Gürcüstan bunu inkar edir
“Jamnews“un materialı
Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş «terror aktı»nın iştirakçılarını müəyyənləşdirib. FTX-nın məlumatına görə, körpünün partladılmasında Gürcüstan, Ukrayna, Rusiya və Ermənistan vətəndaşları iştirak edib. Gürcüstanın maliyyə nazirinin müavini bu ittihamlara cavab olaraq bəyan edib ki, partlayıcı maddələr Gürcüstan sərhədindən keçirilməyib.
FTX-nın məlumatına görə, terror aktında iştirak ittihamı ilə bağlı səkkiz adam saxlanılıb – beş rusiyalı və üç ukraynalı. Rusiya hakimiyyəti terror aktının təşkilatçısı kimi Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat xidmətinin rəisi Kiril Budanovu günahlandırır.
Qurumun məlumatına görə, partlayıcı qurğu inşaat polietilen rulonunun arasında gizlədilib. FTX yükün marşrutunu təfərrüatı ilə təsvir edib. Bu yükün avqustun əvvəlində Ukrayna və Bolqarıstan şirkətləri arasında imzalanan müqavilə əsasında Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərildiyi təsdiqlənir. O əvvəlcə Bolqarıstandan Gürcüstanın Poti limanına gətirilib, daha sonra Ermənistana göndərilib.
FTX sxemdə iştirak edən Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşlarının ad və soyadlarını sadalayır. FTX-nın məlumatına görə, partlayıcı qurğunu daşıyan yük maşını oktyabrın 4-ü Rusiya-Gürcüstan sərhədinin Yuxarı Lars buraxılış məntəqəsindən keçib, iki gündən sonra isə Ermənistana çatıb. Yükü Armavirdə topdansatış anbarında boşaldıblar. Oktyabrın 7-si yük maşını Krıma yola düşüb, alıcı kimi mövcud olmayan şirkət qeyd olunub.
FTX təsdiqləyir ki, oktyabrın 7-si Rusiya vətəndaşı Mahir Yusifov partlayıcı qurğunu maşına yükləyib və oktyabrın 8-i Krımın Simferopol şəhərinə yollanıb. Partlayış Krım körpüsünü keçərkən baş verib.
Rusiyanın məlumatına görə, yükün bütünlüklə marşrut xəttinə Ukraynanın Müdafiə Xidməti və onun Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən nəzarət olunub. İdarə əməkdaşı sxemin iştirakçısı İvan İvanoviç kimi təqdim edilib, hərəkət koordinasiyası üçünsə digər vətəndaşın adına qeydiyyatdan keçmiş telefondan istifadə olunub.
Oktyabrın 11-i Rusiyanın “Baza telegram”-kanalı xəbər verib ki, Krım körpüsündəki yük maşınının gürcü nömrəsi olub, hərçənd hələ bu məlumat təsdiqlənməyib.
«Siyasətçilər, bəzən də xüsusi xidmətlər tərəfindən ittihamlar səsləndirilir, lakin bütün bu ittihamlar tamamilə əsassızdır. Gömrük sərhədindən nə trotil, nə də digər partlayıcı maddələr daşıyan heç bir maşın keçməyib. Mən heç kəsin qarşısında özümü təmizə çıxarmamalıyam. Əgər kimsə əlində faktla dövlət sərhədini keçdiyini söyləyərsə, o zaman biz istintaqa başlayar və iştirakçıları məsuliyyətə cəlb edərik», – Gürcüstanın maliyyə nazirinin müavini Qriqori Kakuridze bəyan edib.
Ermənistan Dövlət Gəlirləri Komitəsi də Rusiyanın ittihamına reaksiya verib.
«Yuxarıda adı çəkilən yük Ermənistandan keçərkən bütün eksport prosesləri qanun çərçivəsində baş tutub. Müvafiq olaraq, həmin yükə münasibətdə heç bir risk faktoru müəyyənləşdirilməyib», – Ermənistan Dövlət Gəlirləri Komitəsinin bəyanatında deyilir.
Oktyabrın 8-i Krımı Rusiya ilə birləşdirən yeganə körpüdə dan yeri söküləndə partlayış baş verib. Bu körpü Vladimir Putinin fəxarət yeri hesab olunurdu, o, 2018-ci ildə şəxsən bu körpünün açılışında iştirak edib.
Putin partlayışın istintaqı üzrə hökumət komissiyasının yaradılmasını əmr edib. Rusiya hökuməti elan edib ki, körpü yaxın müddətdə bərpa olunacaq.
Körpüdə baş verən partlayışa Ukrayna hakimiyyəti də reaksiya verib.«Krım, körpü, başlanğıc. Qeyri-qanuni olan hər şey dağıdılmalı, oğurlanmış hər şey Ukraynaya qaytarılmalı, bütün rus işğalçıları qovulmalıdır», – Ukraynanın Prezident Ofisinin nümayəndəsi Mixail Podolyak yazıb.
Krım hakimiyyəti elə həmin gün Ukraynanı körpünün partladılmasında günahlandırıb. Parlament spikeri Vladimir Konstantinov bəyan edib ki, ona «ukraynalı vandallar» ziyan vurub.
Prezident Putin Kerçendən keçən nəqliyyatla bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fərmana qol çəkib, Krımda terror təhlükəsi dərəcəsinin artdığı (sarı rəngə çatdığı) elan olunub, bu vəziyyət oktyabrın 23-dək davam edəcək.