Rəhman Bədəlovun mənası

Sizi Kamal Abdullanın PR menecerinə çevirən qüvvə…

Source:

Bu yazını, Günelin və Seymurun yerinə Rəhman Bədəlova verilmiş cavab kimi qəbul etməyin. Yazı, səsli düşünmək cəhdindən başqa bir şey deyil. Rəhman Bədəlovun, Kamal Abdullanın yaradıcılığına həsr olunmuş məlum yazısının

kultura.az

 portalında dərc olunmamasından və professorun hələ o vaxt göstərdiyi sərt reaksiyadan sonra səsli düşünmək istəmişdim, amma qıymamışdım – illərin əməkdaşlığı, səmimi münasibəti saxlamışdı məni.

Rəhman müəllim gileylənir ki, “adımı kultura.az-ın müəllifləri siyahısından çıxarıblar”. Professor, insaf yaxşı şeydir. “Adımı dərhal müəlliflərin siyahısından silin!” əmrini neçə nəfərə ünvanlamışdınız, xatırlayırsınız? Yadınıza sala bilərəm – saytdan ad silmək imkanı olan və olmayan azı 5 nəfərə. Tələbiniz bu qədər sərt və intensiv olunca da, adınızı ordan silməkdən başqa əlac qalmamışdı. Ola bilsin, ürəyinizdə körpə bir ümid közərirdi ki, “bəlkə silməzlər, yalvararlar, araya minnətçi salarlar”, amma olmadı. Bilirsiniz, professor, indi hamımız vaxt darlığı yaşayırıq, belə işlərlə məşğul olacaq qədər bekar deyilik.

Kultura.Az portalından adınız, sizin tələbiniz üzrə silinib. Xahiş edirəm, dəqiq olaq.

Sonra yazırsınız ki, “İmkan daxilində sinfi yanaşmadan qaçın. “Bizimkilər” dəstəsinə, “bizimkilər” dərnəyinə çevrilməyin.”

Bu çağırışınız da çox təəccüblüdür. Portalla sizin aranızdakı konflikt, məhz elə sizin portalı “bizimkilər klubu”na çevirmək cəhdinizdən sonra başlamadımı? “Rəhman Bədəlov

kultura.az

 portalını son dönəmdə Kamal Abdullanın təbliğat meydanına çevirib” qənaəti təkcə Seymurun, Günelin, mənim yox, həmçinin bir çox oxucumuzun və müəllifimizin ortaq qənaəti olmuşdu. İnsafən, siz də təkcə kultura.az-da yox, mümkün olan hər yerdə Kamal Abdullanı təbliğ və tərif edirdiniz.

“Bizimkilər klubu” ittihamı həm də ona görə tənqidə dözmür ki, yazınızın hədəfi olan adamların söz sahibi olduqları layihələr (

kultura.az

 və

meydan.tv

) gənc olsun, yaşlı olsun – hər kəsin üzünə açıqdır. Hər kəsə özünü sınamaq, düşüncələrini paylaşmaq fürsətini tanıyır. Seymuru senzor adlandırırsınız, amma Seymurun senzorluğu da Kamal Abdulla haqqında on yazı yazmış müəllifin on birinci yazısına “Stop” deməkdən başqa bir şey deyil. Senzorluq budursa, o zaman mənə bir media resurs adı çəkin ki, siz orda Kamal Abdulla, ya da qeyrisi haqda, dalbadal 2-3 yazı verə bilərsiniz. Eyni məzmunlu ikinci yazınızda, sizə artıq “Stop” qoyardılar.

Kultura.Az-ın təsisçisiyəm deyirsiniz. Kultura.Az portalı mənim ve Elmir Mirzəyevin birgə layihəmizdir. Onu biz yaratdıq və maliyyə dəstəyi tapdıq. Sonra, sayta müəllifləri cəlb etməyə başladıq. Bu portal sayəsində tanındıq, sizi də tanıtdıq. Kultura.Az portalından sonra Rəhman Bədəlova, Niyazi Mehdiyə yazı yazdırmaq, təbdbirlərə dəvət etmək, “ağsaqqal” demək dəb oldu. Biz sizi trendə çevirdik. Gəncləri başınıza topladınız, müxtəlif qruplara çıxış tapdınız. Gənc nəslin sizlərə “hörmətli professor” deyə xitab etməyə başlaması, məhz kultura.az-ın xidmətidir.

Bunları minnət üçün demirəm. Biz bir-birimizi tanıtdıq, bir-bizimizi ucaltdıq. Biz tanındıqca, siz də tanındınız. Siz tanındıqca, biz tanındıq. Amma təşəbbüs bizim oldu, buzları biz əritdik, bu bayquşxanada

kultura.az

 bir nəfəslik oldu, təmiz hava oldu, meydanoxuma oldu. Lütfən, professor, mənə cavab yazacaqsınızsa, bunları da etiraf edin. Yoxsa Günelə və Seymura yazdığınız yazını oxuyub “Rəhman müəllim bunları nə zor cırdı” deyən və ekstaza düşən zavallıların söhbətlərdən xəbəri yoxdur. Etiraf edin ki, əvvəl boşluq və səssizlik vardı. Sonra

kultura.az

 oldu. Kultura.az-ı da bu adamlar yoxdan var etdilər. Bu etirafı sizdən gözləmək haqqımızdır, xahiş edirəm çox yaxın tarixi təhrif etməyin.

