“Rəsmi Bakının Qərbdən umacağı var”

“Hakimiyyət hesab edir ki, Qərb mövcud situasiyada Azərbaycanı müdafiə etmədi, Rusiyanın qarşısında tək buraxdı”

Source:


“Hakimiyyət hesab edir ki, Qərb mövcud situasiyada Azərbaycanı müdafiə  etmədi, Rusiyanın qarşısında tək buraxdı”



Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli toplantısındakı çıxışı artıq sosial şəbəkələrdə və mediada müzakirə obyektinə çevrilib. Xüsusilə çıxışın anti-Qərb əhval-ruhiyyəsi daha çox diqqət çəkib. Prezident deyib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub.  Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı: “Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağaçalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heçbir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır”.



Çıxışdan yaranan suallarımızı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya ünvanladıq.


–   Ərəstun bəy, prezidentin bu cür sərt ritorikasının səbəblərini nədə görürsünüz?

–  İlk növbədə məncə bu, Rusiyanın bölgədəki siyasəti, xüsusilə də onun müxtəlif yollarla Azərbaycanın üzərinə gəlməsi ilə bağlıdır. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyətinin Qərb siyasətində tam hesablanmamış taktika həyata keçirildi. Yəni Qərb hədəfə alındı, rəsmilərin, əsasən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dilindən son dərəcə sərt fikirlər səsləndirildi və ilk növbədə də Amerika Birləşmiş Ştatları haqqında. Bu proses 2 ilə yaxın davam etdi və paralel olaraq ölkədə repressiyalar həyata keçirildi, vətəndaş cəmiyyətinin fəaliyyəti sərt şəkildə məhdudlaşdırıldı ki, bütün bunlar da “Qərb təhlükəsi” ilə əlaqələndirildi. Son nəticədə bu planlı fəaliyyət Azərbaycan-Qərb münasibətlərinə öz neqativ təsirini göstərdi. Öz növbəsində bu amil də Qərb dövlətlərini Azərbaycanla münasibətləri fərqli müstəviyə keçirməyə sövq etdi ki,bu, əməkdaşlığın zəif olduğu müstəvi idi. Planlı şəkildə həyata keçirilən siyasətin yaratdığı vəziyyətdən  Rusiya yararlanmağa başladı. Ermənistanın silahlandırılması, Gürcüstanda Bakı-Supsa neft kəmərinin keçdiyi ərazinin Rusiya qoşunları tərəfindən nəzarətə götürülməsi və digər addımlar əslində Moskvanın Bakıya təzyiqləridir. Artıq Rusiyanın Azərbaycan siyasətində sərt xəttə hazırlığa başladığını əminliklə demək olar.


–  O zaman niyə Qərb hədəfə alınır, Rusiya yox?

–  Ona görə ki, rəsmi Bakının Qərbdən umacağı var. Azərbaycan hakimiyyətində belə hesab edirlər ki, Qərb mövcud situasiyada Azərbaycanı müdafiə  etmədi, Rusiyanın qarşısında tək buraxdı. Halbuki, mövcud vəziyyət məhz hakimiyyətin özünün apardığı siyasətin nəticəsidir. Düzdür, şəxsən İlham Əliyev iyulun 13-ə qədər Qərbin əleyhinə açıq danışmamışdı və bu, birinci dəfəydi. Ancaq hakim komandada önəmli vəzifələr tutan Novruz Məmmədov, Ramiz Mehdiyev Qərb haqqında yetərincə sərt danışmışdılar. Görünür, Azərbaycanın Rusiya qarşısında təklənməsi hakimiyyət üçün kritik vəziyyət yaradır. Bu isə gördüyümüz reaksiyaları doğurur. Fikrimcə, Əliyevin çıxışında iki məqam xüsusilə diqqət çəkəndir: birinci, Qərb dedikdə, daha çox Avropa nəzərdə tutulurdu, Amerikanın ünvanına isə demək olar ki, heç bir ittiham səsləndirilmədi. İkincisi, Əliyev sonda Qərbi əməkdaşlığa çağırırdı, baxmayaraq ki, çıxışının emosional nöqtəsində hətta Avropa Şurasından çıxa bilmək ehtimalını da dilə gətirdi.


–  Necə yəni, Qərbi sərt tənqid edir və əməkdaşlığa çağırır?

