Rəfael Cəbrayılov dövlətin tutduğu vəkildən imtina edib

Daha sonra vəkil deyib ki, müdafiə prosesinə yeni qoşulduğu üçün cinayət işinin materialları ilə tanış ola bilməyib.

Source:


Sabiq deputatın vəkili jurnalistlərin məhkəmə zalından çıxarılmasını tələb edib

İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Rəfael Cəbrayılovun məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyilə keçirilən məhkəmə iclasında keçmiş deputatın anket məlumatları dəqiqləşdirilib.

Keçmiş deputat bildirib ki, ona dövlət hesabına təyin edilmiş vəkilin xidmətindən intina edir, çünki öz vəkili var.

Məhkəmədə iş üzrə zərərçəkmiş qismində tanınan 11 nəfərdən ikisinin – Müşfiq Orucov və Məlahət Qurbanovanın nümayəndələri iştirak edib.

Rəfael Cəbrayılovun vəkili hakimlərə müraciət edərək jurnalistlərin məhkəmə zalından çıxarılmasını, audio və video çəkilişin qadağan olunmasını istəyib.

Hakim Əhməd Quliyev jurnalistlərin məhkəmə zalından çıxarılmasını mümkün olmadığını, lakin audio və video çəkilişin qadağan olunduğunu bildirib.

Daha sonra vəkil deyib ki, müdafiə prosesinə yeni qoşulduğu üçün cinayət işinin materialları ilə tanış ola bilməyib. Buna görə də məhkəmədən vaxt istəyib.

Hakim vəkilin müraciətini qəbul edərək ona bir həftə vaxt verib. Bu səbəbdən məhkəmə prosesi iyunun 24-nə qədər təxirə salınıb.

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov aprelin 2-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq deputat 11 nəfərdən ümumilikdə 2 milyon 571 min manat pul alıb və qaytarmayıb.

Zərərçəkənlərdən biri də “Şərur-İnşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundovdur.

O bildirib ki, keçmiş deputat ondan Milli Məclisin sabiq sədri Oqtay Əsədovla şərikli bina tikintisi adıyla pul alıb qaytarmayıb.

Daha bir zərərçəkmiş isə müxtəlif məhkəmə çəkişmələri ilə adı tez-tez mətbuatda hallanan lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovadır.

2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi.

2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.

O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs – Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Təranə Fətəliyeva da zərərçəkmişlər sırasındadır.

O, keçmiş deputatla qohum olduğunu bildirib.

Ana səhifəSiyasətRəfael Cəbrayılov dövlətin tutduğu vəkildən imtina edib