“Rauf Mirqədirovun həbsinə ermənilər sevinir”


Azərbaycanda Qarabağ münaqişəsini yaxşı bilən analitikin həbsi Ermənistanda ruh yüksəkliyi yaradıb. Jurnalistin vəkili Fuad Ağayevin sözlərinə görə, Respublika Prokurorluğunun bu ittihamından sonra Ermənistan dövləti toy-bayram edir.

Respublika Prokurorluğunun mətbuat xidməti “Zerkalo” qəzetinin icmalçısı, tanınmış jurnalist Rauf Mirqədirov haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, jurnalist Ermənistanının xüsusi xidmət orqanlarına cəsusluqda ittiham olunur:

“Rauf Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”.

R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində həbs olunub. Jurnalistə Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Jurnalistin vəkili Fuad Ağayev Meydan TV-yə bildirdi ki, Respublika Prokurorluğunun bu ittihamından sonra Ermənistan dövləti toy-bayram edir:

“Çünki Ermənistan Azərbaycan xüsusi xidmət orqanlarının əli ilə Rauf Mirqədirov kimi politoloqu sıradan çıxartdı”.

Ana səhifəVideo“Rauf Mirqədirovun həbsinə ermənilər sevinir”