Rasim bəyin sözləri təkcə ona görə qüsurlu deyil ki, kolonialist ideoloji disiplinin – oryentalizmin məhsuludur
Bu yaxınlarda “Əli və Nino”nu yenidən oxumağa fürsət tapdım, bu dəfə daha hazırlıqlı oxucu kimi. Oxuduqca bir daha əmin oldum ki, “Əli və Nino”nu Azərbaycan ədəbiyyatında ən oryentalist əsərlərdən biridir. Qurban Səid Şərqi mümkün qədər sehirli-gizəmli göstərməyə çalışıb, Şərq ətrafındakı sirr pərdəsini bir az daha qalınlaşdırıb, stereotiplərdən ibarət bir Şərq obrazı yaradıb. Eyni ilə özündən əvvəl Kiplinqin, Hüqonun, Bayronun, Flaubertin, Götenin etdiyi sayaq. Sanki “Şərq” min illərdir dəyişmir, tənbəldir, mistikdir, onun insanının zövq mənbəyi qadın, şərab, döyüş və şeirdən kənara çıxmır. “Şərq insanı” ilə “Qərbi insanı” arasında əbədiyyən davam edəcək, qalın konturlarla çəkilmiş bir fərq var. Bu fərqi az qala əsərdəki hər obraz dilə gətirir. Məsələn, qoca Dadiani belə deyir: “Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb arasındakı əsas fərq də elə budur”. Əlbəttə, əsərdəki təsvirlərə yazıçının bədii təxəyyülünün məhsulu deyə bilərik və əlbəttə, stereotiplər qaçınılmazdır, hər toplumun özünəməxsus stereotipləri olur. Bizim də təsəvvürümüzdə gürcülər, ermənilər, ruslar, hətta ölkədəki etnik və milli qruplarla bağlı stereotiplər var. “Şərq” haqqındakı stereotipləri fərqli edən isə odur ki, bu stereotiplər böyük əksəriyyətlə müəyyən ideoloji disiplinin – Oryentalizmin məhsuludur, akademik çevrələr tərəfindən məqsədli şəkildə, kolonialist təfəkkürlə yaradılıb. Buna görə də soruşmalıyıq “Şərq”i sadə və problemsiz, “Qərb”i suallarla dolu edən nədir? “Şərq adamı”nın bir üzlü, “Qərb adamı”nı min sifətli olması iddiası nəyə əsaslanır? Ümumiyyətlə bu Şərq-Qərb bölgüsünün əsası varmı? Bütün bu stereotiplər necə formalaşıb?
Bu suallara cavab axtarmaqla məşğul idim ki, Rasim Qaracanın “Əkinçi” layihəsi çərçivəsində etdiyi çıxışını gördüm. Rasim bəy çıxışında ədəbiyyatla bağlı apardığı müqayisədən belə nəticəyə varır ki, “Şərq”də yazarların bir dirəniş missiyası olmayıb, Nizamidən üzü bəri hamısı saray şairi olub, Füzuli saraydan axça alıb, “Qərb”də isə bunun əksinə, yazarlar həmişə ictimai-siyasi həyatda mühüm rol oynayıb, onların əsərləri protest mahiyyəti daşıyıb, məsələn, Bertold Brext Almaniyada nasizmin əleyhdarlarından olub və s. Bir sözlə “Şərq” və “Qərb” ədəbiyyatı arasında fundamental və ikincinin xeyrinə bir fərq mövcuddur. Açığı, Rasim bəyi dinləyərkən mənə elə gəldi ki, o, sosial elmlərə aid bir mövzudan yox, 53 təcrübədən sonra doğruluğuna heç bir şübhə qalmayan fizika qanundan danışır. Özü də 19-cu əsr Britaniya Kral Akademiyasında çalışan bir şərqşünas dili ilə. 1875-ci ilin qışı, Orient Ekspress gəmisində Misir səfərini başa vuran daha bir oryentalist London sahillərinə yaxınlaşır və budur, daha bir neçə saat keçir, artıq onu Akademiyanın geniş salonunda, entuziazmla öz səfər təəssüratları həmkarları ilə bölüşərkən görürük. Hörmətli yazıçımız bu məqamda “Əli və Nino”dakı professor Sanin obrazını da xatırladır. Sanki ona da tələbələrini əsl avropalı kimi yetişdirmək tapşırılıb, o da 100 il sonra professor Saninin sözlərini təkrarlayır: “Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”. Amma etiraf edim ki, bu qədər kəskin Şərq-Qərb bölgüsünü heç ən qatı oryentalistlər belə etməzdi.
