”Ermənistandan olan qaçqınlara Azərbaycan vətəndaşı statusunun verilməsi səhv qərar idi”
“Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq”.
Bunu Rusiya xarici işlər naziri
Sergey Lavrov
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir.
“Danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib, sonra tərəflərin razılığı ilə danışıqlar formatı dəyişdirilib, indiki halını alıb”.
Sergey Lavrov ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını da bildirib.
O, bu mövqenin münaqişənin Minsk Qrupu vasitəsi ilə danışıqlar yoluyla həllindən ibarət olduğunu bildirib:
“Əminik ki, bu, ən optimal variantdır. Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Bakı və İrəvanın razılığa gəlməsinə imkan verən şəraitin yaradılması üçün ümumi maraq kəsb edən, bir-birinə zidd olmayan xətt aparırıq. Bu iş uzun illərdir, davam edir”.
Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirakı barədə tələbi Nikol Paşinyan Ermənistanın Baş Naziri vəzifəsinə seçiləndən sonra qoyub.
Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Sergey Lavrovun bəyanatını Meydan TV-yə şərh edərkən deyib ki, onun açıqlaması danışıqların hazırkı formatından doğur.
R.Mirqədirovun sözlərinə görə, danışıqlarda bütün məsələlər konsensus əsasında razılaşdırılır.
“Dağlıq Qarabağ tərəfinin danışıqlarda iştirakı üçün ən azı Bakının razılığı olmalıdır. Əks təqdirdə, onlar danışıqlara qatıla bilməz”.
Siyasi icmalçı onu da qeyd edib ki, Rusiya vaxtilə Dağlıq Qarabağın danışıqlarda iştirakının tərəfdarı olub, amma Azərbaycanın mövqeyi səbəbindən bu baş tutmayıb.
“Əslində, Azərbaycan Dağlıq Qarabağın danışıqlarda iştirakını istisna edən mövqeyinə müəyyən korrektələr etməlidir. Münaqişənin iki müstəvisi var: birinci, söhbət dövlətlərarası münasibətlərdən gedir, Ermənistan və Azərbaycan tərəfdirlər. Hər bir münaqişənin həlli üçün dövlətlərarası müstəvinin əsas şərtlərindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bu müstəvidə Azərbaycan danışıqları yalnız Ermənistanla aparmalıdır. Dağlıq Qarabağın statusuna gəldikdə, rəsmi Bakı bu məsələni yalnız ordakı ermənilərlə müzakirə etməlidir. Çünki Ermənistanla müzakirə Bakının könüllü olaraq Yerevanın daxili işlərimizə müdaxiləsi hüququnu etiraf etməsidir”.
Onun sözlərinə əsasən, Ermənistan tərəfi ilə danışıqlar yalnız dövlətlərarası münasibətlərin tənzimlənməsi və Dağlıq Qarabağ ətrafı bölgələrin işğalına son qoyulması ətradında gedə bilər.
“Azərbaycan bu iki məqamı ayırmayana qədər və münasibətini açıq şəkildə ifadə etməyənə qədər Ermənistanla müqayisədə mövqeyi bir qədər zəif olur”.
R.Mirqədirov deyib ki, 1997-ci ildə Ermənistandan olan bütün qaçqınlara siyasi konyukturadan çıxış edərək Azərbaycan vətəndaşı statusunun verilməsi səhv qərar idi:
“Bu qərar Azərbaycanı Ermənistanla danışıqlarda çox ciddi arqumentdən məhrum etdi. Bu, ondan ibarət idi ki, biz həmişə qaçqınlar məsələsində onların qovulduğunu göstərib Dağlıq Qarabağın indiki situasiyasına təsir edərdik. Onsuz da Qarabağdan gələn qaçqınlar Azərbaycan vətəndaşı idilər”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.