2009-cu ilin iyulun 12-də baş verən təyyarə qəzasında Dəniz Neft Donanmasının dalğıcı Rafiq Nəhmədov həlak olub. Onun ölümündən sonra Bakı Ağır Cinayətlər məhkəməsində təqsirli bilinənlər mühakimə edilib. Mərhumun xanımı Elmira Mustafayeva deyir ki, proses boyunca Dövlət Neft Şirkətinin əməkdaşı şikayətçi olmamaq üçün ona əməkdaşlıq təklif edib. Qadın şikayətçi olmayacağı halda şirkətdən ona ev verəcəklərini vəd ediblər. Elmira xanım şikayətçi olmayıb, amma ona ev də verilməyib.
Elmira Mustafayeva ərinin sağlığında ev növbəsinə dayandığını, amma Neft Şirkətinin bunu təkzib etdiyini deyir. Qadın 1 otaqlı darısqal evdə uşaqları ilə birlikdə yaşamağın ağır olduğunu bildirir. O, Neft Şirkətindən ev istəyir.
Elmira xanım deyir ki, 5 ildir Rövnəq Abdullayevin qəbuluna düşmək istəyir, amma onun köməkçiləri icazə vermirlər. Onun sözlərinə görəNeft Şirkətinin prezidentinin ümumiyyətlə qəbul günü yoxdur.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, 2007-ci ildən idarələrdə ev növbələri olmayıb. O, şikayətçiyə məsləhət görür ki, rəsmi şəkildə Rövnəq Abdullayevə müraciət etsin, istəkləri araşdırılacaq. Şirkət rəsmisi əlavə edir ki, hər ayın üçüncü həftəsi, bazar ertəsi saat 18-dən 20-00-a qədər Rövnəq Abdullayevin qəbulu günüdür.
Rafiq Nəhmədov 35 il dalğıc işləyib. Elmira xanım deyir ki, onlar çox xoşbəxt yaşayıblar. Bir günün içində həyatları alt-üst olub. Heç bir ehtiyacları olmadığı halda indi hər gün ailə başçısının yoxluğunu və onunla birgə gələn maddi çətinlikləri yaşayırlar.