“Rövnəq Abdullayev hesabat versin”

İdman ictimaiyyəti Berti Foqtsa görə xərclənən pulların taleyi ilə maraqlanır

Source:


İdman ictimaiyyəti Berti Foqtsa görə xərclənən pulların taleyi ilə maraqlanır

“Berti Foqtsun millidən ayrılmasından sonra hər kəs AFFA rəhbərliyindən hesabat gözləyirdi. İtirilən vaxtın, havaya sovrulan pulların, görülən və ya görülməyən işlərin hesabatını.

Foqtsun burda çalışdığı yeddi ilə yaxın müddətdə nə dəyişdi? Heç nə. Halbuki, AFFA onu Azərbaycan futbolunun xilaskarı, imici kimi təqdim edirdi. Qurumun prezidenti Rövnəq Abdullayev israrla millinin AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacağını deyirdi. Ancaq alman məşqçi AFFA rəhbərliyinin xəyallarını da suya salaraq getdi.

Rövnəq Abdullayevli AFFA Foqts dönəminin hesabatını verməlidimi? Vermirsə, niyə?”

Komanda.az saytı bu sualları idman mətbuatının nümayəndələrinə ünvanlayıb:


“Elxan Məmmədov Rövnəq Abdullayevi aldadır”

Əli Sahib, “Fanat.az” saytının baş redaktoru: “AFFA hər ilin martında maliyyə hesabatı verir. Hesabat Rövnəq Abdullayevin adından verilsə də, söhbət hesabatın kimlər tərəfindən hazırlandığından gedir. AFFA-da hegemonluq edən Elxan Məmmədov və Elşad Nəsirov istədiklərini edirlər və istədikləri kimi hesabat verirlər. Builki hesabatla bağlı iclasda iştirak etməsəm də, bir il öncə orda idim. Yadımdadı, Rövnəq Abdullayev dedi ki, hesabatı jurnalistlərə paylayın. Elxan Məmmədov bildirdi ki, hesabat jurnalistlərə daha sonra paylanılacaq. Bir həftə sonra federasiyanın rəsmi saytı vasitəsiylə audit hesabatı yayımlandı. Deməli, Elxan Məmmədov Rövnəq Abdullayevi aldadır. Millidəki Berti Foqts dönəminə görə isə hesabat verilməyəcək. Foqts dönəminə görə Elxan Məmmədov, Elşad Nəsirov hesabat verməliydi. Almanlaşdırma siyasəti onların planı idi. Nəticəsi ortadadı. Bunu hər kəs görür. Almanlaşdırma siyasətinə görə dövlətin milyonlarla pulu havaya sovruldu. Bu, özü bir cinayətdi. Hesabat verilməsə də, kimlərsə cəzalanmalı idi. Heç xırda töhmət belə verilmədi. İndi Foqts məsələsini mətbuatın gündəmindən çıxarmaq üçün işlər görülür. Gah “Araz Naxçıvan” məsələsi atıldı ortaya, gah da millinin baş məşqçi postuna namizədlər haqqında məlumat verildi. Bu addımlarla ictimaiyyətin fikrini yayındırmaq istəyirlər”.





Külə döndərilən milyonlara görə hər üçü cavab verməlidi



Saleh Arslan, “Korner.az”saytının baş redaktoru: “Berti Foqts dönəminə görə nəinki Rövnəq Abdullayev, eləcə də Elşad Nəsirov və Elxan Məmmədov hesabat verməlidi. Külə döndərilən milyonlara görə hər üçü cavab verməlidi. Əvvəllər Foqtsun istefası gündəmə gələn kimi mediada peyda olan Elxan Məmmədovu, Elşad Nəsirovu son vaxtlar görə bilirsiz? Dilim-ağzım qurusun, olmaya yeni “milyonlara çatma” planı üzərində işləyirlər?”


“AFFA heç kimin şəxsi idarəsi deyil”

Emin Abbasov, müstəqil jurnalist: “Əlbəttə, hesabat verilməlidi. AFFA ictimai qurumdu. Heç kimin şəxsi idarəsi deyil. Təkcə Berti Foqtsun dönəmində xərclənən pullara görə deyil, eyni zamanda, itən zamana görə də hesabat verilməlidi. Foqts Azərbaycana millinin baş məşqçisi kimi deyil, eyni zamanda, futbolun inkişafına nail olacaq adam kimi gətirilmişdi. Foqts milliyə nə etdi? Aşağı yaş qrupları üzrə komandalarda nələr dəyişdi? Hansı futbolçu yetişdi? Hər dəfə federasiyada yeni prezident seçiləndə beş il vaxt istəyirlər. Rövnəq Abdullayev 6 ildi bu postdadı. Nə dəyişib? Nəyə nail olmuşuq? Böyük pullar xərclənir, amma heç nə dəyişməyib. Rövnəq Abdullayevdən əvvəl də hər şey belə idi. Hər şeyə görə hesabat verilməlidi. Abdullayev ölkə futboluna cavabdeh şəxsdi. Onun dönəmində çempionatda klubların sayı azalıb, milli komandalar nəticə vermir, futbolçular yetişmir. Belə olan halda mütləq hesabat verilməlidi. Rövnəq müəllimə hesabat verməyi yaraşdırıram. O, həmişə ətrafındakı adamlarla məsləhətləşir. Bir dəfə də futbolu bilən adamları başına toplayıb, onlarla məsləhətləşsin”.


“Hesabatın olması vacibdi”

İlkin Vaqifoğlu, “Sportinfo.az” saytının baş redaktoru: “Hesabat verilməlidi. Berti Foqtsun millidə çalışdığı dönəmdə göstərdiyi nəticələrə, xərclənən pullara, itən vaxta görə mütləq hesabat verilməlidi. Ümumiyyətlə, AFFA-da görülən işlərlə bağlı ictimaiyyət məlumatlandırılmalıdı. Hesabatın olması vacibdi”.


“Rövnəq bəy yerini daha enerjili başqasına verməlidi”

Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru: “Bu məsələdə iki məqam var. Rövnəq Abdullayev AFFA-nın prezidentidi, Foqtsu isə baş məşqçi vəzifəsinə qurumun İcraiyyə Komitəsi təsdiq edib. Odu ki, söhbət yalnız Abdullayevin mənəvi məsuliyyətindən gedir. Birbaşa məsuliyyət isə istisnasız İcraiyyə Komitəsinin üzvlərinin üzərinə düşür. Təəssüf ki, İK əsasən öz fikri olmayan adamlardan qurulduğundan, bütün oxlar tam təbii şəkildə Abdullayevə yönəlir. Ümumiyyətlə, Avropanın enerji sistemində önəmli yer tutmağa iddialı bir ölkənin nazir statusuna bərabər status daşıyan şəxsinin bu gün AFFA prezidenti vəzifəsində oturması, bu üzdən ölkənin futbol təsərrüfatı ilə bağlı ən primitiv suallar önündə belə çətin vəziyyətə düşməsi absurddu. Məncə, Rövnəq bəy futbolda personasının iştirakını zəruri edən şəraitin aradan qalxdığını anlamalı, yerini daha enerjili başqasına verməlidi”.

Ana səhifəXəbərlər“Rövnəq Abdullayev hesabat versin”