Rauf Mirqədirov: Novruz Məmmədovun bəyanatları Qərbi qıcıqlandırmaq məqsədi daşıyır

”Əgər Novruz Məmmədov Türkiyə kimi Avropadan uzaqlaşma siyasətini əsas götürüb mesaj verirsə, perspektivsizdir”

Source:
Rauf Mirqədirov foto ANS press


”Əgər Novruz Məmmədov Türkiyə kimi Avropadan uzaqlaşma siyasətini əsas götürüb mesaj verirsə, perspektivsizdir”


“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olduğunu nümayiş etdirir”.

Bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında üçtərəfli formatın tərkibinin dəyişərək daha bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər. (APA)

N.Məmmədovun açıqlamalarını şərh etməyin çox çətin olduğunu deyən siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə bildirib ki, onun bəyanatları siyasi zərurətdən çox Qərbi qıcıqlandırmaq məqsədi daşıyır:

” Novruz Məmmədov ya birbaşa ABŞ-ı və Avropa dövlətlərini tənqid etməli, yaxud onları qıcıqlandıran bəyanatlar verməlidir. Görünür, onun Prezident Administrasiyasında mətbuatla ünsiyyətdə əsas vəzifəsi məhz bu məqsəd daşıyır”.

Ancaq R.Mirqədirov hesab edir ki, əgər söhbət üç dövlətin iqtisadi əməkdaşlığından, şimal-cənub dəhlizindən gedirsə, bu, Azərbaycanın maraqlarına tam cavab verir:

“Çünki gerçək iqtisadi dəhlizdir, ancaq siyasi problemlər həll olunandan sonra bu dəhliz işləyə bilər. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb dəhlizinin öz ərazisindən keçməsinə çalışdığını nəzərə almalıyıq. Bu iki dəhlizin bizim ərazimizdə kəsişməsi neft gəlirlərindən daha çox ölkənin strateji əhəmiyyətini artırır. Amma bu dəhlizin gerçəkləşməsilə İran-Azərbaycan-Rusiya arasındakı yüksək səviyyəli formatın heç bir əlaqəsi yoxdur, səbəb də bu formatın siyasi səciyyəli olmasıdır. Elə təmaslarda da daha çox siyasi məqsədlər ortaya qoyulub. Normal şərtlər daxilində Azərbaycanın bu formatda iştirakı normaldır, çünki İran və Rusiya qonşumuzdur, ikisi də ənənəvi imperiyadır və Cənubi Qafqaz siyasətlərində bu yanaşmalarını heç də kənara qoymurlar. Ona görə Azərbaycan bu amilləri nəzərə almaqla dialoqdan qaçmamalıdır”.

Şərhçinin fikrincə, əgər deyilən formatla bağlı böyük gözləntilər varsa, məsələn, Türkiyənin cəlb olunması, bu, təəssüfləndiricidir: “Biz konyuktur siyasətə strateji məqsədlərimizi qurban verə bilmərik. Baxın, İrandan və Rusiyadan, lap Türkiyə prezidentinin son populist bəyanatlarını götürsək, Ankaradan nə ala bilərik? Sual yaranır: Azərbaycan İranın siyasi sistemini qəbul edə bilərmi? Yaxud Rusiyadan hansı standartları qəbul edə bilərik? Özləri sanksiyalara görə texnologiyalardan məhrum olduqlarını açıq şəkildə etiraf edirlər. Hər hansı siyasi-iqtisadi sistemin tərkib hissəsi olmaq istəyirsənsə, əvvəlcə ondan müasir dünyanın tələblərinə uyğun olaraq nə qazanacağını düşünmək lazımdır. Biz Avrasiya İttifaqına üzv olsaq, nə qazanacağıq? Son dövrlər Rusiyada əməkhaqqı Çindən də aşağı düşüb. Halbuki, böyük dövlətlər sırasında Çin ən aşağı əməkhaqqı verir, indi Rusiya ondan da aşağı düşüb. Belə olanda, Azərbaycan Avrasiya İttifaqında nə qazanacaq və vəziyyətimiz onun tərkibində necə olacaq? Əgər Novruz Məmmədov Türkiyə kimi Avropadan uzaqlaşma siyasətini əsas götürüb mesaj verirsə, perspektivsizdir, çünki bu formatın sosial-siyasi bazası yoxdur və Azərbaycanın maraqlarına ziddir”.

Ana səhifəAnalitikaRauf Mirqədirov: Novruz Məmmədovun bəyanatları Qərbi qıcıqlandırmaq məqsədi daşıyır