“Görərsiniz sizin başınıza nə oyun açacam”
Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Şamaxı rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayev və şöbənin əməkdaşı Fikrət Musayev şahid qismində ifadə veriblər. Onlar Rövşən Zahidovun həbsindən danışaraq bildiriblər ki, o, ötən il iyulun 20-də inzibati qaydada həbs olunub. O, inzibati həbsdə ola-ola Bakıdan Səbail Rayon Polis İdarəsinin və Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Şamaxı Rayon Polis Şöbəsinə gələrək, Rövşən Zahidovun evində axtarış aparılacağını bildiriblər. Şöbədə Şamaxı polisləri də onlara qoşulub, Rövşən Zahidovun evinə gediblər. Axtarış zamanı Rövşən Zahidovun evdəki pencəyinin cibindən narkotik vasitə aşkar edilib.
Rövşən Zahidov Polad Qarayevin yalan danışdığını bildirib: “Düzünü danışın, vicdanınız olsun. Hələ narkotik ittihamından əvvəl iyulun 20-də Şamaxı şəhərində heç bir günahım olmadığı halda, küçədən tutulub şöbəyə aparılmağımla bağlı polis rəisi Habil Əmiraslanov və onun müavini Polad Qarayev göstəriş vermişdi. Ölüm ayağında da məni danışdırsanız, bunları deyəcəm. Çünki o hadisələri bunlar mənə yaşadıblar. Polad Qarayev mənə dedi ki, “bizlik heç nə yoxdur, hamısı Qənimətə görədir”. Həbs olunandan sonra məni müvəqqəti saxlama yerindən çıxarıb rəisin otağına apardı. Mənə dedilər ki, evindən narkotik çıxıb. Mən də bunun yalan olduğunu bildirdim. Dedilər ki, Rüfət tutulub, sən də ifadə ver ki, ondan almısan, işin yüngülləşsin. Lakin mən razı olmadım. Belə vicdansızlıq etmək olmaz “.
Rövşən Zahidov onu küçədən tutub şöbəyə aparanlardan birinin polis əməkdaşı Fikrət Musayev olduğunu deyib: “Fikrət Musayev, yadındadı mənə deyirdin ki, Qənimət gəlib sizi qurtarsın. Mən sənin yerinə olsam, evimə bu cür əməllərlə çörək aparmaqdansa, zəhər apararam”.
Lakin Fikrət Musayev belə bir hadisənin baş vermədiyini deyib.
Şahidlər məhkəmə zalından çıxan zaman prosesdə iştirak edən təqsirləndirilən şəxslərin qohumları polisləri yalan ifadə verməkdə qınayıblar. Bu zaman polis rəisinin müavini Polad Qarayev onları hədələyib: “Görərsiniz sizin başınıza nə oyun açacam”.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.