–  Bilmirəm, görünür siyasətdə hər kəsin öz yanaşma meyarları var. Yəqin, “ biz müstəqil siyasət aparırıq” söyləmək o anlamı verir ki, bizim daxili siyasətə qarışmayın, amma həm də bizi Rusiyadan qoruyun.  Belə münasibətlər modeli isə adətən işləmir, çünki Azərbaycanın daxili siyasəti Qərb təşkilatlarında, beynəlxalq aləmdə çox neqativ reaksiyalar doğurur və belə ictimai rəy qarşısında Avropa liderləri acizdilər. Çünki onların Azərbaycana və ya digər avtoritar rejimli dövlətə doğru reveransı cəmiyyətləri tərəfindən sərt təpki ilə üzləşə bilər ki, bu da onlar üçün seçkilərdə uğursuzluq üçün münbit zəmin deməkdir. Məsələn, Rumıniyanın Baş naziri Avropa Oyunlarının açılış mərasimindəki iştirakına görə ölkəsində kəskin təniqdə məruz qaldı. Bu, hələ Rumıniyadır. Almaniya, Fransa və digər Qərbi Avropa ölkələrində vəziyyət daha fərqlidir. Bu ölkələrdə siyasətçilər ictimai rəydən tam asılıdır. Digər tərəfdən, demarş şəklində insan haqları ilə bağlı tələblərin yerinə yetirilməyəcəyini və faktiki olaraq həbslərin davam etdiriləcəyini demək, əməkdaşlıq üçün heç bir şans vermir. Ona görə də İlham Əliyevin nədən bütün istiqamətlərə “atəş açdığını” anlamaq da çətindir. Təbii ki, mən  hər tərəflər deyəndə Qərbdəki tərəfləri nəzərdə tuturam. Bilirsiniz ki, Almaniyanın iqtisadiyyat naziri Azərbaycana səfərini ləğv etdi. Görünür, Almaniya Bundestaqının ünvanına yönələn ifadələr sətiraltı səfərin ləğv olunması ilə bağlıydı. Əslində, Bundestaqdakı müzakirələr elə ciddi də deyildi, orda cəmi 60-a yaxın deputat iştirak edirdi ki, bu da Bundestaq üzvlərinin cəmi 10 faizə qədəri deməkdir. İkincisi, Bundestaq ali qanunverici orqan olduğundan Almaniya hökumətindən asılı deyil və öz fəaliyyətində tamamilə müstəqildir. İqtisadiyyat naziri isə Merkel hökumətinin üzvüdür. Bu mənada sərt ritorika bəlkə də elə  hökumətə ünvanlamışdı.


–  İlham Əliyevin çıxışının daxili və xarici siyasətdə nəticəsi necə olacaq?

–  Daxildə repressiyalar davam edəcək, hakimiyyətin ünvanına ən yüngül tənqidlər səsləndirənlər də həbs oluna bilər, bu məsələdə yenilik yoxdur və bunu biz öncədən proqnozlaşdırmışdıq. Çünki qarşıdan ciddi sosial-iqtisadi böhran gəlir, neftin qiymətinin enməsi də realdır. İran və “altılıq” arasındakı anlaşma artıq “qapının ağzındadır”. Bu anlaşma da neft qiymətinə öz təsirini göstərəcək. Təsadüfü deyil ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iyulun 13-də bəyan etdi ki, Azərbaycanın maliyyə bazarı neftin barrelinin hətta 40 dollara düşməsinə də hazırdır. Düzdür, cənab Rüstəmovun söylədiklərinə şübhə doğursa da, 40 dollar rəqəmi sıradan bir məsələ deyildi, çünki indi əksər proqnozlar məhz bu rəqəm ətrafındadır. Hesab etmirəm ki, büdcədə 90 dollar götürülən neftin qiyməti 40 dollara düşəndə bunun iqtisadiyyatımıza təsiri olmayacaq. Çox ciddi təsiri olacaq, ona görə görünür daxildə ictimai diqqəti bu məsələlərdən bir qədər yayındırmağa ehtiyac olacaq. Bu yöndə “beşinci kolon” söhbətləri davam edəcək və Qərblə münasibətləri də bu fonda normallaşdırmaq mümkün olmayacaq. Əksinə, mən daha da kəskinləşmə olacağını istisna etməzdim. Nə qədər ki, Azərbaycanın xarici siyasətinin prioritetləri aydın deyil, bu, Qərblə münasibətlərə öz neqativ təsirini göstərəcək. Neft-qaz məsələlərinə gəlincə, Azərbaycan neftinin həcmi azaldığından düşünmürəm ki, o, Qərbdə maraq doğursun və neftin bu gün əsas alıcısı Qərb yox, İsraildir. Qaz layihələri isə çox qarışıq bir durumdadır və İran-5+1 formatında danışıqlar müsbət nəticələnərsə İranın da qaz bazarına gələcəyini unutmamalıyıq. Azərbaycan qazının Avropanın tələbatının cəmi 2-3 faizini ödəyə biləcəyini və Amerikanın şist qazının, Şimali Afrika qazının bazara gəldiyini nəzərə alsaq, məncə xeyli fərqli energetik  mənzərə alınır. Xarici siyasətdə isə qeyri-müəyyənlik davam edəcək.


–  Bəs Rusiya prezidenti Putinin dediyi kimi Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacaqmı?

–  Düşünmürəm və Azərbaycan rəsmilərindən də bu məsələyə dair heç bir münasibət bildirilməyib. İkincisi, İlham Əliyev “heç kəs əvəzimizdən bizim yerimizi müəyyənləşdirə bilməz” bəyanatını da verdi. Ehtimal edirəm ki, bu fikirləri ilə Əliyev Putinə də cavab verib. Çünki ABŞ və Avropa Azərbaycanın yerini müəyyənləşdirmir, sadəcə, təkliflərini və şərtlərini irəli sürür. Vladimir Putin isə “Azərbaycan ŞƏT-na qoşulmaq istəyir” deməklə Azərbaycanın faktiki yerini və beynəlxalq əməkdaşlıq çərçivəsini müəyyənləşdirir. Amma Azərbaycan rəsmiləri bu barədə susurlarsa, deməli, əslində söhbət Moskvanın Bakıya diqtəsindən gedir.

Ana səhifəXəbərlər“Rəsmi Bakının Qərbdən umacağı var”