləcək…

Ana səhifəXəbərlərRus dilində danışan Azərbaycan