“Hakimiyyət hüquq müdafiəsi sahəsini tamamilə inhisara almaq və müstəqil hüquq müdafiəçiliyi mövzusunu birdəfəlik qapatmaq məqsədini güdür”
Avqust ayının 2-də Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü və İnsan Haquqları Klubunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilib.
REAL Hərəkatı Rəsul Cəfərova qarşı irəli sürülən bu ittihamları qondarma hesab edir, onların siyasi sifariş əsasında həyata keçirildiyini bəyan edir.
Hərəkatın yaydığı bəyanatda bildirilir ki, son illər Rəsul Cəfərovun insan haqlarının müdafiəsi sahəsində geniş və effektiv fəaliyyəti, həyata keçirdiyi Sing for Democracy və Art for Democracy kimi uğurlu layihələri Azərbaycanda demokratik ideyanın və insan haqlarının dəyərinin təbliği baxımından olduqca əhəmiyyətli oldu. Bununla yanaşı Rəsul Cəfərovun Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi işində yaxından iştirak etməsi və bu məsələdə ardıcıl və prinsipial mövqeyi həbsinin əsas səbəblərindəndir. Rəsul Cəfərov kimi hüquq müdafiəçilərini həbs etməklə hakimiyyət hüquq müdafiəsi sahəsini tamamilə inhisara almaq və müstəqil hüquq müdafiəçiliyi mövzusunu birdəfəlik qapatmaq məqsədini qüdür.
REAL Hərəkatı hesab edir ki, qeyri-hökumət təşkilatlarına və onların rəhbərlərinə qarşı həyata keçirilən repressiv siyasət Azərbaycanda azad fikri, vətəndaş cəmiyyətini məhv etmək məqsədi daşıyır. Ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olan bu repressiyaların Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi fonunda baş verməsi isə xüsusi ilə narahatedicidir.
REAL Hərəkatı, İdarə Heyətinin üzvü Rəsul Cəfərovun və daha əvvəl eynilə siyasi sifariş əsasında mühakimə olunan sədri İlqar Məmmədovun həbsini hakimiyyətin yeni alternativi kimi formalaşan Respublikaçı Alternativ Hərəkatına qarşı təzyiq kimi qiymətləndirir. Hakimiyyət 2015 parlament seçkilərinə hazırlığı siyasi və ictimai səhnəni açıq fikirli və Qərbyönümlü fəal insanlardan və təşkilatlardan təmizləməklə başlayıb. Son həbslər hakimiyyətin açıq, şəffav və ədalətli siyasi rəqabətdən çəkinməsinin göstəricisidir. Bütün bu təqiblər, heç şübhəsiz, cəmiyyətimizi xaricdən təzyiqlərə qarşı xeyli zəiflədir. Ölkəmizin müharibə təhlükələri qarşısında təkbaşına, rəsmi müttəfiqi olmadan qalması bir yana, hazırki iqtidar ölkə daxilində də anlaşma və dayanışma imkanlarını məhv edir. REAL İdarə Heyəti inanır ki, öz xalqından asılı olmayan hökumət, başqa ölkələrin hökumətlərindən asılı olmağa başlayır.