XİN Ermənistanı təcavüzü davam etdirməkdə günahlandırıb
“Ermənistanın Baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Baş nazirin ölkəsinə demokratiya donu geyindirərək təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil”.
Bunu martın 30-da Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında deyib ki, Azərbaycan açıq şəkildə Dağlıq Qarabağ ermənilərinin soyqırımına hazırlaşır.
Baş nazir Ermənistanın Dağlıq Qarabağa hərbi daşıma həyata keçirmədiyini və Ermənistanın Dağlıq Qarabağda ordusunun olmadığını iddia edib:
“2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə Ermənistanın bu faktı yoxlamaq üçün Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərmək təklifini Azərbaycan özü rədd edib”.
Ayxan Hacızadə Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarı ilə bağlı dediklərini əsassız adlandırıb:
“Paşinyanın növbəti dəfə qərarı yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur“.
Ayxan Hacızadə bildirib ki, Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması Azərbaycanın suveren hüququdur:
“Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır”.
“Paşinyanın Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması bu ölkənin Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur. Ermənistan üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır. Ermənistan beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – Hacızadə əlavə edib.
Baş nazirin etnik təmizləmə və “soyqırım” aktı barədə dediklərinə gəlincə, XİN rəsmisi deyib ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb:
“Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir”.
2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən İkinci Qarabağ müharibəsində hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.