Rüfət Səfərov: ”Ölüm aclığına başlayıb-başlamayacağım barədə qərar verəcəm”

Keçmiş müstəntiq: “Cinayət işinin açılmasına hazıram”

Source:


Keçmiş müstəntiq: “Cinayət işinin açılmasına hazıram”

Sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Rüfət Səfərov  “Amerikanın səsi”nə müsahibəsində dünəndən  aclığa başladığını bildirib.

“İnid özümü çox pis hiss edirəm. Hərarətim və təzyiqim yüksəkdir”, – o qeyd edib.

O bildirib ki, baş prokurora istefa ərizəsi ilə müraciət edib: “Ərizəmdə iki başlıca amilə üstünlük verdim. Birinci, ümumi şəkildə fikrimi izah etdim ki, ölkədə tüğyan edən kütləvi  hüquqsuzluq. Bu, mənim üçün qərar verməkdə başlıca rol oynadı. İkinci, köməkçi və hərəkətverici qüvvə isə son zamanlar atama qarşı edilən haqsız hücumlar, təhqirlər, alçaldıcı müdaxilələr, çox pis söyüşlərlə alçaldılması və başqa hərəkətlər məni  belə qərara gəlməyə məcbur etdi”.

O, hazırda Zərdabda olduğunu deyib: “Baxmayaraq ki, fiziki durumum yerində deyil, amma Həsən bəy Zərdabinin vətənində mənəvi cəhətdən özümü çox xoşbəxt hiss edirəm”.

R.Səfərov dünən saat 23:00-dan aclığa başladığını bildirib: “Dünən Baş Prokurorluğun ayrı-ayrı idarələrinin 3 əməkdaşı xidməti kabinetimə daxil oldu. Mənə cənab baş prokurorun əmrini elan etdilər. Əmrdə təxminən belə yazılmışdı ki, mənim tərzim prokurorluq orqanlarında fəaliyyət göstərən müstəntiq və prokuror hərəkətləri ilə üst-üstə düşmür. Müəyyən mənada belə desək, mən prokurorluğa ləkəyəm”.

R.Səfərovun sözlərinə görə, şəxsi komputerini götürüblər, mobil telefonundakı zənglər və SMS-lərə baxış keçiriblər. “Mən axtarış üçün rəsmi sənəd, məhkəmə qərarı tələb etdim. Hər hansı sənəd təqdim edilmədi. Əksinə dedilər ki, rəhbərlik belə göstəriş verib”, – o bildirib.

Onun sözlərinə görə, kirayədə yaşadığı mənzildə axtarış aparıblar. “Otaqlara baxdılar. Hətta yataq otağımda axtarış apardılar, döşəkləri qaldırdılar. Heç nə tapılmadı, getdilər”, – o qeyd edib.

R.Səfərov bu hadisələrdən sonra sakit formada, aclıq etməklə etirazını bildirir: “Cənab baş prokurora 3-4 sualdan ibarət müraciət yazacam. O suallara cavabdan asılı olaraq ölüm aclığına başlayıb-başlamayacağım barədə qərara verəcəm”.

Keçmiş müstəntiq barəsində cinayət işinin başlayıb-başlanmayacağını bilmir: “Buna hazıram. Nə başlayacaqlar mənim üçün maraqlı deyil”.

O, ölkə prezidentinin onun müraciətinə reaksiya verəcəyinə inanır. “Cəmiyyətə isə təşəkkür edirəm. Heç inana bilməzdim ki, bu səviyyədə mənə dəstək versinlər, vallah”, – R.Səfərov qeyd edib.

Öz növbəsində Baş Prokurorluğun mətbuat xidməti  bildirib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

“İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”, – mətbuat xidməti qeyd edib.

Ana səhifəXəbərlərRüfət Səfərov: ”Ölüm aclığına başlayıb-başlamayacağım barədə qərar verəcəm”