“Putin və Makronun görüşü konkret nəticə əldə edilməsinə hədəflənməyib”
Parisdə səfərdə olan Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıb.
D.Peskov prezidentlərin bir çox regional münaqişələrə toxunduğunu bildirib:
“Ölkə başçılarının danışıqları tutumlu, konkstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu “Normandiya formatı” sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr – Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub”.
O, danışıqların ümumilikdə müsbət keçdiyini də vurğulayıb.
Sual yaranır hazırda Dağlıq Qarabağ məsələsi gündəmdə digər çoxlu vacib məsələlər baxımından bu iki prezident üçün nə dərəcədə aktualdır?
Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, aparıcı dövlətlərin başçıları görüşəndə bu cür beynəlxalq layihələrin müzakirə obyekti olması sıradan bir olaydır.
Rauf Mirqədirov xatırladıb ki, hər iki dövlət Minsk Qrupunun həmsədrləri statusunu daşıyır və ona görə onlar cəlb olunduqları birgə layihələri, o cümlədən, siyasi-iqtisadi maraq kəsb edən məsələri müzakirəyə çıxarırlar.
Siyasi icmalçı saat yarımdan çox davam edən görüşdə Dağlıq Qarabağ probleminə bir neçə dəqiqə vaxt ayrıldığını söyləyərək bildirib.
“Onlar münaqişənin həlli ilə bağlı ciddi qərarlar qəbul etməyiblər, sadəcə, gərgin fazaya keçməməsi üçün müzakirə aparıblar. Məsələ ondadır ki, bu görüş konkret nəticə əldə edilməsinə hədəflənməyib. Çünki bu iki dövlətin maraq dairəsində daha vacib məsələlər var, bura iqtisadi, təhlükəsizlik, Ukrayna, Suriya, raketlərin istehsalı, yerləşdirilməsi və s. daxildir”, – R.Mirqədirov deyib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.