”Cəmiyyətdəki qorxu mühiti insanları imza verməkdən çəkindirir”
Respublikaçı Alternativ (REAL) Partiyası ötən ilin
noyabrın 19-dan
üç qanun layihəsinin Milli Məclisə təqdim edilməsi üçün başladığı kampaniya çərçivəsində 33 min imza toplayıb.
Bunu Meydan TV-ə imzatoplama kampaniyasının rəhbəri Elkin Xəlilov deyib.
O xatırladıb ki, kampaniya Konstitusiyanın 96-cı maddəsi əsasında aparılır.
“Fevralın 24-də imzatoplama kampaniyasını bitirəcəyik. Bundan sonra 1-2 gün imzaların sayılmasına gedəcək. Biz 40 min söyləsək də, 42 mindən çox imza toplamağı məqsəd qoymuşuq. Çünki imzaların bəzilərinin etibarsız sayılması da mümkündür”.
Elkin Xəlilov fevralın 28-də imzatoplama kampaniyası barədə mətbuat konfransı keçirib, açıqlama verəcəklərini deyib.
O, “3 ay çox olmadımı, bu müddətdə 40 min imza toplaya bilməyən partiya seçkilərdə necə iştirak edəcək” sualına belə cavab verib:
“Üç ay çox zaman deyil. Biz kampaniyanın piarını aparmadıq. Sadəcə, təşkilatın gücünü yoxlamaq istəyirdik. Prosesi daha çox üzvlərimizin sayəsində apardıq. Həm də ölkədə seçki mühitinin olmadığını nəzərə almaq lazımdır. Seçki ərəfəsində imzatoplama prosesini indiki ilə müqayisədə daha rahat aparmaq olur. Bu 3 ayda qapıları döyərkən insanlar seçki yoxdur, nəylə bağlı imzaları yığırsınız deyə soruşurlar. Eyni zamanda, cəmiyyətdəki qorxu mühiti insanları imza verməkdən çəkindirir. Ona görə 33 min imzanın toplanmasını da uğurlu sayırıq”.
REAL partiyası Bakı meriyasının seçkili olmasını, devalvasiyadan irəli gələn kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlı üç qanun layihəsindən ötrü imzatoplama kampaniyası keçirir.
Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.