Düşündüm ki, “Bu yol məbədə aparırmı?” sualını verməyin tam zamanıdır. Aparmırsa, bu yol nəyə lazım? İyirmi illik (1993-2013) siyasi diskoteka, aparmadığına açıq sübutdur.
Mən Hikmət Hacızadənin “Demokratiya – gediləsi uzun bir yol” toplusunda da “Rəsulzadə-Elçibəy yolu”na rast gəlmədim.
Zarafat bir yana, amma bu yolda ilk iş olaraq “Rəsulzadə-Elçibəy”dəki bərabərlik işarəsini götürmək lazımdır. Onları vəhdəti vücud halında dəyərləndirməyə məcbur deyilik.
M.Ə. Rəsulzadə
Rəsulzadə haqqında heç kəsin bilmədiyi, onun dəyərini bir az daha artıracaq faktım yoxdur. Nə yazsam hamıya məlum şeylərin təkrarı olacaq. Mənim üçün Rəsulzadə və yoldaşlarının ən böyük xidməti bu coğrafyaya sivil dövlət idarəçiliyi atributlarını gətirmələridir. Ömrü qısa da olsa, bir institut kimi yarandı, çoxpartiyalı parlament və diplomatik əlaqələr quruldu, dünyaya açılmağa cəhdlər oldu. Savadlı, zəngin dünyagörüşlü patriotlar Birinci Dünya Müharibəsinə meydan olmuş təlatümlü əsrdə respublika qura bilmişdilər. Dövlətçilik baxımından bu, çox böyük tarixi nailiyyətdir.
Rəsulzadə və yoldaşlarının varlığı və fəaliyyəti Axundovla başlayan özünü və dünyanı sistemli dərk prosesinin məntiqi nəticəsi idi. Cumhuriyyətin qurucuları Zərdabinin mətbuatda, Axundovun fəlsəfədə, ədəbiyyatda, Üzeyir Hacıbəyovun musiqi mədəniyyətində etdiklərini azərbaycanlıların siyasi tarix və kültüründə etdilər. Bu baxımdan çox qiymətlidirlər.
Cumhuriyyət dəyərli bir mirasdır. Lakin o gündən bu günə mətbuat da, ədəbiyyat da, musiqi də dəyişdiyi kimi, dünyanın siyasi mənzərəsi və informasiyanın sürəti də xeyli dəyişib. Heç bir mətbu orqan, yazıçı və bəstəkar yüz il əvvəldə ilişib qalmayıb. Müsavat Partiyası, ümumiyyətlə Rəsulzadə sevərlər bu sevgini və qədirşünaslığı öz təbii məcrasından çıxarmalı deyillər. Yenicə rüşdə ərmiş facebook gəncliyinin sözü olmasın – bunlar mənim subyektiv fikrimdir.
Əlbəttə, o dövrün cəsur və fədakar insanlarına minnətdarlıq ifadəsi kimi, “Rəsulzadə yolun”dan danışmaq olar. Bakı musiqi akademiyasında Hacıbəyovun adının, önündə heykəlinin, içərisində portret və partiturlarının olması nə qədər təbiidirsə, Rəsulzadənin də bir heykəlinin, adına universitetin olması, əsərlərinin nəşri o qədər təbiidir.
Amma bu günün müsiqiçiləri mənəvi anlam kimi yox, konseptual olaraq “Hacıbəyov yolu”ndan danışsalar, çox da ciddi görünməzlər. Hacıbəyovun xoş xatirəsi, ona minnətdar olan insanların sayğısı başqa, amma bu günün musiqi dünyasında Hacıbəyov texnika və yaradıcılığının hansısa alternativ yol ola biləcəyini iddia etmək tamam başqadır. Bunu sizə heç bir ciddi bəstəkar deməz. Eyni örnəyi ədəbiyyata da proyeksiya edə bilərsiniz. Bizdə xüsusi bir yol kimi Axundov yolu, Mirzə Cəlil yolu, Cəfər Cabbarlı yolu yoxdur. Musiqinin, ədəbiyyatın son iyirmi ildə keçdiyi inkişafa, sıçrayışlara, mutasiyalara baxın.