Sual edirsiniz ki, “Kamal Abdullaya niyə yaltaqlalanım? Mənə onun pulu lazımdır, xarici səyahətləri lazımdır?” və s. Cavab, sualın özündə gizlidir, hörmətli professor. Belə “freydist” sualı sizdən gözləməzdim doğrusu. Bəli, Kamal Abdulla sizə həm pul, həm də xarici səfərlər təmin edir ki, həm pul, həm də xarici səfərlər sizin haqqınızdır. Siz intellektinizi, zəhmətinizi satırsınız. Biz də həmin işlə məşğuluq. Kamal Abdulladan pul və səyahət əldə etməkdə qəbahət iş yoxdur. Qəbahət odur ki, bu pulun və səfərlərin müqabilində yalnız onun şənini ucaltmaqla mükəlləf olursunuz. Kədərli olan da budur.

Professor, Kamal Abdulla haqda yazdığınız tərif dolu yazı kultura.az-da getməyəndən sonra, çox qəzəbləndiniz. Ümumiyyətlə, çox sərt və acıqlı görürəm sizi. Faciənizi də nəzərə alıram. Acılarınızı bölüşürəm. Hədəfə aldığınız adamların sizə cavab verməməsinə səbəb də  sizin faciənizdir. Lakin siz qəzəbinizi sosial şəbəkələrdən çıxarıb, mediada tirajlamağa başlayınca, kimsə bu ittihamlara aydınlıq gətirməli idi.

Siz hər zaman belə qəzəbli və prinsipial olmursunuz, professor. Yadınızdadır, Rüstəm İbrahimbəyovun kinofestivalında, Anar Rzayev gəlib başınızın üstündə dayandı, sizə necə çəmkirdi? Siz, mədəni adam, orda necə pərt oldunuz, necə pis vəziyyətə düşdünüz? Nə o vaxt, nə də ondan sonra, siz Anara layiq olduğu cavabı vermədiniz. Professor, Anarın zəhmi, eynəyi və qəlyanı qarşısında necə əzildiyinizi biz çox yaxşı xatırlayırıq. Sizin səs tonunuz dəyişmişdi, əsirdiniz. Bükülmüşdünüz. Anar isə zəfər qazanmış sərkərdə kimi dayanmışdı başınızın üstündə. Sizi əzdikcə əzirdi.

Yadınızdadır, professor, teatrşünas bir arvad vardı, adı da Zara. Həmişə onu yanınızda gəzdirirdiniz, ya da o sizi yanında gəzdirirdi. Arvad Çeçenistandan gəlmişdi, Bakıya yerləşmişdi və elə bilirdi ki, bu şəhərin sakinlərinin hamısı, Rəhman Bədəlov kimi mülayim və üzüyola adamlardır. Bir gün siz məni bu arvadla tanış etdiniz, yanımızda Ülvi Mehdi də vardı. Mərkəzdə bir kafedə oturduq, arvad danışmağa başladı. Coşduqca coşurdu, ittihamın biri bir qəpik, təmiz buraxmışdı özünü. Bizə ağıl öyrədirdi, sizə göz ağardırdı, özündən razı ədaları ilə restoranın atmosferini korlayırdı. Yadınızdadır, professor, siz susmuşdunuz, qırıq-qırıq nəsə deməyə çalışırdınız. Sonda dözməyən yenə mən oldum. Çeçenistandan gəlmiş teatrşünas arvada dedim ki, “dur s…r burdan”. Qısa və konkret, professor. Bilirsiniz ki, tərzim budur. Bu tərzimi çox sevirəm.

Sizin isə gic-gic adamların qarşısında əzilməyinizi, amma növbə bizlərə çatanda aslana çevrilməyinizi həzm edə bilmirəm. Mən görməmişəm professor, amma görənlər danışır ki, Kamal Abdullanın qarşısındakı pozanız ürəyimizi ağrıdır. Bu poza acınacaqlıdır, professor.

Mən bilmirəm, o hansı qüvvədir ki, sizi Kamal Abdullanın mətbuat katibinə, PR menecerinə çevirib? Bu hər nədirsə, puldan və xarici səfərlərdən daha böyük bir şeydir. Deyirsiniz ki, “Kamal Abdulla Dədə Qorqudu danışdırıb”. Gözlərinizi açın professor, Kamal Abdulla sizdən başqa heç kəsi danışdıra bilməyib. Danışan ancaq sizsiniz. Kama Abdullanın titulu, pulu, vəzifələri olmasa, onun adına heç bir dəftərdə, kitabda rast gəlmək olmaz.

Yazırsınız ki, “Məna tapmayanda sınmamağı” öyrənmisiniz. Nə gözəl. Deməli Kamal Abdullada məna tapmısınız ki, sınmısınız. Sınmağa dəyərdimi?

Olmaz olsun belə məna.

Ana səhifəMənim FikrimcəRəhman Bədəlovun mənası