Rəsul Quliyev: Heydər Əliyevə dedim ki, ayıbdır…

Rəsul Quliyev
Rəsul Quliyev


”İlham Əliyev prezident olandan indiyə qədər heç bir hadisəni olduğu kimi danışmayıb”

Sentyabrın 1-də prezident İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindəki

çıxışı

müzakirə predmetinə çevrilib. Xüsusilə prezidentin  ad çəkmədən o vaxtkı yüksək vəzifəli şəxslərdən birinin bu layihənin imzalanmasının əleyhinə çıxdığını deyib. Dövlət başçısı bildirib ki, həmin şəxs bunu ölkənin inkişaf etməməsini və özünün daha yüksək vəzifəyə qalxmasını istədiyi üçün edib. Bir sıra media orqanları və portallar həmin şəxsin Milli Məclisin 1993-1996-cı illərdə spikeri olan Rəsul Quliyev olduğunu yazırlar. Və sabiq prezident Heydər Əliyevin çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını xatırladırlar.

Meydan TV prezident İlham Əliyevin dedikləri ilə əlaqədar sabiq spiker Rəsul Quliyevə bir sıra suallar ünvanlayıb.


– Rəsul müəllim, prezident İlham Əliyev sizin “Şahdəniz-2” layihəsinin əleyhinə olduğunuzu bildirib. Onun dedikləri doğrudurmu? Doğrudursa, niyə əleyhinə olmusunuz?

– İlham Əliyev prezident olandan indiyə qədər heç bir hadisəni olduğu kimi danışmayıb, yəni düz deməyib. Mən çox təəccüb edirəm ki, bu dərəcədə yalan danışmaq olar. Əvvəllər olduğu kimi indi də deyirəm, “Əsrin müqaviləsi” və “Şahdəniz-2” layihəsi ilə bağlı sabiq prezident Heydər Əliyevlə razılaşmadığım məqamlar və müddəalar olub. Bizim həmin layihələrə münasibətdə fikir ayrılıqlarımız köklü idi. Hələ “Əsrin müqaviləsi” imzalanmazdan öncə Heydər Əliyevə dedim ki, bu şəkildə sənədləri imzalamaq olmaz, çünki ARDNŞ-nin payı 10-15 faizdir. Heç olmasa bu pay 49 faiz olmalıdır. 51 faizə malik xarici investorlar yenə də kontrol faizə malik olur, ancaq bizim kompaniya udur, təbii ki, Azərbaycan. Bu barədə söhbətimizdə çoxlu misallar da xatırlatdım. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Ərəbistanda neftin istehsalını artırmaq üçün ABŞ, Böyük Britaniya şirkətləri investisiyalar yatırsalar da, ərəblərin neft şirkətlərinin payı 50 faiz civarında olub.


– Yəni prezident Elçibəyin tələbləri şəklində də…?