Bilirəm, deyəcəksiniz ki, analogiyalar çox dəxlisiz sferalara aiddir. Dəxlisiz deyil, çünki siyasi mədəniyyət də çağdaş olmalıdır. Dediyim o ki, praktiki mənada “Rəsulzadə yolu”nun olması mümkün deyil. Birinci Dünya Müharibəsi illərində dünyanın mənzərəsini, dövrün oyun qaydalarını, oyunçuları, qonşularımızı, öz daxili problemlərimizi təsəvvür edib, bugünkü dünyamızla müqayisə aparanda həqiqət “flash” kimi beynimizdə çaxır. Yəni çətin deyil. Uinston Çerçilin hindulardan tutmuş cümlə “qara”lara qədər hamıya açıq-aydın nifrət bildirdiyi, rasist çıxışlar etdiyi dünyadan söhbət gedir. İkinci Dünya Müharibəsinin artıq təməli qoyulur. Birinci Dünya müharibəsindən guya dərs çıxaranların Jenevada açdıqları ofis impotent mahiyyətini çox tez göstərir. Daşların yerinə oturması üçün bir böyük qırğın daha olmalıydı. Yəni dünya bugünkü dünya deyildi (“Dünya mənim, dünya sənin, dünya heç kimin” mahnısı yadıma düşdü – Ə.Ə.) Nə Amnesty International var, nə NATO var, nə AŞPA var, nə Dövlət Departamenti var (funksional mənada). O epoxanın ən proqressiv ideya və metodları hansılardısa, cumhuriyyətçilər “milli” keyfiyyətləri, insan materialını nəzərə alaraq, yeri gəlmişkən, sol bir partiya yaratmışdılar. Partiyanın adından bəllidir.
“Heydər Əliyevin heykəllərinin yerinə Rəsulzadənin heykəlləri olmalıdır” deyənləri də anlamıram. Məncə heç heykəl olmamalıdır. Aktual incəsənət nümunəsi kimi məna kəsb edəcəksə olsun, amma standart, ştampovka “ümumilli lider” formatında heykəllər geriçilikdir.
Rəsulzadənin şəhərin mərkəzində bir heykəli qoyulsa hamı razı qalar, hakimiyyətin də başı dinc olar. Hakimiyyət özü illərdir bu qədər dirəşməklə Rəsulzadə kultunun yaranmasını şərtləndirdi. Məsələ orasındadır ki, hakimiyyət özü də köhnədir. Köhnə fikirlidir deyə, “mütləq ideologiyam olsun” istəyir. Ramiz müəllim də illərdir əlləşir, bir şey çıxara bilmir ortalığa. Müsavatı və müsavatçılığı, Rəsulzadə və komandasını özlərinə rəqib görürlər. Müxalifətin də əlinə illərdir imkan veriblər ki, hər fürsətdə bundan şikayətlənsin. Hakimiyyətin hərəkətlərindən, qorxularından, ehtiyatlılığından taktika, rasionallıq qoxusu gəlmədiyinə görə, buna görməmişlik deməliyik. Rəsulzadənin iqnora qoyulması görməmişliyin sonucudur.
Elçibəy
Azərbaycan Respublikasının ikinci prezidenti, mərhum Əbülfəz Elçibəyi Don Kixota da, Qandiyə də bənzədiblər. Eşitdiyimə görə onu peyğəmbər mərtəbəsində görənlər də olub. Bəlkə indi də var. Elmir Mirzəyevin “Lirik tonda xatirələr”ini oxuyanda gördüm ki, bütün elçibəysevərlər öz sevgilərində psixoz həddinə çatmayıblar. Psixozlu eşq, eşq deyil. Zaman da göstərdi ki, səmimiyyət sınağından üzüağ çıxmaq çox çətindir. Rəhmətlik haqqında ağızlarına gələni yazan müridləri də gördük. Onu sevmək və ünvanına çirkin sözlər demək arasında dissonans yoxdur, hər şey qaydasındadır. Əsas odur ki, mənim kimi neytral, mərhuma qarşı tam hissiz olmayasan.
Dördüncü prezidentlə hakimiyyət uğrunda mübarizə aparan Azərbaycan müxalifəti, hələ də Elçibəyi gündəmindən çıxara bilmir. Bu hansı siyasət anlayışıdır ki, on üç il əvvəl Allahın dərgahına çağırılmış bir insanın avtoritetinə sığınmağı, ya da sığınma imitasiyasını məqbul sayır? Bu siyasətlə nəyəsə nail olmaq, keçmişdən dərs çıxarmadan gələcəyə addımlamaq mümkündürmü? Hələ mən yaxşıyam, “Elçibəy yolu” frazasını eşidəndə, başında qanlı əski Azadlıq Meydanında ulusa səslənən Sabir Rüstəmxanlı yadıma düşür. İndiki gəncliyin isə bu işlərdən heç başı çıxmır.
