Rövşən Ağayev: Neft bitməmiş layihələr iflasa uğradı

”Vəsait çox xərclənsə də, işlərin keyfiyyətinə nəzarət olunmadı”

Source:


”Vəsait çox xərclənsə də, işlərin keyfiyyətinə nəzarət olunmadı”


“Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib”.

Bunu baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Kabinetinin 44-cü sessiyasında çıxışı zamanı bildirib.

Abid Şərifov
Abid Şərifov

“Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir. Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib”, – deyə A. Şərifov bildirib (APA).

Meydan TV-nin hazırki nəqliyyat infrastrukturunun 25 milyard dollara adekvat olması barədə sualını iqtisadçı Rövşən Ağayev cavablandırıb.

İqtisadçı hesab edir ki, mövcud vəziyyətdə dəmiryolu və avtomobil yolları qiymətləndirilə bilər: “Nəzərə alın ki, yük və sərnişin daşımalarında əsas pay ikisinə məxsusdur, 90 faizə qədəri bunların üzərinə düşür, üstəlik avtomobil nəqliyyatından hər gün istifadə olunur. 25 milyard isə kifayət qədər böyük vəsaitdir, avtomobil yollarıyla bağlı görülən işlərə baxdıqda, ölkənin cənub, şimal və Beyləqan rayonuna qədər gedən hissəsində son 15-20 ildə xeyli işlər görüldü. Ancaq vəsait çox xərclənsə də, işlərin keyfiyyətinə nəzarət olunmadı. Məsələn, Bakı-Quba beton yolu 30 il üçün nəzərdə tutulmuşdu, amma çox təəssüf ki, 3 il sonra yol dağıldı, yenidən təmirə dayandı. İkinci, Gəncə istiqamətindəki yol. Təmir Hacıqabuldan başlayır. 2005-06-cı illərdə başladılar, əvvəl ikizolaqlı, sonra dördzolaqlı etdilər, növbəti hissəni çəkəndə birinci ikizolaqlı dağıldı və 5-6 il davam gətirmədi. Eyni qaydada Şamaxı yolu. Əvvəl ikizolaqlı çəkmişdilər, sonra daha ikizolaq çəkdilər, o yol da dağıldı. Əslində, qoyulan vəsait bu yolların postneft dövrünə hesablandığını göstərirdi, 2010-cu ildə istifadəyə verilən yol 2040-ci ilə qədər davam gətirməliydi. Başqa bir misal, Beyləqan yolu sovet dövründə 1982-83-cü illərdə çəkilib, artıq 40 ildir. Belə çıxır ki, SSRİ zamanı daha keyfiyyətli yol çəkilib. Halbuki, indiki texnologiya o zamankından qat-qat üstün idi”.

Rövşən Ağayev

Rövşən Ağayev sovet dövründə çəkilmiş yolların yenilənməsindən təəssüflənir: “Ancaq bizə sürət yolları lazımdır. Məsələn, Bakıdan çıxıb Füzuli istiqamətində gedirsiniz, Saatlı-Sabirabadda magistral yolda sürət 60-dan yuxarı deyil. Təxminən 300-400 kilometrlik yolun 100 kilometrə qədəri yaşayış məntəqələrindən keçir və 60 sürətlə. Halbuki, magistral yol salınanda önəmli məsələlərdən biri ondan ibarət idi ki, sərnişin və yükün yolda qalma müddəti azalsın. Yəni biri var mənzilə 5 saata gedib çatasan, biri də var 3 saata, həm zaman itirilir, həm də yanacaq. Yaxşı olardı ki, yaşayış məntəqələrindən keçən yollarda keçid salardılar, ya da ətrafında qoruyucu hasarlar çəkərdilər. Oxşar durum dəmiryollarındadır. Düzdür, müəyyən vəsait qoyuldu, amma Bakıdan Gəncəyə qatar 14 saata gedir. Deməli, dəmiryolunda da sürətli qatar sistemini yarada bilmədik. Bütün hallarda vəsaitlərin səmərəli xərclənmədiyinə təəssüflənə bilərik. Bu layihələr postneft dövrünə hazırlansa da, neft qurtarmamış layihələrin bir çoxu iflasa uğradı”.

Ana səhifəXəbərlərRövşən Ağayev: Neft bitməmiş layihələr iflasa uğradı