Rasim bəyin sözləri təkcə ona görə qüsurlu deyil ki, kolonialist ideoloji disiplinin – oryentalizmin məhsuludur, klişe fikirlərlə, stereotiplərlə doludur və ən əsası, bu haqda Edward Said ağızdolusu danışıb, yazıb, mühazirələr deyib, ondan sonra belə iddialar etmək, yumşaq desək, yersizdir. Həm də ona görədir ki, Rasim bəy “Şərq” ədəbiyyatına nümunəni Nizami, Füzuli kimi klassik şairlərindən, “Qərb”ə aid nümunəni isə Bertold Brextin timsalında 20-ci əsr modern ədəbiyyatından verməklə çox ədalətsiz müqayisə aparır. Çin, Hindistan ədəbiyyatına heç toxunmayacam, aydındır ki, Rasim bəy “Şərq” dedikdə Ərəb ölkələrini, İran və Türkiyəni nəzərdə tutur. Sual doğur: Əgər gerçəkdən bu coğrafiyada etiraz ədəbiyyatı olmayıbsa, Məhəmməd Dib, Seyyid Nəcm, Əhməd Xalid Tovfiq, Məhəmməd Hüseyn Heykəl, Əhməd Dehqan, Zəhra Hüseyni kimdir? Misirdən, Əlcəzairdən, Fələstindən olan bu yazıçılar etiraz ədəbiyyatının nümayəndələri kimi tanınırlar, əsərləri Fransa, Britaniya, İsrail işğalına qarşı etiraz motivləri ilə zəngindir.
Və yaxud şeirləri Fələstin azadlıq hərəkatının atributlarından birinə çevrilən Mahmud Dərviş, hansı ki bizdə də məşhurdur, əsərləri Azərbaycan dilinə tərcümə olunub. Məsələ ölkədaxili ictimai-siyasi proseslərə münasibət sərgiləməkdirsə, iranlı şair və yazıçılar Rza Barahani, Simin Daneşvər, Pərvin Etesami, Məhəmməd Təqi Bahar və s. Yaxud “özümüzkülər”in – Zərdabinin, Sabirin, Məhəmməd Hadinin, Almas İldırımın, “füyuzatçılar”ın, Şəhriyarın, Səməd Behrənginin yaradıcılığı etiraz dolu deyilmi? Həm də Bertold Brext şeirləri ilə nasist rejimini ifşa edibsə, Knut Hamsun haqqında nə demək olar? O yazıçının ki, öz Nobel mükafatını Göbbelsə şəxsən təqdim eləmişdi, Hitleri “insanlıq və xalqların hüquqları uğrunda döyüşən cənavər” adlandırırdı, ömrünün axırınadək də bu sözlərdən peşmanlığını dilə gətirmədi. Siyahını uzatmaq da olar: Martin Haydegger, Ezra Pound, Filippo Marinetti və s.
Yəni o varsa, bu da var. Bir neçə faktdan yola çıxaraq ümumiləşdirmələr aparmaq, hələ-hələ dünyanı sabit, statik qəbul etmək yanlışdır. Mütləq, təbii qəbul etdiyimiz reallıqların çoxu konstuksiyalardır. Bu konstruksiyaları sökmək, dağıtmaq, yenidən yığmaq isə öz əlimizdədir.