Rezin çəkməli həqiqət

Yaxşı ki, ürəyimiz kağızdan deyil…

Source:

İllər öncə yaxınlıqdakı üç ailəlik köhnə binanı söküb o ətrafı park elədilər. Söküntüdən iki il əvvəl həmin binanın və ətraf qonşuların istifadəsindəki “ictimai zibilliyi” təmizləyib müvafiq ünvanlara elçi düşmüşdük. Milli adət-ənələrimiz əsasında torpaq şöbəsinin, bələdiyyənin, özəlləşmə idarəsinin bığlarının altından keçib “kupça”mızı almışdıq. Artıq oturuşub doğmlaşdığımız məhlədə uşaq kitabxanası tikmək istəyirdik. Üst qatın  balaca guşəsində anamla mən yerləşəsiydik, qalan hər yer isə uşaqların və kitabların olasıydı. Təbii ki, yenə  anamla birgə. Yaşadığımız bütün kirayə məhlələrdə bütün uşaqların sevimlisinə çevrilən “eynəkli” nənənin ciblərində həmişə uşaqlar üçün nəsə tapılırdı. Hətta elə şeylər ki, onların bizim evə nə vaxt girdiyini mən heç xatırlamırdım da.

Bir gün təzəcə başladığımız layihəyə aid hasarların köhnə binaya qatılıb yerlə-yeksan edildiyini gördüm… Ağr texnikanın altında xıncım-xıncım olan xəyallarımdakı “Alagöz nənənin bilik ocağı” gözümün önündəcə dağıldı.

Yerli hakimiyyət binanın sakinlərini yola verdiyi vaxtlarda mən anamı da itirdim. Qəzada sonra  canımın içindən aldığım daha ölümcül zərbənin ilindən sonra birtəhər güc tapıb o ideyanın dalınca gedəndə yazılı müraciət istədilər. Rəsmi yazdım, aylarla cavab vermədilər. Aşağı-yuxarı rayonu fırladanların hər birinə bildiyim bütün sözlərlə müraciət etdim, məktubları bir-birinə ötürərək məzələndilər, ələ saldılar. Aylar, illər keçəndən sonra “məlum oldu” ki, mənim torpağım qanunsuz imiş. Yəni üstündəki evlər qanuni, altındakı torpaq qanunsuz… Hakimiyyətin öz vətəndaşını hissə-hissə öldürmək üçün necə gözəl üsullar düşündüyünü təqdir etməmək olmur. Amma yenə qarşımdakı nəhəng və qəddar qüvvənin yaralayıb didik-didik etdiyi parçalarımı dincə qoyub nəsə bir möcüzə gözləyirəm. Hətta əzrayıl opponentlərimdən daha insaflıdır ki, bu dirənişdə hələlik məndən şansını əsirgəmir.

O zamandan “anamın kitabını yazaram” təsəllisi ilə yaşamağa başladım. Halal mülkiyyətimin, beşiyində boğulan kitabxanamızın üstündə salınan iqtidar parkından üzümü yan tutaraq keçdim. Ta o parkda kövrək bir hekayətə şahid olana qədər…

Mən o hekayəti elə o zaman yaddaşıma yazdım ki, o uşaqların naqolay “ayaqqabılarda” yayda istidən, qışda şaxtadan sızıldayan körpə ayaqlarını unutmayaq. Yazdım ki, o yanan və donan ayaqların birbaşa cavabdehləri qarşısındakı ətalətimizdən, sədaqətimizdən utanıb rahat ayaqqabılarımızın əzab-əziyyətini çəkə bilək.

Ürəyimin başında daim təzələnən düyünlü cümlələrdən adi kağız çoxdan ovxalanıb toza dönərdi. Yaxşı ki, ürəyimiz kağızdan deyil…


Uşaq və park…

Qonşuluqdakı hamilə gəlin uşağını tez-tez qonşuluqdakı məlum parka aparırmış. Kiçik qızın ayağında topuqdan yuxarı  rezin çəkmə var, zəif gözlərinə eynək taxılıb. Axşam düşənəcən dözülməz rütubətdir buralarda. Xəstə göz, qaynar rezin və cəhənnəm istisi… Uşağın qəşəng mavi gözləri sadaladığım səbəblərdən daim qan rəngindədir. İş yerindən pulunu versələr, atası dərhal bu kiçik qıza gözəl bir yay sandalı alacaq. İş yeri bizim buralara ağalıq edənlərin şəxsi və yaxud biznes tikintilərində qul əməyi ilə çabalamağa deyilir.

Mənim, ümumiyyətlə, parka getmək kimi vərdişim yoxdu. Orda baş verənlərlə də maraqlanmıram. Təsvir etdiyim acı mənzərəni qonşudan açar alanda gördüm. Üzümü çevirib qaçmaq, yox olmaq istəyəndə onlara aşkar maraqla baxıb guya pıçıltıyla danışan iki ağzıgöyçək diqqətimi cəlb etdi. Gəlin də məsələni duyan kimi kuklası ilə sakitcə oynayan balaca qızı oturacaqdan qoparıb ağlada-ağlada kirayə qaldıqları səmtə götürdü. Bütün bunlardan uzaq balaca, saf uşaq təbii ki, darısqal “yer evinə” belə tezliklə qayıtmaq istəmirdi.

Titrək barmaqları ilə qucağında çırpınan övladının tərdən alnına yapışmış saçlarını yuxarı daraqlayan gənc qadın yaddaşımda tanıdığım ən qürurlu ana obrazlarından biri kimi qalıb. O balaca sarışın qız dünyanın ən şirin, ən xoşbəxt uşaqlarından biridir. Bacısı və yaxud qardaşı dünyaya gələnə qədər həm də ən ərköyün uşaqlardan biri olacaq. Çünki o gəlişdən sonra bizim kiçik gözəlimiz qayğıkeş böyük bacı titulunu qazanacaq. Qalanı təbii ki, təfərrüatdı. Məsələn, o parkın yanından keçib hektarlarla münbit sahəni yararsızlaşdıran haram villaları ziyarət etməyə gedən “xozeyin” dəstəsi və yaxud dilbər guşələrdə sıralanmış otellərdə, restoranlarda əylənməyə axışan təpəgöz zümrə kimi mənasız təfərrüat…

Bütün belə gurultulu təfərrüatlar və bizim tükənməyən “müdrük” səbrimiz rezin çəkməli o körpənin bircə damla göz yaşına dəyməz…

Ana səhifəMənim FikrimcəRezin çəkməli həqiqət