Rəsul Quliyev: “Azərbaycanda iqtisadiyyat dağılır və dağılmalıydı”

“Devalvasiya məsələsi seçkidən yox, hökumətin valyuta ehtiyatının sürətlə aşağı düşməsindən asılıdır”

Source:


“Devalvasiya məsələsi seçkidən yox, hökumətin valyuta ehtiyatının sürətlə aşağı düşməsindən asılıdır”

Prezident İlham Əliyev oktyabrın 12-də hökumətin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası hələ də müzakirə mövzusudur. Xüsusilə prezidentin məmurlara sərt təpkisi ictimaiyyətdə gözləntiləri artırıb. Ancaq bu istiqamətdə yanaşmalar müxtəlifdir.

Mühacirətdə olan eks-spiker Rəsul Quliyev tamam fərqli fikirdədir. Bu barədə baxışlarını Meydan TV ilə bölüşən Rəsul Quliyev hesab edir ki, prezident Əliyevin keçirdiyi müşavirələrin sivil dünya ilə heç bir əlaqəsi yoxdur: “Həm prezidentin, həm də nazirlərin çıxışları sovet dövründə keçirilən iclasların təkrarıdır. Yəni ətrafda hamı oğrudur, heç kim işləmir, yalnız bir nəfər çalışır. O da cəhd etməyinə baxmayaraq, ətrafdakıların hamısı xalqın xeyrinə olmayan işlərlə məşğuldur. Sırf totalitar rejimin idarəetmə üsulu olduğundan yenilik yoxdur”.

Rəsul Quliyev deyib ki, Azərbaycan əhalisi 9 milyon olan ölkədir, 16 milyardlıq büdcənin 6 milyardı inşaata gedir, 8 milyardını nazirliklər xərcləyir. Nazirliklərdə çalışan minlərlə adam həmin vəsaitə nəzarət üçün orada saxlanılır. Ona görə nazir, yaxud idarə rəisləri həmin pulları onların xəbəri olmadan necə xərcləyirlər, bu, gülməlidir: “Kiçik bir ölkədə nəzarətsizlik bu dərəcədə ola bilməz. Bu nəzarətsizliyə prezident və onun administrasiyası cavab verməlidir. Məsuliyyət onların üzərindədir, çünki naziri prezident təyin edir. Yaxud bankdan layihə üçün kredit götürürlər, amma təyinatı üzrə xərcləmirlər, bu, necə mümkün ola bilər?! Bankdan götürülən kredit bankın mülkiyyətidir və həmin kredit mərhələli şəkildə verilir, iş yoxlandıqca ödənilir. Normal idarəetmə bundan ibarətdir”.

“Məmurlar prezidentin sərt iradlarından nəticə çıxaracaqmı” sualına eks-spiker  cavab verib ki, o, prezidentin məmurlardan hansı nəticəni gözlədiyini bilmir: “Məgər, rüşvətimi artırmalıdır, sözün həqiqi mənasında bilmirəm. Bu gün Azərbaycanda iqtisadiyyat dağılır və dağılmalıydı, başqa variant da yoxdur. Çünki dövlət büdcəsinin 70 faizi birbaşa, 20 faizi isə bilavasitə neftdən asılıdır. Əgər neftin qiyməti 2 dəfə düşübsə, büdcə 1,8 dəfə aşağı düşməlidir, burada başqa heç nə axtarmasınlar, olanlar iflasdır. Vaxtında tədbir görüb neftdən asılılığı heç olmasa 30 faizə çatdırmalıydılar. Yaxın vaxtlarda buna nail olmaq mümkün deyil. Hökumət büdcə xərclərini 5 milyard azaldıb, amma bununla da vəziyyətdən çıxmaq qeyri-mümkündür. Dövlətin normal qaydaya davamlı olması üçün büdcə azı 2 dəfə aşağı salınmalıdır. Düzdür, buna gedəcəklərsə, inflyasiya artacaq və insanlar narazı olacaq”.

Rəsul Quliyev hesab edir ki, prezident xalqın qəzəbinin ona tuşlanacağından qorxduğu üçün köklü islahatlara getmək istəmir. Ona görə özünü məsuliyyətdən kənarlaşdırmaq istəyir və bütün günahı ətrafındakıların üzərinə qoyur: “Bu mənada onlara qəzəblənib, nəticə çıxarmalarını tələb edir. Sual yaranır; illərdir davam edən prosesə dözümsüzlük niyə 4 il əvvəl yox, bu gün yarandı? 7-10 il əvvəl də eyni situasiya idisə, niyə indi başladılar? Çünki iflasa uğrayan iqtisadiyyatın hakimiyyətə qarşı çevriləcəyi gerçəklikdir. Prezident də bundan təşvişə düşüb. Amma özü də fövqəladə nəticə gözləməyin əbəs olduğunu bilir. Nəticə nə ola bilər, birinci addım kimi məmurlar rüşvətdən əl çəkməlidir. Ancaq, ilk növbədə, hökumətin başçısı bu istiqamətdə addım atmalıdır. Qəti surətdə mümkün deyil ki, hökumət başçısı korrupsiyanın içlində ola-ola ətrafındakılar rüşvəti dayandırsın. Məsələ ondadır ki, hökumətin başçısı korrupsiyaya bulaşıb və o, ətrafındakıları buna məcbur edir. Başqa cür mümkün deyil. Tutaq ki, dayandırdılar, dövlət büdcəsindəki kəsiri necə düzəldəcəklər? Ona görə deyirəm ki, hökumət tam şəkildə iflasa gedir. Bu mənada insanların qəzəbini sakitləşdirmək üçün dövlət başçısı kimlərisə cəzalandıracaq, yaxud həbslər olacaq. Bu, təbiidir, başqa cür mümkün deyil. Son vaxtlar nəqliyyat naziri ətrafında baş verənlər sıradan bir şey deyil. Amma nəqliyyat nazirinin cəzalandırılması dırnaqarasıdır, çünki sistem bu cür işləyir. Yəni nəqliyyat naziri ilə başqa nazirin iş üslubu arasında ciddi fərq yoxdur. Hesab edirəm  ki, kiminsə cəzalandırılması aparılan siyasətin nəticəsi ola bilməz. Sadəcə, rejimin ömrünü bir qədər uzada bilər. Belə bir idarəçiliklə rejimi saxlamaq mümkün deyil. Yeganə yol siyasi-iqtisadi liberallaşmanı həyata keçirməkdir, başqa yol yoxdur. Amma bu variantla da tez nəticə olmayacaq, zaman lazımdır. 1 noyabr seçki kampaniyası göstərir ki, belə bir fikir indiki hökumətin beynində formalaşmayıb”.

