Rauf Mirqədirov: Məsələ ondadır ki, atəşkəs limiti bitib

”Beynəlxalq güclərin ”Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir”

Source:


”Beynəlxalq güclərin ”Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir”

Son bir həftədə Azərbaycan və Ermənistan mediasının əsas müzakirə mövzusu bu ay prezidentlərin Vyanada gözlənilən görüşüdür. Prezidentin köməkçisi Əli Həsənov da iyun görüşündən mühüm qərarlar gözlədiyini gizlətməyib. O, AzTV-yə müsahibəsində iyunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən Ermənistana ciddi təzyiq göstərmələrini və İrəvanı konstruktiv mövqeyə məcbur edəcəklərini gözlədiklərini bildirib: “Danışıqlar müsbət nəticə verərsə, tərəflər münaqişənin mərhələli həlli üçün güzəştə gedəcəklər. Sülh danışıqları nəticə verməzsə, status-kvo aradan qaldırılmazsa, müharibə qaçılmazdır. Bunu bütün beynəlxalq aləm bilir. Müharibə başlayacaqsa, Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edəcək”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mayın 31-də bildirib ki, Elmar Məmmədyarovla ATƏT araşdırma mexanizminin yaradılması üçün təkliflər barədə fikir mübadiləsi aparıb və hərtərəfli sülh sazişinin elementlərini müzakirə ediblər.

Ceyms Uorlik
Ceyms Uorlik

Diplomat həmçinin eyni məsələləri müzakirə etmək üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla iyunun 2-də Parisdə görüşəcəyini deyib: “Prezidentlərin növbəti görüşü ilə bağlı dəqiq tarix olmasa da, bu görüşün iyunda baş tutacağını gözləyirik. Bu, atəşkəsin möhkəmləndirilməsi, araşdırma mexanizminin həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması, hərtərəfli sülh sazişinə aparacaq danışıqlara razılıq verilməsi baxımından tərəflər üçün çox vacib görüş olacaq. Həmsədrlər problemin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün tərəflərlə birlikdə səylərini davam etdirəcək”.

İyun görüşü öncəsi rəsmi şəxslərin və diplomatların bəyanatlarını, o cümlədən, qarşılıqlı ittihamları Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov hazırki dönəmdə əsas məsələnin tərəflərin məqsədlərini anlamaqdan ibarət olduğunu düşünür:

“Prinsipcə, Amerika və Rusiya öz maraqları çərçivəsində və müəyyən şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının əleyhinə deyillər. Sadəcə, problem odur ki, Vaşinqtonla Moskvanın maraqları həmişə üst-üstə düşmür. Onların münaqişənin həllinə baxışda maraqlar çərçivəsi bir qədər fərqlidir. Vaşinqton və Moskva münaqişənin öz maraqları çərçivəsində həllinin qeyri-mümkünlüyünü dərk edəndə, mövcud status-kvonun saxlanmasını daha düzgün sayırlar. Hazırda qeyri-müəyyənlik var və heç bir tərəf mütləq üstünlüyə malik deyil. Münaqişənin həlli bu və ya digər dərəcədə bu qeyri-müəyyənliyi aradan qaldıra bilər. Ancaq hər iki tərəf bu qeyri-müəyyənliyi öz xeyrinə götürmək istəyir”.

