“Abunəçilərimizi yanlış məlumatlara və şayiələrə inanmamağa çağırırıq”
Sosial şəbəkələrdə Hadrut meşələrində “Azercell”-in 3 işçisinin öldürüldüyü haqda məlumat yayılıb. Məsələni dəqiqləşdirdiyini yazan ictimai fəal Haldun Novruzzadə bildirib ki, Azərbaycan vətəndaşlarını öldürənlər onların “Pikap” avtomobilinə minərək ərazidən uzaqlaşıblar.
Meydan TV yazdığı xəbərlə bağlı Haldun Novruzzadəylə əlaqə saxlayıb.
İctimai fəal bu barədə konkret danışmayıb və ad çəkməyib:
“Mən də eşitmişəm, amma öldürülənlərin kimliyini və hadisənin nə zaman baş verdiyini bilmirəm”.
İlahə adlı sosial şəbəkə istifadəçisi isə şərhində bunları yazıb:
“Əsgərlərimizdən biri məsuliyyətsizlik ucbatından əllərinə keçib və şəhid olub. Qaçanda “Azercell”in işçiləri ilə qarşılaşıb, bir nəfəri qolundan yaralayıblar. “Düz söhbət” deyib, səhv məlumat yayırsınız. Diqqət edin, zəhmət olmazsa”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə onlarda bu barədə hər hansı məlumat olmadığını deyib.
Respublika Prokurorluğundan da onlarda belə məlumat olmadığı bildirilib.
“Azercell Telekom” MMC isə dekabrın 9-da yayılan məlumatları təkzib edib.
Şirkət bildirib ki, MMC Qarabağ və işğaldan azad edilən digər bölgələrdə müasir mobil kommunikasiya infrastrukturu qurmağa davam edir:
“Odur ki, bu ərazilərə aid bütün şəhər və rayonlarda “Azercell”-in LTE mobil şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində texniki komandamız müvafiq işləri uğurla həyata keçirir. Abunəçilərimizi yanlış məlumatlara və şayiələrə inanmamağa çağırır və yalnız Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməyi xahiş edirik”.
Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.