Müsahibimiz seçkidən sonra hökumətin devalvasiyaya gedəcəyi barədə fikirləri belə izah edib: “Təəssüf ki, jurnalistlər də, iqtisadçılar da, siyasətçilər də heç bir əsasa söykənmədən hansısa hadisədən tez nəticə çıxarır. Elə hökumətin 1 noyabr seçkilərindən sonra manatın növbəti devalvasiya elan edəcəyi barədə fikirlər. Məgər, hökumət qorxur ki, devalvasiya qərarı versə, seçkiləri istədiyi kimi keçirə bilməyəcək? Axı hökumət kimdən qorxur ki, devalvasiya qərarı vermir? 15 gün qalıb seçkilərə, devalvasiya qərarını sentyabrın sonu, oktyabrın əvvəli versəydi, millət ayağa qalxacaqdı? Bunlar əsassız yanaşmalardır. Devalvasiya məsələsi seçkidən yox, hökumətin valyuta ehtiyatının sürətlə aşağı düşməsindən asılıdır. Hökumətin bu prosesin qarşısını alacaq heç bir tədbirlər planı yoxdur və ola da bilməz. Siz nazirlərin çıxışlarına inanmayın, maliyyənin, ümumiyyətlə, iqtisadiyyatın öz qanunları var, bunları nazirlərin uşaq ağlı məzmununda olan planları ilə idarə etmək mümkün deyil. 16 milyard büdcə var, hər ay 1,6 milyard manat büdcəyə gəlməlidir. Elman Rüstəmov 1,6 milyard gəlirin 700 milyonunu necə tapa bilər? Bu cür gülməli bəyanatları nə qədər səsləndirmık olar? Yaxud Abid Şərifovun nə planı ola bilər? Büdcəyə daxil olan valyuta kəsirini planın hesabına bağlamaq olar? Tutaq ki, Neft Fondundan pul gəlmədi, hansı maddəylə 500 milyon kəsiri kompensasiya edəcəklər? Ona görə nazirlərin dedikləri vaxt qazanmaqdan başqa bir şey deyil. Bilirlər ki, millətimiz aldanmağa həvəslidir. Azərbaycanlıların zəif xüsusiyyətidir ki, müvəqqəti sevinmək üçün yalan eşitməyi xoşlayırlar. Bilirsiniz, plan, tədbirlər kimi anlayışlar Azərbaycanda işləyə bilər, normal ölkələrdə bunlar keçmir. Məsələn, dünyada 2 dəfədən artıq prezident seçilməyi qəbul etmirlər.  Orta statistik azərbaycanlıya bu barədə sual versən “niyə iki dəfədən artıq prezident seçilmək olmaz, lap çox da olar” deyə cavab verəcək. Bax, bunun  səbəbini araşdırmırlar. Biri var parlament respublikası, bu cür ölkələrdə baş nazir 15 il də ola bilər, amma onun prezident kimi qərar qəbul etmək səlahiyyəti yoxdur. Çünki parlamentin müzakirəsi nəticəsində yerində qalır, yaxud istefaya göndərilir.  Prezidentli respublikaya gəlincə, bu iddiada olan adamın ideyalardan ibarət strategiyası olmalıdır. Həmin adam prezident seçilərsə, ideyalarını 4-5 ildə yerinə yetirir, ən çoxu 10 ildə tam həyata keçirir. 10 il sonra onda heç bir ideya olmur. Mən 5 il zavod direktoru olandan sonra bilmədim nə işlə məşğul olum, çünki nəzərdə tutduğum işləri gerçəkləşdirmişdim. Ona görə üçüncü, dördüncü dəfə prezident olan adamların ideyası olmadığı üçün kürsüdə vaxt keçirir”.

O, prezidentin sahibkarlarla bağlı məmurlara tapşırıqlar verməsini normal məntiqlə izah etməyin mümkünsüz olduğunu düşünür: “Sözün əsl mənasında belə tapşırıqlar gülüncdür, sivil dünyada dövlətin sahibkarlara münasibəti qanunlarla tənzimlənir, kiminsə onlara göstərişi ilə yox. “Sahibkarlara toxunmayın, sıxmayın onları” söyləmək nə deməkdir? Qanunlar bu məsələləri müəyyənləşdirir, prezident yox. Prezidentin həmin göstərişinin bir mənası var; yalnız mənim dediyim sahibkarlara toxuna bilərsiz, qalanlarına heç yaxın düşməyin. Hələ yaxşı ki, “məhkəmələr filan işi görməlidir” sözlərini demədi, bu, lap biabırçlıq olardı”.

Ana səhifəXəbərlərRəsul Quliyev: “Azərbaycanda iqtisadiyyat dağılır və dağılmalıydı”