R.Mirqədirov düşünür ki, hazırda Azərbaycan və Ermənistanın maraqları bir qədər fərqlidir: “Əgər uzunmüddətli perspektivə nəzər salsaq, iki respublikanın maraqları prinsipcə üst-üstə düşür. Çünki hər iki tərəf özünün inkişafını əsas götürüb münaqişənin tezliklə həllində maraqlı olmalıdır. Məsələ ondadır ki, münaqişənin uzanması hər iki respublikaya böyük güclərin təsir imkanlarını artırır, onların xarici siyasətdə öz maraqları çərçivəsində hərəkət imkanlarını isə məhdudlaşdırır. Bu baxımdan orta və uzunmüddətli perspektiv üçün Azərbaycan və Ermənistana münaqişənin tezliklə həlli daha vacibdir. İndi isə qısa və qismən orta perspektiv gündəmə çıxıb. Həm də Azərbaycan üçün münaqişənin tezliklə həlli, ən azından həlli trendlərinin müəyyənləşməsi çox lazımdır. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onların işğal olunmuş əraziləri boşaltmaq problemi var. Bu, daxili siyasətdə həmişə spekulyasiya predmetinə çevriləcək. Yəni Azərbaycan münaqişənin həlli yönündə nəsə aldə etməlidirsə, Ermənistan nəsə itirməlidir, özünün olmadığı şeyləri. Məsələ ondadır ki, Ermənistan Dağlıq Qarabağ ətrafı rayonlarını işğal nəticəsində əldə edib. Bu halda əgər beynəlxalq güclər birinci mərhələdə etimad tədbirlərini ön plana çəkə bilsələr, ikinci mərhələdə isə münaqişənin həlli yollarının araşdırılması və tapılması qoyularsa, biz uduzacağıq. Çünki münaqişənin siyasi həlli yolu tapılmadan hər hansı etimad tədbirləri nəticə etibarıyla mövcud status-kvonun qorunmasına xidmət edir. Ona görə də Azərbaycan etimad tədbirlərinin münaqişənin siyasi həlli prosesilə paralel getməsinə çalışmalıdır”. Ekspert düşünür ki, danışıqların indiki mərhələsində rəsmi Bakı daha çox bunun üzərində dayanmalı və onları bir-birindən ayırmamalıdır: “Amma Rusiya və bəzi qərb ekspertləri əksini düşünür. Onlar fikirləşir ki, etimad tədbirləri olmadan münaqişənin siyasi həlli yolu mümkün deyil. Əslində, münaqişənin həlli yollarının istiqamətlənməsi yolunda atılan addımlar etimadın güclənməsinə gətirməlidir. Sual da belə qoyulmadır: heç bir siyasi həll yollarını görmədən hansı qarşılıqlı etimaddan söhbət gedə bilər? Bunun nəticəsində Dağlıq Qarabağın statusunun həllinə gələ bilərik. Hansı həll olacaq, bu, artıq sonrakı işdir.

Rauf Mirqədirov

Siyasi şərhçi təəssüflənir ki, rəsmi Bakı BMT TŞ-nin 4 qətnaməsini xatırladanda, yalnız ərazilərin azad olunmasından danışır. Ancaq həmin qətnamələrdə bütün etimad tədbirləri nəzərdə tutulub”.

R.Mirqədirov Ə.Həsənovun “Sülh danışıqları nəticə verməzsə, status-kvo aradan qaldırılmazsa, müharibə qaçılmazdır” açıqlamasını belə şərh etdi: “Gücün tətbiqi münaqişələrin həllində həmişə vasitə olub, nəticə etibarıyla hər şey diplomatların vasitəsilə beynəlxalq hüquq çərçivəsinə salınır. Ona görə beynəlxalq güclərin “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir. Şəraitdən asılı olaraq Azərbaycan bu və ya digər vasitələrdən istifadə də edə bilər. Doğrudan da, yaxın vaxtlarda addım atılmazsa, münaqişənin qızışması qaçılmazdır. Məsələ ondadır ki, atəşkəs limiti bitib. Amma bu halda iki amili ciddi nəzərə almalıyıq, birinci: Azərbaycan-Ermənistan qüvvələr nisbətindəki gerçəklikdir ki, bizim üstünlüyümüz şübhəsizdir. Bura maliyyə, insan, hərbi resurslar daxildir. Bundan daha ciddi ikinci amildir, xarici güclər. Bu haqda danışanda, ilk növbədə, Rusiya amilini nəzərə almalıyıq. Rusiya regionda yeganə hərbi-siyasi mövcudluğu olan gücdür. Əgər hakimiyyət Rusiyanın ən azından neytral qalmasını təmin edəcək addımlar atıbsa və bu addımların nəticəsi Azərbaycanın uzunmüddətli strateji maraqlarına zidd deyilsə, o zaman hərbi gücdən istifadə etmək olar. Əks təqdirdə, gücdən istifadə Rusiyanın münaqişəyə müdaxiləsinə gətirəcək, bunun nəticələri isə çox acınacaqlı ola bilər. Çünki regionda Rusiyanın hərbi müdaxiləsinə mane olacaq başqa hərbi güc yoxdur, biz bunu nəzərə almalıyıq. Rusiyanın hərbi müdaxiləsinin qarşısını almağın iki yolu var. Birincisi, Moskvayla dil tapmalıyıq, bu isə Azərbaycanın milli maraqlarına zidd addımlardan keçir. İnanmaq istəməzdim ki, Azərbaycan buna getsin. İkinci yol regionda Rusiyanın hərbi gücünü neytrallaşdıra biləcək digər hərbi-siyasi mövcudiyyəti yaratmaqdır. Bu isə NATO və Türkiyə ola bilər”.

Ana səhifəAnalitikaRauf Mirqədirov: Məsələ ondadır ki, atəşkəs limiti bitib