Rəsmi Bakı Fransanı sülhə mane olmaqda günahlandırır

Azərbaycan-Fransa. Mənbə: MMES Studio/shutterstock

Ceyhun Bayramov: “Fransa Müdafiə nazirinin Ermənistana gəlməsi, təhrikedici açıqlamaları buna nümunədir”

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Fransanı yenidən bölgədə gərginlik yaratmaqda günahlandırıb.

O deyib ki, Ermənistanla Azərbaycan arasında süll istiqamətində atılan müsbət addımlar zamanı Fransanın canfəşanlıq etməsi məsələnin gərginləşməsinə xidmət edir.

“Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə keçirilən görüşdən sonra sülh prosesinin inkişaf etdirilməsinin vacibliyi qeyd olundu, razılaşdırıldı. Amma bundan dərhal sonra Fransa Prezidentinin açıqlaması, daha sonra Fransa Müdafiə nazirin Ermənistana gəlməsi, təhrikedici açıqlamaları da buna nümunədir”, – nazir bildirib.

XİN rəhbəri əlavə edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir.

“Yəni nəticədə, onların, belə demək olarsa, sevimli oyuncaqları əldən gedir”, – Ceyhun Bayramov deyib.

Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirib.

Makron deyib ki, o, Paşinyanla Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiya riskini müzakirə edəcək.

O, Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülhə çağırış edib.

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət məsələsində, xüsusilə də Ermənistanla sərhədlərinin xoş məramla delimitasiyası və demarkasiyasına əsas olacaq xəritə məsələsində hər hansı ikimənalılığa son qoymalıdır”, – Makron deyib.

Makron həmçinin deyib ki, bu, habelə qoşunların sərhəddən qarşılıqlı çəkilməsinin əsası olmalıdır.

Ermənistan delimitasiya üçün 1970-ci illərə aid son sovet hərbi xəritələrindən istifadə olunmasında israr edir.

Fevralın 22-də isə Fransanın müdafiə naziri Sebastyan Lekornu (Sebastien Lecornu) Yerevanda erməni həmkarı Suren Papikyanla birgə brifinq keçirib.

Brifinqdə deyib ki, Fransa Ermənistanı yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Nazir əlavə edib ki, bu və digər silah təchizatı sırf müdafiə xarakterlidir.

Lekornunun sözlərinə görə, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz.

Azərbaycan XİN isə Makronun bəyanatını pisləyib, onun regionda yeni gərginlik yarada biləcəyini deyib.

Eyni zamanda, son vaxtlar Bakı ilə Paris arasında münasibətlərin soyuması da müşahidə olunur.

Ermənistanla Azərbaycan arasında nə baş verib?

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətRəsmi Bakı Fransanı sülhə mane olmaqda günahlandırır