Məlahət Həsənova: "İnsanlar özlərini qorumalıdır, payız ayları çox təhlükəlidir"
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudovun ötən gün “APAralel” proqramında çıxışı edib.
Rəşad Mahmudov Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasınından danışarkən etiraf edib ki, COVİD-19 infeksiyasıyla mübarizədə sərt karantin rejiminin heç bir faydası olmayıb:
“Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Tibbi nöqteyi-nəzərdən faydasına görə karantin tətbiq olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Biz məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.
Doktor hesab edir ki, payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək.
Onun sözlərinə görə, COVİD-19 da digər virus xəstəlikləri kimi olacaq: "Vaxtilə “Heptatit A” virusu ilə nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə, indi çaşqınlıq var, bu çaşqınlığı da virus yaratmayıb. O, belə aqressiv olmamalı idi. İnsanlıq olaraq biz virusa müdaxilə etmişik, biolojik olaraq ola biləcək ehtimallar, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”.
Deputat Məlahət Həsənova Meydan TV-yə deyib ki, COVİD-19 yeni koronavirus olduğundan mart ayında Azərbaycan sərt karantin rejiminə keçməyə məcbur idi:
"Bu, həmin aylar idi ki, Avropanın inkişaf etmiş ölkələrində, Fransada, İspaniyada, İtaliyada hər gün yüzlərlə adam ölürdü. Və yeni koronavirus artıq Azərbaycanda da yayılmışdı. O zaman xəstəlik yeni olduğundan dövlətlər hərəkət məhdudiyyəti tətbiq edir, maskalardan, spirtdən istifadəni əsas götürdülər, başqa variant da yox idi. Çünki hələ də vaksin hazır deyil. Amma indi başqa mərhələdir. Azərbaycan hökuməti ötən 5-6 ayda ciddi hazırlıqlar gördü, insanlar da karantin qaydalarına vərdiş edə bildi. Halbuki bir neçə ay əvvəl insanlar yeni koronavirusun uydurma bir şey olduğunu israrla deyirdilər. Bu gün isə açıq havada da maskadan istifadə edirlər, amma açıq havada maska vacib deyil. Deməli, karantin rəftarına vərdiş etmişik. Ona görə də əgər COVİD-19 infeksiyasının ikinci dalğası başlasa, əvvəlki sırt karantin rejiminə ehtiyac olmayacaq. Müəyyən qaydalar qala bilər, amma əvvəlki sərtliyin bərpa olunacağını gözləmirəm. Çünki Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə ölkəyə həm həkimlər, həm də tibbi aparatlar gətirildi, maska istehsal edən fabrik işə başladı, xəstəxanalar açıldı. İkinci, həkimlərimiz də hər hansı fövqəladə hadisəyə hazırdır. Ən əsası insanlar özlərini qorumalıdır, payız ayları çox təhlükəlidir, səhər isti, axşam hava soyuyur, dəyişkən havada ehtiyatlı olmaq vacibdir”.
Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.
Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi.
Karantin rejimi sentyabrın 30-na qədər uzadılsa da, ayın birinci on günlüyündə rayonlara gediş-gəliş
açılıb
.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Eyni zamanda, ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik edilir: “6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək”.
Azərbaycanda indiyədək ümumilikdə 38 min 517 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 566 pasient ölüb.