Rəfael Cəbrayılov ölümündən sonra təqsirli bilindi

Rəfael Cəbrayılov, Foto: Real TV-dən screenshot

Keçmiş deputatla bağlı məhkəmə prosesi yekunlaşdı

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılov külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayətlərdə təqsirli bilinib. İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Hökmə əsasən, keçmiş deputat vəfat etdiyinə görə onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Lakin ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə o, təqsirli hesab edilib. Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, bu ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilib.

Hərçənd, Rəfael Cəbrayılovun ölümündən sonra onun hüquqi varisi qismində tanınan həyat yoldaşı Aidə Cəbrayılova ərinin təqsirsiz olduğunu deyir, ona bəraət verilməsini tələb edirdi. O bildirirdi ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən pulları Rəfael Cəbrayılov yox, onun qardaşı Elşən Cəbrayılov alıb. Aidə Cəbrayılova qaynı Elşən Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Elşən Cəbrayılov da bu məhkəmədə dindirilmişdi. Lakin o, şahid qismində ifadə vermiş, ünvanına səslənən ittihamları qəbul etməmişdi. Əksinə, ailələrinin müflis olmasına görə mərhum deputatı qınamışdı.

Bir müddət əvvəl Elşən Cəbrayılov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlansa da, sonradan o, məhkəmənin qərarıyla buraxıldı.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Rəfael Cəbrayılovun deputat vəsiqələrini Təranə Fətəliyevanın yanında girov qoyduğu bildirilir. Mərhum deputat ev tikmək üçün ondan 300 min dollar pul alıb. Bunun müqabilində deputat vəsiqəsini girov qoyub.

2021-ci ilin aprelində həbs olunan sabiq deputat sentyabrda koronavirusa yoluxaraq, həbsdə vəfat edib.

Ana səhifəSiyasətRəfael Cəbrayılov ölümündən sonra təqsirli bilindi