Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərova təzyiqlər davam edir
Bunu “Turan”-a keçmiş müstəntiqin atası Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, Kürdəxanı təcridxansında Rüfətə qarşı psixoloji və mənəvi təzyiqlər indi də cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində davam edir.
Ata deyir ki, müəssisənin zabitlərindən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib, bu, azmış kimi, müəssisə rəhbərliyi Rüfətə qarşı tədbir də görüb: “Onlar Rüfətə qarşı qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün qabaqdangəlmişlik edərək, Rüfəti daxili müəssisənin nizam-intizam qaydalarını pozmaqda təqsili bilərək töhmət elan ediblər”.
E.Sabiroğlu deyir ki, problem bununla bitmir, belə ki, Rüfətə qarşı psixoloji-mənəvi təzyiqlər davam edir: “Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”.
Eldar Sabiroğlu ailəvi olaraq bu ölkədə yaşayıb-yaşamamaq sualı ilə üzbəüz qaldıqlarını bildirib.
R.Səfərov 2015-ci il dekbarın 20-nə kimi Zərdab rayon prokurorluğunun müstəntiqi olub, dekabrın 20-də hüquq-mühafizə orqanlarındakı qanunsuzluqlara etiraz olaraq bəyanatla bu sistemdən çıxdığını bildirib.
2015-ci il dekabrın sonlarında barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib və 9 il müddətinə azadlıqdan məhrum edilib.
Atasınlın sözlərinə görə, Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış residivist salınmışdı.
R.Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə YAP-dan deputat seçilib, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olub.