Bizim müxalifət bu iqtidarı şəxsiyyətə pərəstişdə ittiham edə bilməz, çünki özündə realizə olunmamış, dəhşətli bir ikonalaşdırma potensialı var. Bu saat yüz atmosfer təzyiq altındadır, fışqıracağı anı gözləyir. Bütün bu söhbətlər həm də onun siqnalıdır ki, klassik müxalifətin iqtidarı dövründə heykəlləşmə indiki tempi ötüb keçəcək. Olmasın Heydər Əliyev, olsun Əbülfəz Əliyev. Ümumiləşdirəndə olur Heykəl Əliyev.
Bu yolun bir də Kələki küçəsi var. Ona “Heydər Əliyevin çağırılması yolu” da demək olar. Bilmirəm rəhmətlik Elçibəy Heydər Əliyevi Bakıya çağıranda öz yolunun harasında dayanmışdı? Hər halda artıq axırında idi, yox? Ən azından özü üçün. Mən də ona görə bilmək istəyirəm ki, bu yolda nə var? Elektorat bu yola nə üçün səslənir? Bu yolun bir faydası olsaydı, Elçibəyin özünə olardı. Mənə dünya tarixindən bircə məşhur xadim, ideya adamı göstərin ki, biyoqrafiyası uğursuz səhifələrlə dolu olduğu halda, tarixdə öz “yol”u ilə qalsın.
Görərsiniz, axırda hamınız gəlib çıxacaqsınız AzTV deyənə – “Elçibəy Heydər Əliyevi çağırdı, o da gəldi xalqı qardaş qırğınından qurtardı”. Yoxsa çoxdan gəlib çatmısınız? Elə doğrudan da, AzTV nə deyir düz deyir. Hətta deyərdim Heydər Əliyevin Bakıya çağırılması Elçibəyin bu xalq qarşısında yeganə xidmətidir.
Bilmək istəyirəm ki, “Elçibəy yolu” mənə bir azərbaycanlı kimi nə vəd edir? Bu elə-belə şüardır, yoxsa bir mənası var? Mən özümü Elçibəy yolunda görməməklə acaba çoxmu böyük qələt edirəm?
Bilmək istəyirəm ki, nə üçün bir müxalifət partiyası meydana şəxs adı ilə atılır? Proqramla deyil, vizyonla deyil, ideya ilə deyil bir ictimai-siyasi xadimin avtoritetinə sığınıb siyasət yürüdür? Bu, dərin siyasətdir? Dərindir, əsrarlıdır, belə çox gizli bir söhbətdir, avamlar bilməsin gərək?
İyirmi birinci əsrdə, gənç bir neft ölkəsinin reallığında bu yol yararlı deyil. Sevmək, lirik hisslər bəsləmək çox təbiidir. Amma bir din qədər daxili, məhrəm bir sevgi olmalıdır bu sevgi, şüara çevrilməməlidir. Şüarçılıq artıq çox demode görünür. Yeni bir nəsil yetişib ki, Elçibəy, AXC kimi relikviyalarla tanış deyil. Heç olmaq da istəmir, ona maraqlı deyil. Bu şüarlarla başqa kimi qazanacaqsınız? Kim qazanılıbsa artıq qazanılıb. Bu iyirmi ildə ancaq itirildi, qazanılmadı. Üzvlər itirildi, şanslar itirildi, vaxt itirildi, elektorat itirildi. Bu şüarlar sizi yolboyu müşayiət edirdi axı. Bəs niyə belə oldu?
Bir siyasi partiyanın özünü yeniləmə bacarığı, onun baş ucalığıdır. Ən çətin şey kolletiv şüursuzluğun müalicəsi, dilə düşən amma mənasına varılmayan mantraların yox edilməsidir. Bu sözlərlə, şüarlarla, 89-da ilişib qalmaqla İlham Əliyevlə mübarizə aparılmaz. Özünüzə gəlin və baxın görün onu “Elçibəy yolu” ilə yerindən tərpətmək prinsipcə mümkündür ya yox? Ən dəhşitlisi odur ki, müxalifət artıq mənəvi üstünlüyünü də itirib.