Rəşo

Sənin qeyrətini 9 milyona bölüb, bu camaata paylasaydıq…

Source:


Redaksiyadan: Zaur Qurbanlı bu məktubu həbsdə olanda yazıb. Məktub NİDA VH-nin üzvü Rəşadət Axundova ünvanlanıb.

Gərək, gəldi, yazasan. Yoxsa bir ay qalmış yazmazdım. Arazın doğum günündə yazardım. 2011-ci ildə bizim bir “Partizan” adlı qrupumuz var idi. Sonra qrupa Turqut, Üzeyir, Rəşadət qoşuldu. O vaxt ictimai sektorda yeni idim. Üzeyiri əvvəldən az-maz tanıyırdım. Turqut və Rəşadəti isə heç görməmişdim. İncəliyinə qədər demirəm, “Partizan”da bir seçim anı oldu və mən bu 3 nəfəri seçdim. (Sonra birlikdə “Nida”nı yaratdıq). Nə yaxşı ki, belə elədim. Həyatımın ən doğru seçimlərindəndir. Onlar hamısı mənə əzizdirlər. Amma səmimi olum. Rəşadət azı bir köynək daha yaxındır. Məncə hamı mənim kimi hiss edir- Rəşadəti tanıyan hamı. Hər kəsə doğma.

“Fuck oil” mitinqi kimi məşhur olan kadrdan başqa Rəşadət haqda əməlli bilgi yox idi. Sonra tanışdım və sevdim. Həqiqətən,sevdim .Bir dəfə İsmi mənə demişdi ki, sizi sevirəm (həbsdəkiləri deyirdi). O qədər səmimi demişdi ki, mənim üçün ana, vətən, qadın və s. sevgisindən başqa bir də belə bir sevginin olduğunun fərqinə vardım. Bu, dost,mübarizə, nə bilim nə sevgisidir, bilmirəm. Amma mən Rəşadəti bu sevgi ilə sevirəm. Siz bilirsiniz ki, Rəşadətin güclü, fövqəladə təşkilatçılıq qabiliyyəti, yaxud avtoritarizmi, nə bilim, özünə bir qədər hörmət qazandıracaq ekstraordinar qabiliyyəti yoxdur?! Amma onun ətrafındakılar bilirlər ki, o, həmişə ən nüfuzlu, ən çox hörmət olunandır. “Nida” İdarə Heyəti seçkilərindən birində mən Rəşadət qədər səs almışdım. Və bu, mənim nüfuzumu xeyli artırdı.

“Rəşadət qədər”, “Rəşadət kimi”…o, bizim etalonumuzdur-cəsarət, vicdan, səmimiyyət, mübarizlik,dostluq, yoldaşlıq…. etalonumuz. Bir dəfə Nidaçılarla aramda anlaşılmazlıq yaranmışdı.Səhvimi başa salmaqdan ötrü Rəşadətlə təkbətək görüşdüm. O görüşdə danışdığım adamı təsvir edə bilməyəcəm. Sadəcə onu deyim ki, onda gördüyüm səmimiyyət məndə bir fikri qətiləşdirdi – mən onun tutduğu, getdiyi yolda başımı qoymağa hazır olmalıyam.

Yeni tutulanda bir-birimizi görmürdük. Bir dəfə Təcridxanada vəkilin yanından çıxanda gördüm Rəşadət qonşu otaqdadır. Artıq aylar idi ki, görüşmürdük. Nəzarətçilər yetişənə qədər görüşə bildik. Nədənsə onda mənə elə gəldi ki , “Fuck oil” şəkli ilə qucaqlaşıram. Rəşadət heç vaxt fotogenik olmayacaq. Çünki o qədər səmimidir ki, həmişə adama yaxın olur. Həmin o “fuck oil” şəklinə baxın, ordan nə təəssürat alsanız, əmin olun ki, Rəşadət odur.

Son məhkəmə proseslərindən birində hal şahidi gətirmişdilər üzümüzə durmağa. Yəqin xatırlayırsınız-süpürgəçi paltarında, məzlum, yazıq, bədbəxt xalqımızın tipik surəti. Hamımız təsirləndik. Amma Rəşadətə baxanda mən məhv oldum. Gözləri dolmuşdu – “bu xalqı nə günə qoyublar”?! deyə. Əlbəttə, siyasi məhbus kimi millətin işıqlarını türmələrə doldurublar. Amma o anda bir şeyi fikirləşirdim: “axı, bu adamı necə tutmaq olar? “Rəşadət elə bir işıqdır ki, onu tutmaq Stalinizmdən daha artıq qəddarlıqdır, kimi gəlmişdi onda mənə.

Adam ən çox inandığı dəyərlərə də hərdən şübhə edir. Ən güclü şübhələrimdə də mənim yol göstərən bir işığım olur. Mən bilirəm ki, Rəşadətlə bir yoldayam. Özünə də demişəm. SSRİ-dən də totalitar rejimdə olsaq, bu meydana çıxmağa vicdanlı adam axtarsam, Rəşadət yanımda olacaq. Sırf ona görə ki 1968-də Praqaya dəstək üçün Qızıl Meydana çıxan 7 nəfərdən biri dediyi kimi, göstərək ki, bu xalq hələ ölməyib.1 ay əvvəldən təbrik edirəm, başqan. Sənin qeyrətini 9 milyona bölüb, bu camaata paylasaydıq, dünyanın ən azad ölkəsi olardıq.

Səni sevirəm, Reşo.



Zaur Qurbanlı





18.03.2014




Bakı İstintaq Təcridxanası

Ana səhifəMənim FikrimcəRəşo