“Hüquq-mühafizə orqanlarının büdcədənkənar gəlirləri 2014-lə müqayisədə azaldılacaq”
İqtisadçı ekspert Rövşən Ağayev 2015-ci ilin dövlət büdcəsi haqqında növbəti analizini təqim edib. R.Ağayevin hesablamalarına əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 18 mənbədən (vergi və qeyri-vergi mənbələri) formalaşacaq: “Ən diqqətçəkən məqam odur ki, bu mənbələrin 3-ü (Neft Fondunun transfertləri, mənfəət vergisi və ƏDV) hesabına büdcə gəlirlərinin 82.5%-i formalaşacaq (2014-də həmin göstərici 80% olub). Yerdə qalan mənbələr büdcə gəlirlərinin 17.5%-ni təmin edəcək. Bu fakt onu göstərir ki, “ölü mənbələr”i diriltmək lazımdır.
Xüsusilə də müəssisələrin torpaq vergisi və əmlak vergisi, dövlət mülkiyyətinin icarəsi, ölkədə istehsal olunan qeyri-neft məhsulları (tütün, spirtli içkilər) üçün aksiz vergisi, qeyri-neft məhsulları (filiz və qeyri-filiz faydalı qazıntıları, mineral sular) üçün mədən vergisi kimi mənbələrin böyük potensialı var. Amma bu mənbələrdən büdcəyə 2014-də cəmi 210 milyon manat vəsait daxil olacağı gözlənilir. Təsəvvür edin, dövlətin ehtiyat fondu kimi istifadəyə və icarəyə verdiyi az qala 1.5 milyon hektar torpaq fondu var, amma büdcəyə bu mənbədən cəmi 9.6 milyon manat yığım gözlənir”.
Ekspertin fikrincə, büdcə gəlirləri ilə bağlı maraqlı məsələlərdən biri də bəzi gəlir mənbələri üzrə gəlirlərin 2014-lə müqayisədə azalmasıdır: “ Belə ki, dövlət rüsumunun 8 milyon manat azalması gözlənilir. Bunun səbəbi belə izah edilir ki, ASAN xidmətin faəliyyəti genişləndiyi üçün toplanan vəsaitdən büdcəyə ödənilmədən bilavasitə quruma çatan 30%-lik hissənin həcmi daha da artacaq.
Lakin büdcə təşkilatlarının büdcədənkənar gəlirlərində 25%-lik (100 milyon manat) azalma ilə bağlı büdcə sənədində hökumət hər hansı izahata lüzum görməyib”
R.Ağayev bildirir ki, hüquq-mühafizə orqanlarının büdcədənkənar gəlirləri 2014-lə müqayisədə 174.9 milyon manatdan 101.5 milyon manata endirilir: “Məsələn, bu gəlirlərin bir hissəsi yol polisinin yazdığı cərimələr, nəqliyyat vasitələrinin təxliyyəsi və dayanacaqda saxlanması ilə bağlı xidmət haqları hesabına formalaşır. Hökumətin nə cərimələri, nə də xidmət haqlarını azaldacağı ağlabatan görünmür. Mümkündür ki, ASAN xidmətdə olduğu kimi hüquq-mühafizə orqanlarının büdcədənkənar gəlirlərinin daha bir hissəsi büdcəyə yönlədilmədən onların özlərində saxlanılsın”.
“Dövlət təhsil müəssisələrinin xidmət haqlarına görə büdcədənkənar gəlirləri 2 dəfədən çox azalaraq, 46.5 milyon manatdan 22.3 milyon manata enəcək”,-deyə, iqtisadçı analizini yekunlaşdırıb.