“Dəyişikliklər təklifinə ictimai və siyasi ehtiyac olduğunu əsaslandırmadan Konstitusiya Məhkəməsinə göndərmək respublikaçı davranış tərzinə ziddir”
“Konstitusiya ölkəmizin əsas qanunu ola bilmədi. Bunun bir səbəbi indiki YAP iqtidarı və onun yürütdüyü siyasətdirsə, digər səbəbi YAP-ı tamamilə təsirsiz hala gətirmiş siyasi sistemdir”.
İyulun 21-də Respublikaçı Alternativ Hərəkatı (REAL) konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı bəyanat verib.
REAL bəyan edib ki, konstitusiyaya dəyişikliklər təklifinə ictimai və siyasi ehtiyac olduğunu əsaslandırmadan birbaşa Konstitusiya Məhkəməsinə göndərmək, ictimaiyyəti bu haqda sonradan məlumatlandırmaq respublikaçı davranış tərzinə ziddir: “Belə davranışla nə hüququn nüfuzunu, nə xalqın iştirakını, nə hakimiyyətin legitimliyini, nə də konstitusyon ənənəni qurmaq olacaq”.
REAL hesab edir ki, ölkənin köklü islahatlara ehtiyacı var, buna baxmayaraq bu islahatları hazırkı siyasi sistemi qorumaqla gerçəkləşdirmək mümkün olmayacaq: “YAP partiya funksiyalarını gerçəkləşdirə, özünün hesab etdiyi hökumətə nəzarət edə bilmir, Milli Məclisdə yerlərin çoxuna sahib olsa da, parlament fraksiyası yarada biləcək gücdə belə deyil. Ölkə faktiki olaraq, yalnız qeyri-konstitusyon yox, həm də qeyri-siyasi yollarla idarə olunur”.
Bəyanatda bildirilir ki, konstitusiyaya təklif olunan dəyişikliklər sistemi daha dərin böhrana sürükləyir: “Bu ölkə üçün əlavə risklər və təhlükələr yaradır”.
REAL, referenduma çıxarılması gözlənilən təkliflərə qarşı təşviqat aparmaq üçün qanunun icazə verdiyi imkanlardan istifadə edəcəyini, özünün referendum təşviqat qrupunu yaradacağını bildirib.
“Referendum təşviqat qrupunun rəsmən qeydiyyatdan keçməsi üçün, REAL-ın tərəfdarlarına və təəssübkeşlərinə, öz vətəndaş (seçici) imzalarını vermələrinə yönəlik çağırışımız da olacaq”, deyə bəyanatda bildirilir.