– Onlar hələ payların necə bölüşdürülməsi mərhələsinə gəlib çatmamışdılar. O cümlədən, Ayaz Mütəllibovun dövründə də payların bölüşdürülməsi barədə müzakirələr getməmişdi. Həmin vaxt xarici şirkətlərin investisiya qoyması və neft istehsalının artırılması məsələsinin müzakirəsi gedirdi. Elçibəyin dövründə ARDNŞ-nin payı 50 faizə yaxın idi. Ancaq Azərbaycana xarici kapitalın cəlb edilməsinin ilk pioneri mənəm, çünki xarici investiyasız bir şey etməyin mümkün olduğuna inanmırdım. Ona görə İlham Əliyev mənim müqavilələrin əleyhinə olduğumu deyəndə dəhşətə gəldim, bu səviyyədə yalan danışmaq olmaz axı. Yalan danışmaq olar (mən özüm heç vaxt yalan danışmaram), amma bu yalanın da bir həddi olmalıdır. Məsələ ondadır ki, İlham Əliyev xarici investisiyaların nə olduğunu anlamadığı vaxt mən xarici investisiyaların Azərbaycana yönəlməsini israr edirdim. Mənə elə gəlir o indinin özündə də xarici investiyanın mahiyyətini ondan götürüləcək özünün qazancında görür. Deməli, həmin vaxt mən Heydər Əliyevlə bu barədə razılaşmayanda, yəni ARDNŞ-nin payı az qoyulanda, o dedi ki, xarici firmalar öz ölkələri ilə bu qədər çox faizlərin hesabına Dağlıq Qarabağın bizə qaytarılacağını vəd ediblər. Mən həmin vaxt neftin o zamankı qiymətilə hesablayıb Heydər Əliyevə bildirdim ki, Dağlıq Qarabağı qaytarmaq üçün 10 ilə15 milyard dollar verəcəyik. Yəni bu qədər vəsait itirəcəyik. Düşündüm ki, təki Qarabağ azad olunsun, bundan da keçmək olar. Qərəz, müqavilə bağlandı, bir müddət sonra Heydər Əliyev dedi ki, bəs, filan faiz də (yəni neft şirkətinin qalmış 10 faizi) Rusiyaya verməliyik. Sual verdim ki, necə yəni, ARDNŞ-nin payı 0 olmalıdır? İzah etdi ki, Dağlıq Qarabağ probleminin həllinə Rusiya mane olduğundan onların da payı verilməlidir. Beləliklə, neftin qiyməti qalxdığından Azərbaycan xalqı Heydər Əliyevin xarici şirkətlərə və Rusiyaya verdiyi paylara görə 10 il müddətində 70 milyard dollar itirdi. Ondan sonra 1994-cü ildə atəşkəs müqaviləsini imzaladı, bununla əbədi sülh bağlandı və bu, Azərbaycanın işğal olunmuş ərazilərini güc yoluyla azad etməsinin üstündən xətt çəkdi. Bir sözlə, Heydər Əliyev məni, özümü qoyuram qırağa, Azərbaycan xalqını ‘’əsrin yalanı’’ ilə aldatdı. 70 milyard dollarla birgə ermənilərin işğal etdiyi Qarabağ torpaqlarıda itirildi. 1996-cı ilin əvvəllərində isə “Şahdəniz-2” layihəsinin kontraktının gəlirin bölünməsi hissəsində xaricə satılacaq qazla Azərbaycanın daxilində işlədilən qazın qiyməti arasında fərqin olmayacağı müəyyənləşdirilirdi. Bu, o deməkdir ki, Azərbaycan xalqına da qaz beynəlxalq qiymətlərlə satılmalıdır. Onda mən Heydər Əliyevə dedim ki, “Şahdəniz-2”dən çıxan qaz Azərbaycanda istehsal olunursa, daxildə istifadə edilən qazın qiyməti maya dəyəri qiymətində hesablanmalıdır, beynəlxalq bazar qiyməti səviyyəsində yox. Xalqa hansı qiymətə satılmasını Azərbaycan höküməti müəyyənləşdirməlidir. Yenidən ortaya beynəlxalq təcrübəni qoydum, yəni xarici investisiya nəticəsində istehsal edilən qazın satışından əldə edilən mənfəətin formalaşması müddəalarını.


– Bəs Heydər Əliyevin reaksiyası necə oldu?

– Məsələ ondaydı ki, neftin xarici bazara çıxarılması baxımından mənim təklif etdiyim varianlarla birinci və ikinci müqavilələr Azərbaycan xalqının maraqlarıyla üst-üstə düşürdü, amma Heydər Əliyev xalqın maraqları haqda heç fikirləşmirdi də. O, birinci növbədə, korrupsiya hesabına nə qədər pul yığmaq və ikinci, hakimiyyətini saxlamaq üçün, məsələn, Rusiyaya nə qədər rüşvət vermək barədə düşünürdü. Tam əminliklə deyirəm, Heydər Əliyev bu iki amil əsasında hakimiyyətini qoruyurdu.


– Gələk, “Şahdəniz-2” layihəsinə, mübahisəniz nədən başladı?

– Mən layihənin bu şəkildə imzalanmasının qəti əleyhinə idim. Buna görə aramızda gərginlik yarandı və o, ”mütəxəssislərin” iştirakı ilə müzakirələrin keçirilməsini təklif etdi, razılaşdım. Beləliklə, əvvəlcədən öyrədilmiş mütəxəssislər toplandı…


– İlham Əliyev də həmin iclasa qatılmışdımı?

– Ola bilər ki, o da iclasda iştirak edirdi, ancaq səsini eşitmədim. Bəlkə mən oturduğum sıradaydı o səbəbdən görmədim. Ümumiyyətlə, nə parlament iclalarında, nə də hökümətin iclaslarında mən bu fərdin səsini eşitməmişdim.


