Rəsmi Bakı Vilnüsdən Yerevana çağırış etdi

Foto: XİN

Bayramov litvalı həmkarı ilə birgə mətbuat konfransı keçirib

Ermənistanla normallaşma prosesində irəliləyiş sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və nəqliyyat və kommunikasiyanın bərpası baxımından gözlənilənlərdən azdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqis ilə keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov oradan Yerevana çağırış da edib:

“Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və bütün ölçülərdə normallaşdırma danışıqlarına daha çox səy göstərməyə çağırırıq”.

Hesab edirik ki, irəliyə doğru ən yaxşı yol qarşılıqlı tanınma və bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasından keçir”, – deyə nazir əlavə edib.

Mayın 4-də Vaşinqtonda Azəbaycan və Ermənistan xarici işlər nazirlərinin 4 günlük gürüşü başa çatıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken elə həmin gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edildyini bildirmişdi:

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətRəsmi Bakı Vilnüsdən Yerevana çağırış etdi