Jurnalist Ermənistanın xeyrinə casusluqda ittiham olunmağını hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günah hesab edir.
Aprelin 24-də vəkil Fuad Ağayev MTN-də saxlanılan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovla görüşüb. Bu barədə Meydan TV-yə açıqlama verən Fuad Ağayev bildirib ki, Rauf Mirqədirovun durumu və saxlanma şəraiti normaldır, ona heç bir təzyiq olmayıb. Vəkil hüquq müdafiəçisi Elçin Behbudovun Rauf Mirqədirov adından yaydığı “Ermənistanda yalnız mən yox, Arif Yunus və Leyla Yunus da olubdur” fikrinin yaratdığı suallara aydınlıq gətirib.
Fuad Ağayev deyib ki, əvvəla, jurnalistin vəkili Elçin Behbudov deyil. İkinci, dindirmə zamanı onunla Elçin Behbudov istintaqda iştirak etməyəcək: “Elçin Behbudov Mirqədirov adından danışa bilməz, o, hüquq müdafiəçisi kimi çıxış edə bilər. Jurnalistin hüquqlarını mən müdafiə etdiyimdən onun adından yalnız özüm danışa bilərəm. Ona bu barədə deyilənləri kənara qoyun!”.
Vəkil Rauf Mirqədirovun bəyanatını da Meydan TV-yə təqdim edib. Bəyanatda bildirilir: “25 ilə yaxın jurnalist fəaliyyətim ilə həmişə Azərbaycanın milli maraqlarına xidmət etmişəm. Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan – Ermənistan münaqişəsinə yanaşmalardı iqtidar – müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günah hesab edirəm”.