REAL İlqar Məmmədovun həbsinin 2 illiyi ilə bağlı açıqlama yaydı

“İlqar Məmmədovun və digər siyasi məhbusların şərtsiz azadlığa buraxılması – iqtidarın xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər hesabına deyil, xalqın qarşısında olan məsuliyyətin nəticəsi olmalıdır”

Source:


“İlqar Məmmədovun və digər siyasi məhbusların şərtsiz azadlığa buraxılması – iqtidarın xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər hesabına deyil, xalqın qarşısında olan məsuliyyətin nəticəsi olmalıdır”

2015-ci ilin fevralın 4-də Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin sədri İlqar Məmmədovun həbsindən 2 il ötür. İdarə Heyətinin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, dinc demokratik dəyişiklik uğrunda çalışan, bunu hər zaman açıq deyən və dediyini aydın göstərən bir siyasi təşkilatın lideri, kütləvi ixtişaş yaratmaq adıyla saxta ittihamlarla həbs etmək – dövrümüzün acı tarixi istehzası olmaqla yanaşı, hazırki siyasi iqtidarın zaman duyumunun kökündən yanlışdır.

“Son illər ərzində YAP iqtidarı ölkədə və bölgədə gedən proseslərdən doğan strateji fürsətləri görməzdən gəlib, imkanları qaçırıb, onsuz da təhlükəli olan qonşuluğumuzda yanlış qərarlar verməklə təminatlı müttəfiqsiz qalandan sonra, daxili siyasətdə ard-arda görülən və sonu hələki görünməyən təhlükəli tədbirlərə əl atır. Bu itidar, dinc və nəzarət oluna bilən siyasi açılım, ölkəmizi gerçək tərəqqiyə gətirib-çıxarası olan inkişaf əvəzinə, cəmiyyətin sağlam dayaqlarını, iqtisadiyyatın təməllərini ciddi sarsıdaraq, siyasi səhnəni tamamən qapatmaq yolunu tutmuşdur. İlqar Məmmədovun 2013-cü ildə keçirilmiş prezident seçkilərində yeni, fərqli və sağlam müxaliflik örnəyini ortaya qoya biləcəyini görən hazırki iqtidar, onu seçki ilinin əvvəlində həbs etməklə kənarda qoymuşdur. Avropa İnsan Haqları Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarında da bu təsdiqlənir. Qərarda açıq və aydın yazılır ki, İlqar Məmmədovu həbs etməkdə məqsəd, onu, bir siyasi rəqib kimi susdurmaq olmuşdur. Avropa İnsan Haqları Məhkəməsinin qərarı, İlqar Məmmədovun, həbs olunduğu gündən başlayaraq, bütün sonrakı mərhələlərdə azadlıq haqqının və təqsirsizlik prezumpsiyasının kobud pozulmasını vurğulamaqla, İlqar Məmmədovun üzərində qurulmuş məhkəmə prosesinin tamamən legitim olmadığına işarə etmişdir”,-deyə İdarə Heyəti bildirir.

İdarə Heyəti qeyd edir ki, İlqar Məmmədovun qanunsuz həbsilə bağlı Avropa Parlamentinin iki qətnaməsi, Avropa Şurasının Nazirlər Kabinetinin qərarı, Avropa Birliyinin və Avropa Şurasının rəsmilərinin bir neçə bəyanatı, ölkə rəhbərliyilə görüşləri və söhbətləri olmuşdur. Hamısında da İlqar Məmmədovun azadlığa buraxılmasının vacibliyi önə çəkilmişdir. Bütün bunlara baxmayaraq, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı 4 dekabr 2014-cü il tarixdə Avropa Şurasının Nazirlər Komitəsinin İlqar Məmmədovun yubadılmadan azadlığa buraxılmasına dair qərarına cavab olaraq demişdir ki, “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir. İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan istisna deyil”. REAL bu bəyanatla əlaqədar Xarici İşlər Nazirliyinə sorğu göndərmişdi. Sorğuda, AŞPA-da nümayəndə heyəti sədrinin sözlərinin ölkəmizin rəsmi mövqeyinə nə dərəcədə uyğun olmasıyla bağlı aydınlıq gətirmək istənilmişdir. Sorğumuza hələ də cavab verilməyib. 2015-ci ilin yanvarın 13-də Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icrasına ayrılmış vaxt rəsmən bitmişdir. Həmin gün İlqar Məmmədovun şikayətinə baxmaq üçün iclas keçirməyə başlamış Ali Məhkəmə, inandırıcı görünməyən bəhanəyə istinad edərək, işi qeyri-müəyyən müddətə təxirə salmışdır.

Respublikaçı Alternativ bildirir ki, bütün bu süni maneələr, qanunsuz həbslər, siyasi təqiblər və başqa bənzəri ədalətsizliklər ölkəmizi çox təhlükəli proseslərin içinə salır. İlqar Məmmədovun və digər siyasi məhbusların şərtsiz azadlığa buraxılması – iqtidarın xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər hesabına deyil, xalqın qarşısında olan məsuliyyətin nəticəsi olmalıdır.

Ana səhifəXəbərlərREAL İlqar Məmmədovun həbsinin 2 illiyi ilə bağlı açıqlama yaydı