Rüfət Aslanlı: ”Beynəlxalq Bank bank sektoruna təhdiddir”

”Gələcəkdə hətta ААА reytinqli xarici bank ABB-nin sahibi olsa, o, bank sektoruna ziyan verməyəcək həcmdə qalmalıdır”

Source:


”Gələcəkdə hətta ААА reytinqli xarici bank ABB-nin sahibi olsa, o, bank sektoruna ziyan verməyəcək həcmdə qalmalıdır”

“Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq”.

“Turan” yazır ki, noyabrın 24-ü Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən bank forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı belə deyib.

Onun bildirməsinə görə, bu bank dövlətin olduğundan Palata Maliyyə Nazirliyi ilə sıx əlaqə saxlayır.

O deyib ki, Palatanın məqsədi bankın idarə edilən həcmə çatdırılmasıdır.

“Sektorun 40 faizinə malik olan bankın bazarda qalmasını təhdid hesab edirik. Bu, bank sektoruna təhdid yaratmayacaq səviyyəyə çatmalıdır”, – deyə R.Aslanlı qeyd edib.

“Gələcəkdə hətta ААА reytinqli xarici bank ABB-nin sahibi olsa, o, bank sektoruna ziyan verməyəcək həcmdə qalmalıdır. Bununla bağlı hökumət və bank menecmenti ilə konsensusa gəlmişik”, – deyə Aslanlı bildirib.

Azərbaycanın bank bazarının 40 faizinə nəzarət edən Beynəlxalq Bank ətrafında söz-söhbət keçən ilin martında – İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasından bəri başlanıb.

2015-ci ilin mayından bankda aşkarlanan kredit mənimsəmələri ilə bağlı C.Hacıyev və bir çox iş adamı həbs olunub. Bu ilin mayında tutulanların çoxu azad olunub. C.Hacıyevin özü 15 il həbs cəzası alıb.

Beynəlxalq Bankın səhmlərinin 51 faizi Azərbaycan dövlətinə aiddir.

Mərkəzi Bankın 2015-ci il fəaliyyət hesabatında qeyd edilirdi ki, Beynəlxalq Bankı xilas etməkdən ötrü dövlət büdcəsindən 3 milyard manat borc ayrılıb. Həmin borcun 2045-ci ilədək qaytarılması nəzərdə tutulur.

Hesabatda həmçinin, borcun 2.5 milyardının artıq 2015-ci ildə götürüldüyü, yerdə qalan 500 milyon manatın isə, 2016-cı ildə alınacağı qeyd olunur. Borc illik 0.15 faizlə cəlb edilib.

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823.6 milyon manatlıq zərərlə başa vurub. Bank 2014-cü ili 14 milyon 363 min manat mənfəətlə başa vurmuşdu.

Bankın 10 milyard manatlıq problemli aktivlərinin “Aqrarkredit”ə transfer olunduğu bildirilir.

Bəzi müstəqil ekspertlər hesab edir ki, ABB dövlət hesabına sağlamlaşdırılacaq. Daha sonra onu hakimiyyətə yaxın şəxslər özəlləşdirəcəklər. Belə fikirlərə hökumət rəsmilərindən, hələlik, hər hansı münasibət bildirilməyib.

Ana səhifəXəbərlərRüfət Aslanlı: ”Beynəlxalq Bank bank sektoruna təhdiddir”