”Azərbaycanın hansı valyutayla əməliyyat aparmasından asılı olmayaraq, onların taleyini dollar müəyyənləşdirir”
“Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılmasına dair danışıqlar aparılmayıb”.
“APA-Economics”-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir gələcəkdə bu məsələ ətrafında Türkiyə tərəfi ilə danışıqların aparılmasını istisna etməyib.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci isə sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iqtisadi qurumlara müvafiq təlimatlar verib:
“Artıq önəmli bir nöqtəyə gəlinib. Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Lazım olarsa, bu imtiyazlar sıfıra səviyyəsinədək enməlidir. Hazırda ticarət dövriyyəmiz 3,5 milyard dollar civarındadır, bu göstəricini 10-15 milyard dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitin baş tutması hədəflənir. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu sadəcə Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir ki, onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranı qeyd etmək olar. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Bir daha xatırladıram ki, bununla bağlı həm Türkiyə, həm Azərbaycan prezidentinin müvafiq təlimatı var. Bu təlimatlara uyğun olaraq, hər iki ölkənin iqtisadiyyat nazirlikləri və mərkəzi bankları zəruri işlər həyata keçirəcək”.
Türkiyəli nazir əlavə edib ki, ticarət dövriyyəsinin strukturunu nəzərə alaraq, hesablaşmaların tam olaraq milli valyutaya keçirilməsi qarşıda duran hədəf deyil.
Yaranmış durumu Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, bu məsələnin yalnız Azərbaycan üçün faydalı olub-olmaması müzakirə edilə bilər:
” Əgər iki ölkə ticarət əməliyyatlarını milli valyuta əsasında apardıqları barədə qərar versə, prinsipcə, bu, mümkündür. Ümumiyyətlə, mümkün olmayan heç nə yoxdur, müqavilə bağlanacaqsa, idxal-ixrac şərtləri əməliyyatları milli valyutada əks olunması aparılacaq və ölkələrarası mexanizmə çevriləcək. Təşəbbüs prezident Ərdoğan tərəfindən irəli sürülüb və bir neçə ölkəyə təklif olunub, məqsəd dolların hakimiyyətinin sarsıdılmasına yönəlib”.
Rövşən Ağayev hesab edir ki, təşəbbüsün iki ölkənin qarşılıqlı ticarətdə faydalarına baxmaq vacibdir. Əvvəla, bütün dünyada əmtəə və xidmət ticarətinin həcmi 45 trilyondan çoxdur, bunun da ən azı 75 faizə qədəri dönərli valyutalarla aparılır, əsas rol da dollara məxsusdur:
“Fond bazarlarındakı əməliyyatların həcmi əmtəə və ticarət dövriyyəsindən də çoxdur, yenə əsas yük dolların üstündədir. Beynəlxalq ehtiyatların da ən azı 70 faizə qədəri dollarladır. Belə bir reallıqdan çıxış edərək bütün ölkələr valyutalarını dollara nəzərən müəyyənləşdirir. İndi üçüncü valyutadan, xüsusən də dönərli və sabit olmayan valyutadan istifadə edilməsi ölkənin valyuta və iqtisadiyyatı üçün ciddi risk daşıyır. Adi bir misal, Azərbaycanın manatı, rus rublu, yaxud türk lirəsilə əməliyyat aparıb-aparmamasından asılı olmayaraq, bu valyutaların taleyini dollar müəyyənləşdirir. Türk lirəsinin durumu onsuz da ağırdır, yaxın dövr üçün sabitləşməsi mümkünsüzdür. Türk lirəsinin sabit saxlayan iki ciddi mənbə var: turizm və əmlak bazarı ilə bağlı tədiyyə balansına qeyri-rəsmi kapital axını. Məlum olaylar baxımından turizm zəifləyib, əmlak bazarına daxil olan kapitalı da azaldıb. Üçüncü, siyasi hadisələr ölkədən kapital axınını gücləndirib. Belə şəraitdə lirə sabit olmayacaq. 2006-2011-ci illərdə lirə cəmi 30 faiz dəyər itirib, 2011-16-cı illərdə isə 92 faiz. Yəni lirə qeyri-sabit valyutata çevrilib. Lirə dəyərdən düşdükcə isə qiymətlər artır, belə olanda, biz onda lirəylə də aldığımız məhsulun qiymətinin artmasını görəcəyik. Daha vacib məqam: Azərbaycan Türkiyədən milyard yarım dollarlıq mal idxal edir, qarşı tərəfə isə 500 milyon dollarlıq mal ixrac edirik. Əgər ticarət əlaqələrinin dövriyyəsi heç olmasa yaxın olsaydı, normal sayıla bilərdi. Ancaq istər-istəməz bu prosesdən Türkiyə uduşlu çıxır, biz üç dəfə itkiyə məruz qalacağıq. Deməli, lirənin düşdüyü qeyri-sabit vəziyyət bizim iqtisadiyyata daha çox təsir edəcək. Bu baxımdan qeyri-sabit valyutalarla ticarət aparmaq istənilən ölkə üçün risklidir”.
Rövşən Ağayev bütün hallarda Ankaranın bu məsələdə israrını siyasi səbəblərlə izah edir. Türkiyə hakimiyyətinin təşəbbüsüdür ki, Azərbaycan da ona qoşulur: “Amma mən bu addımın perspektivini görmürəm”.