Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da bitib, amma…

“Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Raufu hələ dünən azad etməli idi!”

Source:


“Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Raufu hələ dünən azad etməli idi!”

Noyabrın 19-da “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bitib. Həbs-qətimkan tədbirinin uzadılması haqqında məhkəmə qərarı yoxdur. Bununla bağlı Rauf Mirqədirovun vəkilləri Elmar Süleymanov və Fuad Ağayev noyabrın 20-də ədliyyə nazirinə, baş prokurora, onun birinci müavininə, milli təhlükəsizlik nazirinə, MTN-in İstintaq Təcridxanasının rəisinə və ombudsmana teleqram göndəriblər. Ki, Rauf Mirqədirov dərhal qanunsuz həbsdən azad edilsin.

Bununla bağlı Meydan TV-yə məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, noyabrın 20-də saat 11-12 radələrində teleqramlar ünvanlarına çatsalar da, Rauf Mirqədirov azad edilməyib: “Bundan sonra mən və Fuad Ağayev Rauf Mirqədirovun azad olunmasını tələb etmək üçün MTN-nin İstintaq Təcridxanasına getdik. Təcridxananın rəisinin işdə olmadığını əsas gətirib bizim onunla görüşümüzün mümkünsüz olduğunu dedilər. Onda biz telefon əlaqəsi saxlanılıb vəziyyətin ona çatdırılmasını istədik, növbətçi “rəis telefon zənglərinə cavab vermir” deyərək bunun da mümkünsüz olduğunu söylədi. Bundan sonra Rauf Mirqədirovla görüşməyimizi istədik, lakin növbətçi Mirqədirovun həkimin müayinəsində olduğunu deyərək 5-10 dəqiqə gözləməyimizi tövsiyyə etdi”.

Elmar Süleymanov Rauf Mirqədirovu həkim müayinəsində 2 saat gözləməli olduqlarını bildirdi: “İki saatlıq müddətdə biz növbətçiyə dəfələrlə “Niyə Rauf Mirqədirov gəlmədi” sual edəndə “həkimin yanındadır” cavabını eşidirdik. O zaman biz növbətçidən həkimin otağına aparılmağımızı istədik, yəni Mirqədirovun sağ-salamat olduğunu öz gözlərimizlə görək. Buna baxmayaraq bu xahişimizdə təmin olunmadı. Saat 17.55-ə qədər gözləyəndən sonra pozuntuyla əlaqədar ərizəmizi növbətçiyə təqdim etdik. Lakin o, bu şikayətimizi qəbul etməkdən imtina etdi”.

Elmar Süleymanov dedi ki, Rauf Mirqədirov qanunsuz olaraq və məhkəmənin müvafiq qərarı olmadan 2 sutkadır həbsdə saxlanılır: “Biz onun müdafiəçisi kimi bir daha Rauf Mirqədirovun dərhal həbsdən azad olunmasını tələb edirik”.

R.Mirqədirovun digər vəkili Fuad Ağayev öz Facebook səhifəsində yazıb ki,  noyabrın 19-da Rauf Mirqədirovun həbs müddəti bitib: “Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci maddələrinə əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Raufu hələ dünən azad etməli idi!”.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Bakıya gələrkən Heydər Əliyev adına Hava Limanında həbs olunub. Aprelin 21-də isə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti noyabrın 19-da bitib, amma…