Rauf Mirqədirov: İrəvanın imtina təəssüratı yaratması təəccüblüdür

”İrəvanın etdiyi Paris və Vaşinqtonun nüfuzuna xələl gətirəcək yanaşmadır”

Source:

Rauf Mirqədirov foto ANS press


”İrəvanın etdiyi Paris və Vaşinqtonun nüfuzuna xələl gətirəcək yanaşmadır”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Hamburq görüşü ilə bağlı hələ də razılığın əldə olunmadığını deyib.

APA-nın məlumatına görə, M.Zaxarova söyləyib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və münaqişə tərəflərinin iştirakı ilə 3+2 formatında sammitin keçirilməsini təklif etsə də, Ermənistan xarici işlər nazirinin müavini Svarş Koçaryan iclas haqda dəqiq məlumatlı olmadığını ifadə edib.

Siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə açıqlamasında xatırladıb ki, həmsədrlərin Bakı görüşündən sonra Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Bakının Hamburq sammitinə hazır olduğunu bəyan etmişdi.

O, görüşün uzanmasının səbəbini həm də aparıcı dövlətlərin beynəlxalq aləmdəki taktiki addımlarında görür:

“Hamburq görüşünün təşəbbüskarı Parisdir. Hazırda həmsədr dövlətlər Fransa və Amerikada qeyri-müəyyənliklər yaşanır. Fransa növbəti seçkilərə hazırlaşır və prezident Ollandın öz postundan getməsi ehtimalı çox böyükdür. Amerikada isə mövcud administrasiya dəyişir. Həmsədr olmayan Böyük Britaniyada da oxşar vəziyyət yaranıb. Belə vəziyyətdə Rusiya özü olmasa da, Ermənistan vasitəsilə həmsədr dövlətlərin nüfuzuna xələl gətirəcək bu cür addımlardan da istifadə edir. Mən inanmıram ki, Rusiyanın dəstəyi olmadan Ermənistan tərəfi sıradan bir görüşün keçirilməsini uzatsın. Halbuki, yüzlərlə belə görüşlər keçirilib, prezidentlər səviyyəsində də onlarla təmaslar olub. Nəzərə alın ki, Hamburqda xarici işlər nazirləri görüşəcək. Birdən-birə Hamburq görüşünün bu cür uzadılması anlaşılmır. Əgər aprel əməliyyatlarından dərhal sonra belə bir hadisə olsaydı, anlamaq olardı, ancaq həmin döyüşlərdən sonra prezidentlər və nazirlər görüşüb. İndi sıravi görüş ətrafında bu cür hay-küyün qalxması və İrəvanın imtina təəssüratı yaratması təəccüb doğurur. Çünki cəbhədə heç nə baş vermir, hətta vasitəçilər Ermənistanı qane edən bəyanatla çıxış etdilər. Ona görə Hamburqda qeyri-adi sıçrayış olacağı istisna edilir. Əslində, İrəvanın imtina təəssüratı yaratması Paris və Vaşinqtonun nüfuzuna xələl gətirəcək yanaşmadır. Bu mənada yaxın vaxtlarda Moskvanın təşəbbüsü ilə nazirlərin görüşünün keçiriləcəyini istisna etmirəm”.

Ana səhifəAnalitikaRauf Mirqədirov: İrəvanın imtina təəssüratı yaratması təəccüblüdür