Rövşən Ağayev: Günahkar təkcə Cahangir Hacıyev deyil

“Maliyyə Nazirliyi səlahiyyətlərini icra etsəydi, bu gün belə böyük korrupsiya faktına şahidlik etməyəcəkdik”

Source:


“Maliyyə Nazirliyi səlahiyyətlərini icra etsəydi, bu gün belə böyük korrupsiya faktına şahidlik etməyəcəkdik”

Maliyyə Nazirliyinin sözçüsü Mayis Piriyev Beynəlxalq Bankla bağlı sentyabrın 2-də APA-ya açıqlama verib. O, bankın keçmiş İdarə Heyətinin sədri Cahangir Hacıyevin banka külli miqdarda ziyan vurduğunu, 5 milyarddan artıq pulu ofşorlara çıxardığını söyləyib.

“Cahangir Hacıyevin göstərişi ilə 3,7 milyard dollar və 1,1 milyard avro ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə Cahangir Hacıyevin olduğu layihələrə yönəldilib. Onların əksəriyyəti bu günədək qaytarılmayıb”.

“8 milyard Azərbaycanın 20 illik səhiyyə xərcidir”

İqtisadçı ekspert Rövşən Ağayev bu açıqlama ilə bağlı öz “Facebook” hesabında yazır:

“8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir. Sözüm bunda deyil. Son günlər əsas günahkarın dəqiqləşdirilməsi istiqamətində qızğın müzakirələr gedir. Hələlik ən böyük təqsirkar qismində hazırda məhkəməsi davam edən bankın keçmiş rəhbəri Cahangir Hacıyevdir. Məhkəmənin gedişi göstərir ki, Cahangir Hacıyevin özünü müdafiəsi üçün səyləri əbəsdir. Bütün faktlar əleyhinə işləyir. Heç nə yox, təkcə, yaxın çevrəsinin adına açdığı təminatsız kredit xətlərinə görə onu mühakimə etmək mümkündür”.

R. Ağayev tək günahkarın Cahangir Hacıyev olmadığını deyir. O, bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumətin məsuliyyət daşıdığını yazır:

“Bu gün Maliyyə Nazirliyi bütün günahları onun boynuna qoyub. Amma Banklar Haqqında Qanunun 25-ci maddəsinə görə, Müşahidə Şurası bankların idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, bankın İdarə Heyətindən hesabat almaq, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayn sahələrinin yoxlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beynəlxalq Bankın Müşahidə Şurasına isə Maliyyə Nazirliyi rəhbərlik edib. Maliyyə Nazirliyi səlahiyyətlərini icra etsəydi, bu gün belə böyük korrupsiya faktına şahidlik etməyəcəkdik”.

“Bu işdə müdafiə olunacaq tək tərəf Azərbaycan xalqıdır”

Ekspert, bütün bunlardan əlavə, Mərkəzi Bankın bu Qanunun 34-cü maddəsinə görə prudensial normativlər və tələblər baxımından bankın bütün iri kredit əməliyyatlarına, bank rəhbərliyində olan şəxslərə, onların yaxınlarına verilmiş kreditlərin həcminə və aktivlərin vəziyyətinə nəzarət etmək hüququnun olduğunu da söyləyir: “Bankın rəhbərliyi yıxılmayana qədər 7-8 il ərzində bu qurumlardan heç biri səlahiyyətindən istifadə etməyib. Bu gün belə söhbətləri etmək kimsəyə sərf etmir. Bu işdə müdafiə olunacaq, günahsız olan bircə tərəf var – o da Azərbaycan xalqıdır. 8 milyard dolları oğurlanmış zərəçəkən Azərbaycan xalqı…”

Ana səhifəXəbərlərRövşən Ağayev: Günahkar təkcə Cahangir Hacıyev deyil