– Bəs ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə iclasda iştirak edirdimi?

– O da iştirak edirdi. İclas başlandı və mən “Şahdəniz-2” layihəsinin təqdim edilən məzmununda ziyanını, ardınca dünya təcrübəsi barədə danışdım. Əlavə etdim ki, biz o zamankı qiymətlərlə ildə 1 milyard dollara yaxın Azərbaycan xalqının cibindən çıxaracağıq. Ona görə müqaviləni bu şəkildə imzalamaq olmaz. Məndən sonra kimlərin hansı ardıcıllıqla çıxış etdiyini xatıtlamıram ancaq Xoşbəxat Yusifzadə də çıxış etdi. O ilk növbədə mənim tərifimdən başladı və neftçilərin necə məni sevdiklərindən danışdı, sonra qazın Azərbaycan üçün çox lazımlı olduğundan rus, Azərbaycan dilini qarışdıra-qarışdıra bir neçə anekdotik səbəblər göstərdi. Məsələn, dedi ki, Rəsul müəllim, bilirsiniz, doğum evlərində arvadlar doğa bilmirlər, qaz lazımdır. Yəni onun belə anekdotik çıxış etməsinə məcbur edildiyi göz qabağında idi. Guya, mən Azərbaycana qaz lazım deyildir – müzakirəsini açmışdım. Prezidentin bu günlərdəki çıxışından məlum olur ki, onlar 20 ildən sonra da mənim nə istədiyimi anlamayıblar. Prezidentin çıxış vaxtı onu çağırması və 86 yaşlı bu ağsaqqal kişinin qaça-qaça gəlib onun yanında durduğu miskin vəziyyətini görəndə, ürəyim ağrıdı, belə yaşamaq olmaz.


– Həmin toplantıda sizi dəstəkləyən oldumu?

– Mən ad çəkməyəcəm, çünki müsahibədən sonra həmin adamlar üçün yaxşı olmayacaq, o mənada ki, efirə çıxarıb məcbur edərlər ki, Rəsul Quliyevin əleyhinə danış, bəlkə repressiya təhlükəsi də mümkündür. Hər halda mənim qaldırdığım məsələnin konkret və məntiqlə əleyhinə çıxış edən olmadı. Hətta bəziləri tələsməyə ehtiyac olmadığını və komissiya yaratmağın vacibliyini bildirdilər. İndi yadımda deyil mütəxəssislərdən bir şey çıxmayanda Əliyev öyrədilmiş adamlarından kiməsə söz verdi (o adamın kim olduğu yadımda deyil, məsələn hansı isə nazir). Çünki məruzələrini üzündən oxuyanda hiss edirdin ki, buna tapşırıq belə verilib. İkinci bu tipli orator çıxış etmək istəyəndə Əliyevin bu iclasda müzakirə açmaq fikri olmadığını sadəcə olaraq şou düzəltmək istədiyini başa düşdüm. O adamın sözünü kəsib ayağa qalxıb üzümü prezidentə tutub ”cənab prezident, ayıbdır, elə bilirsiniz, qurduğunuz bu şouda iştirak edəcəm? Əgər belə düşünürsünüzsə, onda şounu mənsiz davam etdirin, mən getdim” deyib iclası tərk etdim. Mən otağı tərk edəndən bir neçə dəqiqə sonra şou da bitdi. Və nəticədə, mənin dediyim şərtlərə əməl olunmadığından Azərbaycan xalqı 100 milyard dollara yaxın pul itirdi bunun neçə milyardı Əliyevlər klanının ciblərinə axdı deyə bilmərəm. 20 il ötəndən sonra İlham Əliyevin heç bir xəcalət çəkmədən bu səviyyədə yalan danışması dəhşətdir. Xalqı bu günkü vəziyyətinə gətirib çıxardan bir şəxsin nə vaxtsa əməllərindən utanacağına inanmaqda sadəlövhlük olardı. Yalnız bir şey düzdür, mən iclası tərk edəndən bir neçə ay sonra ölkədən də getdim. Kaş, ölkədən mən yox, o gedəydi. Əgər belə olsaydı, Azərbaycan xalqı indiki vəziyyətdə olmazdı.

Ana səhifəVideoRəsul Quliyev: Heydər Əliyevə dedim ki, ayıbdır…