Rauf Mirqədirov: ”Moskva görüşü nəticəsizdir”

Elxan Şahinoğlu: ”Bu, əhəmiyyət kəsb etməyən növbətçi görüş idi”

Source:


Elxan Şahinoğlu: ”Bu, əhəmiyyət kəsb etməyən növbətçi görüş idi”

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin inkişaf perspektivlərini müzakirə ediblər”.

Açıqlama üç ölkənin XİN başçılarının aprelin 28-də Moskva keçirilən görüşünün yekununa dair birgə bəyanatında yer alıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səylərə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrova minnətdarlıqlarını bildiriblər.

“Görüşdə tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar. Üçtərəfli danışıqların yekunları əsasında XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüşü keçirilib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb”, – səfirlikdən bildirilib.

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev report.az-a “Moskva görüşünün nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”, – deyə bildirib.

Onun sözlərinə görə, aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşdə ötən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib.

Siyasi şərhçi Elxan Şahinoğlu Meydan TV-yə Moskva görüşünü növbəti təmaslardan biri olduğunu deyib:

“Yekun bəyanat heç nəyi ifadə etməyən 3-4 cümlədən ibarətdir. Əsas məqam tərəflərin Vyana və Sankt-Peterburq sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyini vurğulamalarıdır. Sual yaranır, məgər prezidentlərin Vyana və Sankt-Peterburqda hansısa razılığı olub? Sadəcə şifahi razılıqlar danışıqların davam etdirilməsi və atəşkəsə riayət olunması haqdaydı. Bu isə razılıq sayılmır, əksinə, Azərbaycanın maraqlarına ziddir. Bundan əlavə, Rusiya mediasını izlədim, tanınmış icmalçılardan, yaxud rəsmilərdən biri də xarici işlər nazirlərinin 28 aprel Moskva görüşünə yer ayırmayıb. Çünki maraqları yoxdur. Bu faktın özü də göstərir ki, heç bir əhəmiyyət kəsb etməyən növbətçi görüş idi”.

Elxan Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Moskva görüşünün məqsədi Kremlin Bakının müharibəyə başlamayacağına əmin olmaq istəyidir. Yaxın aylarda Moskvanın əmin olub-olmaması məlum olacaq:

“Eyni zamanda, Rusiya nazirlərin görüşünü təşkil etməklə özünün patronajlığını təsdiq etmək istəyir. Moskva beynəlxalq aləmə göstərir ki, Cənubi Qafqaz onların maraq dairəsindədir, problemlər də inhisarındadır. Əslində 6-7 ildir ki, tərəflərin əksər görüşləri Rusiyada keçirilir. Fransa və Amerika sanki kənara çəkilib. Rusiyanın ikinci hədəfi Azərbaycanın müharibə başlatmayacağına əmin olmaqdır. Hər iki məqsədinə də nail olub. Son vaxtlar Rusiya rəsmilərinin iki ölkəyə səfərləri tərəflərə atəşkəsi pozacaqları təqdirdə onları hansı cəzanın gözlədiyini demək olub”.

Siyasi icmalçı Rauf Mirqədirov Moskva görüşünü Rusiya xarici siyasətinin “uğurlu” olması məqsədiylə təşkil olduğunu düşünür:

“Çünki Rusiya xarici siyasəti ciddi təzyiqlərlə qarşılaşıb. Kremlin Amerikada Trumpın prezident seçilməsilə bağlı çox böyük ümidlər vardı. Bunlar doğrulmur. Kremlin Suriya, Şimali, Koreya, İran istiqamətindəki xarici siyasətində çox ciddi təhidlər var. Ümumiyyətlə, Rusiyanın təcrid olunma təhlükəsi var. Hətta Çin BMT Təhlükəsizlik Şurasında bəzi məsələlərdə Rusiyanın təşəbbüslərini dəstəkləmir. Suriyayla bağlı qətnamədə bu göründü. Yaxud Yaponiya baş naziriylə prezident Putinin görüşünün nəticələri sıfırdır. Ona görə Rusiyanın Xarici İşlər Nazirliyi 28 aprel görüşüylə pozitiv ruh gətirmək istəyir”.

R.Mirqədirov Moskva görüşünün də gerçək nəticələrinin sıfra bərabər olduğunu deyib.

“Bu yaxınlarda rusiyalı nazir Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin əldə olunmasını mümkünsüzlüyünü bildirmişdi. Onun açıqlamasının mahiyyəti o idi ki, tərəflər sülhə hazır deyil. Əgər belədirsə, nazirlərin görüşünü təşkil etməkdə məqsəd pozitiv imic yaratmaq cəhdidir, vəssalam!  Yaxud Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, əgər Rusiya istəsə, münaqişə çox qısa vaxtda həll olunar və işğal olunan ərazilər azad edilər. Bu, artıq münaqişə tərəflərindən birinin bəyanatı idi. Ona görə Rusiyanın fəallığı pozitiv imic, görünütü yaratmaq cəhdidir. Başqa heç bir real nəticəsi olmayacaq”.

Ana səhifəAnalitikaRauf Mirqədirov: ”Moskva görüşü nəticəsizdir”