”Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib”
“2016-cı il üzrə xarici ticarət statistikasında idxalda təxminən 700 mln. dollar (7.6%) azalma var. İdxaldakı azalma əsasən dövlət sektoru ilə bağlı olub – bu sektor üzrə idxalın həcmi 300 mln. dollar ixtisara düşüb”.
Bu barədə iqtisadçı Rövşən Ağayev
“Facebook”
səhifəsində yazıb.
İqtisadçı idxalla bağlı diqqətçəkən məqamın minik avtomobillərinin idxalıının 4.5 dəfəyədək azalmasını, təxminən 23.8 min ədəddən 5 min ədədə enməsini xüsusi vurğulayıb.
Rövşən Ağayev ixracın daha çox azaldığını – təxminən 2.3 mlrd. dollar (20%) səviyyəsində olduğunu qeyd edib
“İlin yekununa görə, xarici ticarət balansında 610 mln. USD profisit yaranıb. Bu 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə nefti qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. USD-yə enmişdi. Qeyri-neft ixracı 1.258 mlrd. USD olub – ümumi ixracın 13.7%-i. Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb. Bu statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür”,-Ağayev belə yazıb.
Onun sözlərinə görə, uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı.
“Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin”,-deyə iqtisadçı fikrini yekunlaşdırıb.